Ermənistan narahatdır: Nalbandyan Sərsəng qətnaməsinə görə kimlərə zəng vurub?
Bizi izləyin

Nida.az

Ermənistan narahatdır: Nalbandyan Sərsəng qətnaməsinə görə kimlərə zəng vurub?

Noyabrın 23-də AŞPA-nın Sosial Məsələlər, Sağlamlıq və Dayanıqlı İnkişaf Komitəsinin Parisdə keçiriləcək iclasında Azərbaycan üzrə hesabat layihəsi dinləniləcək.


Publika.az xəbər verir ki, hesabatı Bosniya və Herseqovinadan olan məruzəçi Militsa Markoviç hazırlayıb. O, “Azərbaycanın cəbhə rayonlarının əhalisinin qəsdən sudan məhrum edilməsi” mövzusunda məruzə edəcək.


“Hesabat” Araşdırmalar Mərkəzindən Publika.az-a daxil olan məlumatda Ermənistan hökumətinin bu məruzəni əngəlləmək üçün atdığı addımlar haqda maraqlı nüanslar qeyd olunur. Məlumata görə, Ermənistan və erməni lobbisi məruzənin qəbulunu əngəlləmək üçün son günlər xeyli fəallaşıblar.


“Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan şəxsən avropalı həmkarlarına zəng edərək onlardan deputatlarına təsir etmələrini istəyir. Söhbət Sosial Məsələlər, Sağlamlıq və Dayanıqlı İnkişaf Komitəsindəki deputatlara təsirdən gedir. Bu o deməkdir ki, məruzəyə ciddi maneələr var. Bu maneə AŞPA rəhbərliyi tərəfindən də hiss olunur. Təsadüfi deyil ki, Azərbaycandan olan millət vəkili Elxan Süleymanov Sərsəng su anbarı ilə bağlı bir neçə dəfə qətnamə layihəsini irəli sürdükdə AŞPA prezidenti bu sənədlərə 3 dəfə veto qoyub. Azərbaycan tərəfi Sərsənglə bağlı 26 iyun 2013-cü ildə 18 müxtəlif ölkəyə mənsub 45 AŞPA üzvü tərəfindən imzalanmış üçüncü qətnamə layihəsini irəli sürdükdə AŞPA prezidenti və Sədarət Komitəsi bunu da rədd etdi. Buna baxmayaraq, Elxan Süleymanov 1 apreldə Sərsəng su anbarı ilə bağlı yenidən qətnamə layihəsini irəli sürdü və əhəmiyyətli səylərdən sonra bu dəfə buzlar əridi. Belə ki, Büro qətnamə layihəsi üzrə məruzə hazırlanması və bu məsələnin Sosial Məsələlər Komitəsinə həvalə edilməsi barədə qərar qəbul etdi. Beləliklə, uzun müddətdən sonra Azərbaycanın işğal altında qalmış strateji obyektini beynəlxalq səviyyədə müzakirəyə çıxarılması və bu məsələyə dair məruzə hazırlanması barədə razılıq əldə edildi. Məruzə artıq hazırdır. Məruzədə Sərsəng su anbarının işğal altında qalmasının bölgə üçün ciddi fəsadlar yaratdığı vurğulanıb. Ona görə də indi əsas hədəf gələn həftə Sərsəng su anbarı ilə bağlı məruzənin qəbuluna nail olmaqdır. Bu işdə Azərbaycan XİN-nin üzərinə də ciddi vəzifələr düşür. Əgər Ermənistanın xarici işlər naziri şəxsən Avropa paytaxtlarına telefon açırsa, erməni lobbisi avropalı deputatlara təzyiq edirsə, Azərbaycanın Avropadakı çoxsaylı diplomatlarının da eyni əzmlə çalışması və məruzənin qəbulu üçün ermənilərə mane olması vacibdir. Bu ancaq Azərbaycanın bir deputatının və onun komandasının deyil, bütöv dövlət aparatının işi olmalıdır ki, Ermənistan növbəti diplomatik zərbəsini alsın”, - deyə məlumatda qeyd olunur.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm