XİN-dən Minsk qrupunun həmsədrlərinə sərt cavab
Bizi izləyin

Nida.az

XİN-dən Minsk qrupunun həmsədrlərinə sərt cavab

ATƏT-in Minsk qrupunun həmsədrlərinin 20 ildən artıq dövrü əhatə edən uğursuz fəaliyyətdən düzgün nəticə çıxarmalarının zamanı çoxdan yetişib.

Publika.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Minsk qrupu həmsədrlərinin 12 noyabr 2015-ci il tarixli açıqlamasına münasibət bildirərkən deyib.

O, qeyd edib: "Açıqlamada həmsədrlər münaqişənin həllinə maraq göstərən digər beynəlxalq təşkilatlarla əməkdaşlığa hazır olduqlarını iddia edir və münaqişə tərəfi olan Azərbaycan və Ermənistanın mövqeyi üzrə hakim və ya vəkil olmadıqlarını deyirlər. Danışıqlar prosesində inhisarçı və özünü təcrid mövqeyindən çıxış edən Minsk qrupunun həmsədrlərinin Avropa Şurasının Parlament Assambleyasının müvafiq hesabatına və qətnaməsinə və digər beynəlxalq təşkilatların münaqişənin həlli ilə əlaqədar fundamental sənədlərinə münasibəti əslində onların digər beynəlxalq qurumlarla əməkdaşlığa nə dərəcədə “hazırlığı”nı bir daha göstərdi".

H.Hacıyev bildirib ki, həmsədrlərdən hakim və ya vəkil olmaq deyil, sadəcə danışıqlar prosesində münaqişənin həlli ilə əlaqədar beynəlxalq ictimaiyyətin iradəsini əks etdirən BMT Təhlükəsizlik Şurası və BMT Baş Assambleyasının müvafiq qətnamələri, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyasının sənədləri, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin aidiyyəti qərarlarının icrasını təmin etmələri tələb olunur: "Bu sənədlər, xüsusilə BMT TŞ-nin 822, 853, 874 və 884 saylı qətnamələri münaqişənin həllinin hüquqi-siyasi əsaslarını təşkil edir".

XİN rəsmisi xatırladıb ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin mandatına dair 23 mart 1995-ci il tarixli sənədə görə həmsədrlər öz fəaliyyətlərində BMT TŞ-nin müvafiq qətnamələrini, ATƏT Budapeşt sammitinin qərarlarını əsas götürməli, BMT-nin baş katibi və Təhlükəsizlik Şurasının prezidentinə qətnamələrin icrası haqqında hesabat verməlidirlər.

H.Hacıyev deyib ki, işğal və təcavüz faktı mövcud olduğu halda, həmsədrlər tərəfindən münaqişənin həlli ilə əlaqədar tərəflərin qərar qəbul etməli olması haqqında bəyanatla çıxış etmək məsuliyyətdən qaçmaq və beynəlxalq ictimaiyyətin verdiyi mandat və etimada xilaf çıxmaqdan başqa bir şey deyil: "ATƏT-in Minsk qrupunun bu cür mövqeyi yalnız Ermənistanın maraqlarına xidmət edərək, Ermənistanın Azərbaycana qarşı işğalının davam etməsini və həmsədr ölkələrin dövlət başçılarının müvafiq bəyanatlarında qəbuledilməz və qeyri-davamlı hesab etdikləri mövcud status kvonun saxlanmasını təmin edir".

Mətbuat xidmətinin rəhbəri vurğulayıb ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin 20 ildən artıq dövrü əhatə edən uğursuz fəaliyyətdən, beynəlxalq səviyyədə və Azərbaycan ictimaiyyətinin gözündə etimadlarını itirmələrindən düzgün nəticə çıxarmalarının zamanı çoxdan yetişib: "Azərbaycan Respublikası münaqişənin həllinə həqiqətən töhfə vermək niyyətində olan beynəlxalq təsisatlarla təmaslarını davam etdirəcək və BMT Nizamnaməsinə uyğun olaraq, beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini təmin etmək üçün bütün imkanlardan istifadə edəcək".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm