Sarkisyanın və... “gürcü arzuları” alt-üst olur: Tiflis səfərinin pərdəarxası - TƏHLİL
Bizi izləyin

Nida.az

Sarkisyanın və... “gürcü arzuları” alt-üst olur: Tiflis səfərinin pərdəarxası - TƏHLİL

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanda rəsmi səfərdədir. Son günlər bölgədə siyasi oyunların gücləndiyi, gürcü bazarı uğrunda mübarizənin artdığı bir vaxtda Azərbaycan liderinin Tiflisə getməsi həm də Gürcüstanın gələcək taleyinə öz damğasını vuracaq. Sirr deyil ki, Gürcüstan indiki məqamda Azərbaycan üçün Qərbə çıxış yoludursa, bu ölkənin ayaq üstə qalmasının əsas təminatçısı da rəsmi Bakıdır. Yəni iki ölkənin bir-biri üçün əhəmiyyəti böyükdür. Lakin oyunun qaydalarına həmişə riayət olunmur.


Gürcüstanın Rusiya qazına ehtiyacı varmı?


Sentyabrın 26-da Gürcüstanın energetika naziri Kaxa Kaladzenin Brüsseldə “Qazprom”un rəhbəri Aleksey Millerlə gizli görüşü bölgədə bütün tarazlığı alt-üst etdi. Ortaya çıxan məlumatlara görə, rəsmi Tiflis Gürcüstan ərazisindən Ermənistana ötürülən Rusiya qazından aldığı tranzit payını artırmaq istəyir. Gürcü hökuməti bunu qaz təminatının diversifikasiyası ilə əlaqələndirir. Lakin sadə hesablama belə Gürcüstanın əlavə mənbədən qaz almağına o qədər də ehtiyac olmadığını göstərir. Belə ki, Bakı-Tbilisi-Ərzurum (BTƏ) qaz kəmərinin Gürcüstan ərazisi ilə daşıdığı 7 milyard kubmetr qazın 2 milyardı bu ölkədə qalır. Bununla yanaşı, BTƏ-nin ikinci hissəsinin tikintisi başa çatandan sonra Gürcüstan ərazisindən daha 6 milyard kubmetr qazı keçəcək. 2019-cu ildə istifadəyə veriləcək TANAP layihəsi ilə əlavə 10 milyard kubmetr qazın gürcü torpaqlarından ötürülməsindən sonra bu rəqəm ümumilikdə 23 milyard kubmetr edəcək. Tranzit haqqı olaraq Gürcüstan bunun 5 faizini alacaq. Həmçinin, 55 dollara güzəştli qaz ala biləcək. Bu hesablama ilə Rusiya qazının Gürcüstan bazarına gətirilməsi səbəbinin heç də ehtiyac olmadığı aydın olur.

Gürcüstan müxalifətinin iddialarına görə, iqtidarda olan “Gürcü arzusu” koalisiyasının faktiki lideri Bidzina İvanişvili “Qazprom” səhmlərinin 1 faizinə sahibdir. Məhz buna görə, oliqarx rus şirkətinin bazara girməsində təkid edir. Lakin bu, hələlik iddia olaraq qalmaqdadır.

Ümumilikdə söhbət Gürcüstan bazarında əsas paya sahib olmaqdan gedir. Belə görünür ki, Rusiya öz payını artırmaqla bazarda, eləcə də Gürcüstanda hakimiyyətini yenidən bərpa etmək niyyətindədir və bu işdə gürcü hökumətinin içindən ona dəstək verənlər də var.


Qərb və Rusiyanın “gürcü razılığı” Ukraynadan sonra necə pozuldu?


Bidzina İvanişvilinin lideri olduğu “Gürcü arzusu” hakimiyyətə gələndən sonra əsas iddia Moskvanın Gürcüstanı yenidən təsiri altına alması ilə bağlı idi. Lakin Tiflisin NATO-ya inteqrasiya siyasətini davam etdirməsi əlavə suallar yaratdı. Hər şey olduqca sadə görünürdü: Tiflis Qərbə inteqrasiya yolundan sapmayıb, sadəcə olaraq, Rusiya ilə kəskin münasibətlərdən qaçır. Brüsseldəki gizli görüşdən sonrakı 15 gün ərzində baş verən proseslər “Gürcü arzusu” koalisiyasının Qərb və Rusiya tərəfdarları olaraq iki hissədən ibarət olduğunu göstərdi. Əslində Qərbin ən böyük layihələrindən olan Saakaşvilinin asanlıqla təslim olması və ölkəni tərk etməsi də yeni hökumətin iki gücün razılığı əsasında qurulduğu ehtimallarını hələ üç il öncə gündəmə gətirmişdi. Hesab etmək olardı ki, 2013-cü ildə “ərəb baharı”nın dirəndiyi Suriya “çibanının” ortaya çıxması Qərbin Gürcüstanda Rusiyaya güzəştə getməsinə səbəb olub və hakimiyyətin bölgüsü aparılıb. Baş nazir postu Rusiyanın, prezident postu Qərbin, həmçinin, parlament və digər güc strukturları bərabər şəkildə bölüşdürülür. Müdafiə naziri postunun Saakaşvilinin adamı İrakli Alasaniyaya verilməsi də buna bir nümunə idi. 2014-cü ilə qədər Gürcüstanda Qərb və Rusiya razılıq əsasında hərəkət etdilər. Ötən il başlayan Ukrayna böhranı ilə “Gürcüstan razılığı” da pozuldu və ilk olaraq Alasaniya postundan uzaqlaşdırıldı. Daha sonra Qərb tərəfdarları olan xarici işlər naziri Maya Pancikidze və avrointeqrasiya üzrə dövlət naziri Aleksi Petriaşvili də postlarını təhvil verdi. Əsas iddialara görə, bu islahatlar məhz İvanişvilinin əmri ilə həyata keçirilib.

Bir neçə ay öncə NATO-nun Tiflisdə hərbi baza açmasından sonra isə gürcü hökumətinin daxilində böhran açıq şəkildə ortaya çıxdı. Maraqlıdır ki, baş nazir postunu inandığı İrakli Qaribaşviliyə verib, özü prosesləri kənardan idarə edən İvanişvili də həmin hadisədən sonra üzdə görünməyə və siyasi bəyanatlar verməyə başladı. Baş nazir və prezident arasında ciddi qarşıdurma yaşandı. Müxalifətin əsas silahı, həmçinin, Qərbin Gürcüstanda dəstək verdiyi “Rustavi-2” telekanalının səhmləri məhkəmə qərarı ilə Saakaşvilinin adamı olan və Ukraynada yaşayan Georgi və Levan Karamanişvili qardaşlarından alındı. Daha sonra müxalifətin ofislərinə hücumlar oldu. Bu zaman prezident Georgi Marqvelaşvili baş nazir İrakli Qaribaşvilini sərt tənqid edərək, bunun yolverilməz olduğunu bəyan etdi. İvanişvili isə baş nazirin tərəfini saxladı.

İddialar var ki, Rusiya İvanişvilinin əli ilə Gürcüstanda Qərbin bütün yollarını bağlamaq üçün hərəkətə keçib. “Qazprom”un gürcü bazarına gətirilməsi də bu ssenarinin tərkib hissəsidir.


Rusiya bununla Cənubi Qafqazda güc balansını öz xeyrinə dəyişə bilər. Gürcüstanda rusların hakim olması isə Azərbaycan üçün heç də yaxşı perspektiv vəd etmir. Prezident İlham Əliyevin Tiflis səfərində əsas məqsəd də gələcək perspektivin müsbətə doğru dəyişdirməsidir.

Nələr itirə bilərik:


- Azərbaycanın son 10 ildə Gürcüstana qoyduğu kapital təhlükə altına düşə bilər.


- Gürcüstan Azərbaycanın Qərbə çıxışı olan əsas ölkədir və hazırda inşası sürətlə davam edən TANAP layihəsi də məhz bu ölkədən keçir. Məlumdur ki, Avropanı Rusiya qazından xilas etmək istəyən ABŞ Azərbaycan qazını əsas alternativ kimi görür və bu alternativin reallaşmasında Gürcüstan tranziti əsasdır. Rusiya gürcü bazarına hakim olarsa, Azərbaycanın gələcəkdə iqtisadi və siyasi təminatı olaraq gördüyü nəhəng enerji layihələrinə ciddi maneələr olacaq.


- Bununla yanaşı, rusların gürcülərə üzərində təsir imkanları artdıqca, Ermənistanla Moskvanın quru əlaqəsi daha sərbəst şəkildə qurulacaq. Bu da Bakının apardığı təcrid siyasətinə ziddir və yeni nəfəs alan Ermənistanın işğalçı siyasətinin möhkəmlənməsinə xidmət edə bilər.


Azərbaycan liderinin Tiflis səfərində elementlər bunlardır. Prezident İlham Əliyevin Tiflisdə gürcü həmkarı Georgi Marqvelaşvili ilə Birgə Bəyannamə imzalaması da bundan sonrakı perspektivə hesablanmış addımdır. Rəsmi Bakı bununla ikitərəfli münasibətlər çərçivəsini bundan sonrası üçün konkretləşdirdi.

Azərbaycanın böyük qaz ehtiyatları var. Biz nəinki özümüzü, qonşularımızı və Avropanı da hətta 100 ildən sonra da qazla təchiz edə bilərik. Azərbaycanda tranzit yüklərlə bağlı komissiya yaradılıb. Biz mal dövriyyəsini artırmaq üçün Gürcüstanla vahid siyasət yürütmək istəyirik”.

Prezident İlham Əliyev Tiflisdə verdiyi bu bəyanatla Azərbaycan qazı ilə bağlı bütün iddialara cavab verdi.


Ermənistanın “gürcü arzuları”


Azərbaycan liderinin Tiflis səfərində gözdən qaçan, lakin ən mühüm element sayılacaq məqam da var. Söhbət Ermənistanın təcriddən çıxmaq üçün göstərdiyi səyləri sıradan çıxarmaqdan gedir.


Oktyabrın 30-da Ermənistan prezidenti Serj Sarkisyan gözlənilmədən Gürcüstana səfər etdi. Maraqlıdır ki, bir sıra rəsmilərlə görüşən erməni prezident Bidzine İvanişvili ilə də təmas qurdu.

Sarkisyanın səfərinin detalları haqda məlumat verilməsə də, bu səfərin Ermənistanın təcrid siyasətindən çıxmasına hesablandığı məlumdur. Belə k, İranın nüvə proqramı üzrə razılaşma əldə olunandan sonra bu sanksiyalar aradan qalxacaq. Rəsmi İrəvan ümid edir ki, İran neft-qaz məhsullarının Qərbə çıxışında tranzit rolunu oynaya bilər. Marşruta görə, İranın neft-qaz məhsulları Ermənistan vasitəsi ilə Gürcüstanın Batumi və Poti limanlarına gətirilir, buradan dənizə açılaraq Avropa bazarlarına çıxarılır. Bu, Tehran üçün əvəzolunmaz marşrut deyil. Çünki onun ən azından Fars körfəzi vasitəsilə çıxışı var. Lakin rəsmi Tehran dairələrində marşrut olaraq Ermənistanı seçmək təklifini müdafiə edənlərin olduğu deyilir. Bu, Ermənistanın uzun illərdir davam edən blokada vəziyyətindən çıxmasına səbəb ola bilər. Lakin Rusiyanın buna razı olmadığı haqda da məlumatlar dolaşır. Ehtimallara görə, Sarkisyanın hökumətdə de-yure təmsilçiliyi olmayan İvanişvili ilə görüşməsinə səbəb də Rusiyanı yola gətirmək üçündür.


Bölgədə yaranmış qarışıq situasiyada Prezident İlham Əliyevin Tiflis səfərində məhz bu amil da ön plandadır. Uzunmüddətli strategiya ilə çıxış edən İlham Əliyevin bölgənin qarışmış situasiyasını Azərbaycanın xeyrinə dəyişəcəyi isə şübhəsizdir.


Asif Nərimanlı



Oxumağa davam et
Reklam
Reklam

Gündəm