Dini radikalizmdən doğan təhdidlər Azərbaycan dövlətçiliyinin əsaslarını sarsıda bilməz
Bizi izləyin

Nida.az

Dini radikalizmdən doğan təhdidlər Azərbaycan dövlətçiliyinin əsaslarını sarsıda bilməz

Dini radikalizmin dövlət təhlükəsizliyinə təhdidi ən aktual və gündəmdə olan problemlərdən biridir. Hətta ABŞ kimi supergüc məlum 11 sentyabr hadisəsindən sonra dini radikalizmi dövlətçiliyə təhdid kimi qəbul etdi və bununla mübarizəni daha da genişləndirdi.

Bu gün dini radikalizm, demək olar, dini inancından asılı olmayaraq, bütün dünyada təhdid doğurur və hazırda bütün dövlətlər tərəfindən tanınan terrorçu təşkilatların əsas mahiyyətini təşkil edir. İslam dinindən istifadə edərək müsəlmanlıq pərdəsi altında gizlənən radikal təşkilatların üzvləri ərəb dövlətləri, Əfqanıstan, Pakistan və bir sıra ölkələrdə son vaxtlar daha da fəallaşıblar. Hazırda Yaxın Şərqdə təxribat və terrorla məşğul olan, bütün dünya üçün təhdid doğuran İŞİD adlı qruplaşma "Əl-Qaidə" terror təşkilatının dəstəyi ilə 11 terror təşkilatının birləşməsi nəticəsində yaxın keçmişdə yaranıb.

Dünyanı təhdid edən belə təhlükə eyni zamanda Azərbaycana da sirayət edib. Və son zamanlar hüquq-mühafizə orqanları tərəfindən aparılan qabaqlayıcı tədbirlərə baxmayaraq, din pərdəsi altında fəaliyyət göstərən radikal qruplaşmaların üzvləri öz çirkin əməllərini davam etdirirlər.

Onların əsas məqsədi öz havadarları vasitəsilə dini, etnik və məzhəb ayrı-seçkiliyi salmaqla dövlətçiliyə zərbə vurmaqdır.

Buna nümunə kimi ötən gün Bakının Sabunçu rayonunda baş vermiş hadisəni göstərmək olar. Azərbaycanın qarşılaşdığı indiki təhlükəyə gəlincə, qeyd etmək lazımdır ki, 1993-1994-cü illərdən başlayaraq İran və ərəb dövlətlərinin xüsusi xidmət orqanlarının nəzarəti altında mədrəsələrdə təhsil almış şəxslər respublikada qaçqın və məcburi köçkünlərin kompakt yaşadığı yerlərdə yardımlar paylamaqla, dövlət nəzarətindən kənar məscidlər tikməklə dünənki hadisənin təməlini qoydular.

Bunun səbəbləri isə dini maarifləndirmənin zəif olması, gənclərin asudə vaxtlarının səmərəli təşkil olunmaması, dini məsələlərə cavabdeh qurumlar arasında əlaqələndirmənin zəif olması və antiazərbaycan təbliğatı ilə məşğul olan bir sıra xarici dövlətlərin Azərbaycanda apardığı təbliğat işinə laqeydliyin nəticəsidir.

Bununla belə, ötən gün baş vermiş insident kimi dini radikalizmdən doğan təhdidlər ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş Azərbaycan dövlətçiliyinin əsaslarını sarsıda bilməz.

Arzu Nağıyev – Trend-in baş direktorunun müavini, siyasi ekspert

Oxumağa davam et
Reklam
Reklam

Gündəm