Bakı və Tehranda eyni günün hadisəsi: təsadüf, yoxsa xüsusi plan?
Bizi izləyin

Nida.az

Bakı və Tehranda eyni günün hadisəsi: təsadüf, yoxsa xüsusi plan?

Güney Azərbaycanda baş verən etiraz aksiyaları diqqəti noyabrın 6-da Bakıda və Tehranda baş verən iki hadisəyə yönəltdi.

5 noyabr tarixində “Facebook” sosial şəbəkəsində “Müsəlman Birliyi Hərəkatı”nın sədri Tale Bağırzadənin adına yaradılmış “Gənc lider Tale Bağırzadə” səhifəsində saat 21:22-də bu sözlər paylaşıldı: “Müsəlman Birliyi Hərəkatı”nın sədr müavini Elçin Qasımov Maştağa məscidindən çıxarkən 14-cü polis bölməsinə aparılıb. Hər kəs polis idarəsinin qarşısına yığılsın, artıq möminlər həmin bölməyə tərəf gedirlər”.

Birliyin tərəfdarlarının polis bölməsinə hücum etməsi ilə başlanan qarşıdurma noyabrın 6-da səhər saatlarına qədər davam etdi. Təxribatın qarşısı alındı. Lakin bu baş verənlərin alt qatındakı məqamları üzə çıxardı. “Müsəlman Birliyi Hərəkatı”nda təmsil olunanların polis tərəfindən saxlanılması aşura günündə Gəncədə yaratdıqları qarşıdurma, ardınca sosial şəbəkələrdə dövlətə qarşı təhdid mesajlarının verilməsi idi. Təhlükəli məqamları araşdırıb öyrənmək və qarşısını almaq vəzifəsini yerinə yetirən hüquq-mühafizə orqanlarının birliyin rəhbərliyini saxlamasında təəccüblü heç nə yoxdur. Maraqlı məqam, birliyin tərəfdarları tərəfindən dövlətə qarşı təhdidlərin davam etməsi idi.

Noyabrın 6-da axşam saatlarında İran televiziyasının 2-ci kanalında yayımlanan “Fitilə” proqramının “Hotel Fitilə” adlanan hissəsində Azərbaycan türkləri (azərbaycanlılar) təhqir olundu. Bu təhqirə qarşı soydaşlarımız noyabrın 9-da aksiyalara başladı. İranın Tele-radio şirkətinin sədri Məhəmməd Sərəfraz baş vermiş “səhvə” görə üz istədi. Bildirdi ki, bir sıra proqramları hazırlayanlara töhmət verilib və bir sıra əməkdaşlar işdən çıxarılıb. Lakin o söhbətin hansı proqramdan getməsini açıqlamadı.

Hadisələrin məkan və zamanı fərqli olsa da, bir-biri arasında paralellər aparmaq mümkündür. Xüsusilə Bakıda qarşıdurma yaratmağa cəhd edən “Müsəlman Hərəkatı Birliyinin” sədri Tale Bağırzadənin İrana yaxınlığı fonunda. Bu baxımdan hesab etmək olar ki, İran tərəfi Azərbaycanda öz dəstəkçilərinə qarşı addımları həzm edə bilməyib və soydaşlarımızı təhqir etməklə bir növ “qisas” alıb. Digər tərəfdən, bu hadisələrin öncədən planlı şəkildə həyata keçirildiyi versiyası daha inandrıcıdır. İstər T. Bağırzadənin indiyə qədərki fəaliyyəti, istər “Müsəlman Hərəkatı Birliyi” yaranma tarixi, istərsə geosiyasi situasiyada dəyişən vəziyyətdə İran siyasətindəki dirçəlmələr bunu deməyə əsas verir. Lakin İran telekanalında soydaşlarımızın təhqir olunması ilə İrana bağlı şəxslərin Bakıda qarşıdurma yaratmaq cəhdlərinin paralelləşdirilməsinə münasibət birmənalı deyil.

Tehran ölkəmizdəki iranmeylliləri müdafiə edir

Politoloq Sədrəddin Soltan Publika.az-a açıqlamasında bildirib ki, məsələ yalnız Azərbaycandakı iranmeylli hansısa təşkilatın fəaliyyətində deyil: “Tehran hakimiyyəti Güney Azərbaycan türklərinin milli haqlarının təmin edilməsi hərəkatını dünyanın hər yerində əngəlləməyə çalışır.

Təəssüf ki, buna bir sıra hallarda nail də olur. İrandakı hakimiyyətin Azərbaycan Respublikasındakı fəaliyyətlərindən biri də bu yöndədir. Tehran ölkəmizdəki iranmeylliləri müdafiə edir. Ancaq Güney Azərbaycan türklərinin haqlarının pozulması hallarına Quzey Azərbaycanda etiraz ediləndə bunu hüquqi müstəviyə daşımağa çalışır. Bununla da qonşuluq və beynəlxalq hüququ pozaraq, cığallıq etməyə başlayır. Bu baxımdan iranmeylli qüvvələr daha çox Güney Azərbaycandakı Milli Hərəkata Şimaldan mənəvi dəstək verilməsinə qarşıdır. İranda gələn istənilən din xadiminin əlini öpənlər də heç vaxt Azərbaycanın dünyəvi dövlətini sevə bilməz. Çünki onların təqlidi öz dövlətinə deyil, xaricədir. Onların bütün fəaliyyəti əllərini öpdüyü bu və ya başqa din xadiminin fitvasına əsaslanır. Bu insanlar təqlidçidirlər. Tehran belələrindən istifadə edərək, Azərbaycanda da İrandakı hakimiyyətə oxşar rejim qurmaq iddiasındadırlar. Bunu bacarmasalar belə Azərbaycan cəmiyyətində nifaq sala bilirlər. Ona görə də yanlış olaraq “inanclı” adlandırılan bu qüvvələrin bir adı var – iranmeyllilər”.

İranmeyllilərin fəallaşması Tehranın Azərbaycanla münasibətlərində cığallığının göstəricisidir

S. Soltan qeyd edib ki, Azərbaycanda yalnız əl öpənlərə inanclı adamlar deyilməsi də kökündən səhvdir. Politoloqun fikrincə, İran televiziyasında yayımlanan sonucu verilişin adıçəkilən iranmeyllilərlə əlaqəsi yoxdur: “İran hakimiyyətinin informasiya vasitələrinin türkləri təhqir etməsi birinci dəfə deyil. Onların təbliğat maşını davamlı olaraq, bu sayaq ideoloji materiallar yayır. İranmeyllilərin fəallaşması isə fikrimcə, İranın Azərbaycanla münasibətlərində cığallığının göstəricisidir. Bura bölgədə və Orta Şərqdə gedən proseslərdə Azərbaycanın mövqeyi də aiddir. Tehran bu kimi qüvvələrdən ölkəmizə qarşı təzyiq vasitəsi olaraq istifadə edir”.

Azərbaycanlıların ayağa qalxması İran üçün acı nəticələr verə bilər

Keçmiş təhlükəsizlik zabiti, “Trend” informasiya agentliyinin direktor müavini Arzu NağıyevPublika.az-a açıqlamasında bu iki hadisə arasında paralellik aparmağın tərəfdarı olmadığını bildirib: “Çünki səbəb və məqsədlər fərqlidir. Artıq tək İrandakı azərbaycanlılar deyil, digər xalqların nümayəndələri də etirazlara qoşulurlar. Məlumdur ki, bu gün İranın azərbaycanlılar yaşayan bütün bölgələrində kütləvi etirazların keçirilməsi mütəmadi olaraq baş verir və bu da hakimiyyətin azərbaycanlılara qarşı göstərdiyi neqativ münasibətlərdən qaynaqlanır. 2006-cı ildə də Azərbaycan dili ilə bağlı karikatura belə bir narazılıq yaratdı. Bugünkü narazılıqlara isə teleməkanda azərbaycanlılarla bağlı təhqirli ifadələr rəvac verdi.

Baxmayaraq ki, İran hakimiyyəti bunun səbəbini məişət problemi kimi izah edir, lakin burada milli müstəqillikdən söhbət gedir. Yəni əsas səbəb və son məqsəd budur. Bundan başqa repressiyalardan çəkinən hakimiyyət özlərinin demokratik dəyərlərə müsbət qiymət verdiklərini Qərbə göstərməyə çalışır. Çünki sanksiyaların götürüləcəyi bir vaxtda belə bir addım atmaq acı nəticələrə gətirib çıxara bilər. Bununla yanaşı, İran əhalisinin demək olar ki, dörddə birini təşkil edən azərbaycanlıların ayağa qalxması acı nəticələr verə bilər”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm