Məstəli şahın cadusu və ya Paris terrorunun arxasındakı detallar - TƏHLİL
Bizi izləyin

Nida.az

Məstəli şahın cadusu və ya Paris terrorunun arxasındakı detallar - TƏHLİL

Paris partladı, Dərviş Məstəli şahın dedikləri gerçək oldu. Fransa xalqı bu dəfə kef edə bilmədi. Paytaxtın 7 nöqtəsində terrorçular 160 nəfərin qətlinə bais olan terror aktı törətdi və fransız xalqı qəmə batdı.


“Bu faciədir. Məyusuq və müəyyən qədər qorxmuşuq. Terrorçular bizi qorxutmaq istədi və buna nail oldular. Lakin biz millət olaraq özümüzü qorumağı bacarırıq”, - deyə prezident Fransua Olland bildirdi.


Terror aktlarından biri Fransa-Almaniya yoldaşlıq oyununun keçirildiyi “Stad de Frans” stadionunun yaxınlığında baş verib və maraqlıdır ki, həmin vaxt Olland oyunu izləyənlər arasında olub. Bu istər-istəməz Nyu-Yorkda əkiz qüllələr partladılanda həmin vaxt prezident olan Corc Buşun orta məktəbdə kiçik yaşlı şagirdlər üçün kitab oxumasını yada salır. Halbuki, oxumağını sona çatdırandan sonra məktəbi tərk edən Buş Əfqanıstan, sonra da İraq müharibəsini başlatdı. Təbii ki, Ollandın bundan sonra necə davranacağı, yaxud fransız ordusunu hansı ölkəyə daxil edəcəyini demək çətindir. Onsuz da ordu bu gün Suriyada İŞİD-ə qarşı müharibə aparır. Terrorun da məhz İŞİD qruplaşması tərəfindən törədildiyi deyilir. Qruplaşma “Bu Suriya üçün qisasdır. Bu Fransanın 11 sentyabrıdır” deyə bəyan edib.


Bu bəyanat hadisənin mahiyyətini araşdırmağı, yaxud bununla bağlı ehtimallar irəli sürməyi məhdudlaşdırır. Terror və bunu törədənin kimliyi bəllidir: İŞİD.

Qruplaşma Fransanı qana boyaması üçün tutarlı səbəbləri olduğunu da bildirib.


- Suriyada və İraqda İŞİD-ə qarşı hava əməliyyatlarının əsas iştirakçılarından biri bu ölkədir.

- Fransa önümüzdəki gündə İŞİD-ə qarşı əməliyyatları genişləndirmək niyyətindədir. Belə ki, təyyarə daşıyan “Şarl de Qoll” gəmisi 5 gün sonra İraqda və Suriyada İŞİD-lə mübarizə üçün Fars körfəzinə yola düşməlidir.


Bu iki səbəb İŞİD-in Fransadan qisas aldığına dair ehtimalı gücləndirir.


Lakin terror hadisələrində bəzi detallar açıq suallar yaradır.


Birincisi, Paris terrorunun iki gün əvvəl Rakkada İŞİD-in britaniyalı cəlladı, “Cihadi Con” adlı Məhəmməd Emvazinin öldürülməsinə cavab olduğu iddia edilir. Halbuki, “Cihadi Con” ABŞ təyyarələrinin hücumu zamanı öldürülüb. Nədən hədəf Fransa oldu?


İkincisi, terrorçular Amerika rok qrupunun konsert keçirdiyi “Bataklan” teatrında girov götürdükləri 100 insanı heç bir tələb irəli sürmədən öldürüb. Hesab etsək ki, İŞİD Fransanın İraq və Suriyada keçirdiyi əməliyyatlarına qarşıdır, o zaman, onsuz da ölümü gözə almış terrorçular 100 insanın həyatı bahasına ən azından fransız ordusunun əməliyyatları dayandırmasını tələb edə bilərdilər. Bunun baş verməməsi şübhələr yaradır. Həmin hadisədə diqqət çəkən digər məqam terrorçuların “Bu Suriya üçündür” deyə qışqırmasıdır. Yəni terroru törədənlər açıq mesaj veriblər və bu Fransa hökumətinin hadisələri araşdırmaq üçün əlavə “zəhmət” çəkməsinə ehtiyac yaratmır. Bu ilin yanvar ayında “Charilie Hebdo” satirik jurnalına qarşı hücumda da terrorçular açıq şəkildə “Allahu Əkbər” deyə bağırmışdı. Psixoloji anatomiyaya görə, adətən qətl törədən insan özünü ifşa etməmək üçün bütün vasitələrdən istifadə edir. Psixologiyaya görə, əgər qatil törətdiyi qətli aşkar şəkildə nümayiş etdirərsə, bu, hadisənin əvvəldən planlaşdırılmış olduğu deməkdir. “Charilie Hebdo” terroru haqda əsas iddialar da bunun Fransa hökuməti tərəfindən törədildiyinə dair idi. Məqsədlər sırasında Avropada islamafobiyanın güclənməsi, Olland hökumətinin düşmüş reytinqinin qaldırılması və s. var idi.


160 nəfərin ölümünə səbəb olan Paris terroru ilə bağlı da bu kimi ehtimallar mövcuddur.


Miqrant və reytinq:


a) Parisin 7 nöqtəsi noyabrın 16-da Antalyada start götürəcək G-20 sammitindən iki gün öncə partladıldı. Sammitin gündəmindəki əsas mövzulardan birinin Yaxın Şərqdən Avropaya axışan miqrantlarla bağlı olacağı əvvəlcədən bəlli idi. Fransanın miqrant məsələsində tutduğu mövqe bu baxımdan diqqət çəkir. Belə ki, Olland hökuməti miqrantları kvota ilə qəbul etməyin tərəfdarıdır və bu məsələdə Almaniyanın mövqeyini paylaşır. Yelisey sarayı istəyir ki, qəbul edəcək miqrantları özü seçsin, yerdə qalanları isə Türkiyə qəbul etsin. Bunun əvəzinə Ankaraya maddi yardım edilsin.
Onun mövqeyi birmənalı qarşılanmırdı. Lakin bu terror aktından sonra Fransanın “Haqlıyam!” iddiasını açıq şəkildə nümayiş etdirəcəyi və nəticələrin hökumətin xeyrinə olacağı ehtimal edilir. Digər tərəfdən, bu terror aktından sonra Fransa ictimaiyyətinin tərəddüd edən kəsiminin belə Yaxın Şərqdən gəlmək istəyən miqrantları qəbul edilməməsində hökumətin mövqeyini qəti şəkildə dəstəkləyəcəyi şübhəsizdir.


b) “Charilie Hebdo” terrorundan öncə radikal sağçı “Milli Cəbhə” Partiyası Ollandın təmsil olunduğu Sosialistlər Partiyasını reytinq sorğularında xeyli qabaqlayırdı. Sorğulara görə, Marine Le Penin rəhbərlik etdiyi partiyanı əhalinin 40 faizindən çoxu, Ollandı isə cəmi 13 faiz əhali dəstəkləyirdi. Məhz həmin terrordan sonra Ollandın reytinqi yüksəldi. Çünki insanlar üçün əsas olan sabitlikdir və iqtisadi inkişaf, sosial rifah adətən bundan sonra gəlir. İnsanlar sabitlik olmadan bütün bunların olmayacağını hesab edirlər. Düşünmək olar ki, 160 nəfərin ölümünə səbəb olan terror aktlarından sonra Fransa xalqı hazırki hökumətin ətrafında daha sıx birləşəcək və bu dəstək 2017-ci ildə keçiriləcək prezident seçkilərinə qədər davam edəcək.


Paris terrorundan beynəlxalq güclərin əldə edəcəyi qazanc da maraqlıdır.

1. Fransa bu terrordan sonra Suriya və İraqda əməliyyatları daha da genişləndirəcək.

2. Bu, Fransa xalqı ilə yanaşı, bütün Avropa əhalisinə görk olacaq və Qərb ictimaiyyəti Suriya əməliyyatlarında hökumətlərinə heç bir problem çıxarmayacaq.


3. Yaxın Şərqdən gələn miqrantların Avropaya yolu bununla qapanacaq və heç bir ölkənin əhalisi miqrantları qəbul etməyən hökumətlərə təzyiq göstərməyəcək. Əksinə miqrantlara, dolayısı ilə müsəlmanlara qarşı ictimai nifrət daha da böyüyəcək.


Terrorla bağlı ortaya atılan yeni iddia isə Suriya böhranının bundan sonra daha da şiddətlənəcəyini göstərir. Bəzi iddialara görə, Paris terrorunu Bəşər Əsədin “Əl Muhaberat” kəşfiyyatı törədib. Bu iddia Əsədin getməsini ən çox istəyən Fransa, Türkiyə, Qətər və Səudiyyə Ərəbistanı cəbhəsinin mövqeyini möhkəmləndirəcək. Həmçinin, Suriyada Rusiya və İranın mövqeyinə qarşı sərt həmlələrin olacağına zəmin yaradır.


Bütün versiyalar Paris terrorunun arxasında böyük siyasi oyunların olduğunu deməyə əsas verir, bir çox terror aktında olduğu kimi.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm