Avropa “rəngli inqilablar” astanasında: qaz uğrunda müharibə
Bizi izləyin

Nida.az

Avropa “rəngli inqilablar” astanasında: qaz uğrunda müharibə

Avropanın enerji bazarı uğrunda aparılan mübarizədə yeni proseslər diqqət çəkir.


Publika.az xəbər verir ki, Rusiyanın 2019-cu ildə Avropa bazarına qazın çatdırılmasına Ukrayna tranzitindən imtina etmək planları Slovakiya, həmçinin Macarıstan və Rumıniyanı qazsız qoya bilər. Buna görə də real olaraq onların “Türk axını” layihəsinə qoşulmaq ehtimalı artır. Lakin qaz təchizatında Rusiya amilini ikinci plana keçirmək istəyən Brüssel buna qarşıdır.


Yayılan məlumatlara görə, “ümumi maraq layihələri” (PCI) statusu alan üç layihə Ukrayna vasitəsilə tranzitdən imtina edilməsinin yaradacağı problemlərin həllinə imkan verə bilər. Belə ki, Slovakiya və Bolqarıstanı birləşdirən “Eastring”, Yunanıstanla Avstriyanı birləşdirən “Tesla” qaz kəmərləri, həmçinin gələcəkdə bu qaz kəmərlərinin genişləndirilməsi ilə Bolqarıstan-Rumıniya-Macarıstan-Avstriya xətti PCİ statusu alıb.

Cənub və Mərkəzi Avropa ölkələri, xüsusilə Slovakiya və Bolqarıstan Ukrayna vasitəsilə çatdırmaların dayandırılmasından sonra tranzit ödənişlərini itirə bilərlər. Ona görə də bu ölkələr PCİ statusu almış layihələri irəli sürməyə başlayıblar. Hansı ki, bu onların gəlirlərini saxlamağa imkan verə bilər. Onlar Brüssellə danışıqlarda iddia edirlər ki, bu boru kəmərləri Rusiya qazı üçün deyil, Azərbaycan və Qara dənizdən gələcək qazın Avropa bazarına çıxarılması üçün nəzərdə tutulur. Lakin rusiyalı ekspertlər hesab edirlər ki, bu boru kəmərlərinin davamlı olması üçün əsas amil “Qazprom” qazıdır. Bu baxımdan, Balkan ölkələrinin Brüsselə hansısa oyunlar oynadığı ehtimalı böyükdür.


Enerji mütəxəssisi Mariya Belova deyir ki, “Eastring” və “Tesla” kimi kəmərlərin PCİ statusu alması üçün lazım olan çoxpilləli prosedura sürətlə keçməsi təəccüblüdür: “Halbuki Avropa Komissiyası buna ən az dörd ay müddətində baxmalı idi. Hesab etmək olar ki, avropalılar Rusiyanın Ukrayna tranzitindən imtina edəcəyi haqda bəyanatlarına ciddi yanaşmağa başlayıblar”.


Ekspert qeyd edib ki, PCİ üçüncü enerji paketinin sadələşdirilməsinə imkan vermir: “Avropa Komissiyasının tətbiq etdiyi üçüncü enerji paketinə uyğun olmayan təbii qaz Avropa bazarına çıxmır. Bu baxımdan, “Qazprom” həmin boru kəmərlərindən istifadə etmək istəsə, ya bunun yarısından yararlana, ya da Avropa Birliyi sərhədindən qazı avropalılara sata bilər”.


Qeyd edək ki, “Qazprom” rəhbəri Aleksey Miller də qazı Türkiyə vasitəsilə Yunanıstan sərhədinə qədər çatdırmaq niyyətində olduqlarını açıqlayıb.


Digər maraqlı məqam Avropa Komissiyasının dünən yayılan hesabatında sözügedən qaz kəmərlərinin prioritet olaraq qeyd edilməməsidir. Hesabatda Azərbaycan qazının prioritet olduğu, Türkmənistan və Azərbaycanla Transxəzər layihəsi üzərində üçtərəfli memorandumun imzalanması və Ukrayna ilə strateji əməkdaşlıq planları var.

Görünür, Brüssel siyasi gedişlər edir və “Tesla”, “Eastring” kimi layihələrə PCI statusu verməklə aternativlər yaradır. Lakin Slovakiya və Bolqarıstanın gələcəkdə Rusiya qazı üçün yol aça biləcəyi ehtimalı da var. Halbuki Qərb Rusiya qazından imtina üçün indiyə qədər kifayət qədər sərmayə sərf edib və Azərbaycan qazının prioritet elan edib. Təxminən bir neçə ay öncə Yunanıstan, Makedoniya və Serbiya “Türk axını” layihəsində marşrut olmaq istəklərinin onlar üçün çətin vəziyyət yaratdığı ilə qarşı-qarşıya qaldı. Yunanıstan defolt həddinə çatdı, Makedoniya “rəngli inqilab” qorxusunu yaşadı, Serbiya isə bunları görüb geri çəkildi. İndi eyni yolu Slovakiya və Bolqarıstan gedir.

Xatırladaq ki, Bolqarıstan “Türk axını”nın sələfi olan “Cənub axını” layihəsində əsas marşrut idi. Iakin Brüsselin istəyinə uyğun geri çəkildi. İndi onların Brüsseli aldatması ehtimalları da böyükdür. Məhz buna görə, bir çox ekspert Qərbin qaz planlarına mane olan Şərqi Avropa, yaxud Balkan ölkələri hökumətlərinin pis aqibət yaşaya biləcəyini qeyd edirlər.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm