Elmar Məmmədyarov ABŞ-dan tələb etdi
Bizi izləyin

Nida.az

Elmar Məmmədyarov ABŞ-dan tələb etdi

Xarici İşlər naziri Elmar Məmmədyarov ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricet Brinkin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, Elmar Məmmədyarov Azərbaycanın müstəqillik əldə etməsindən keçən dövr ərzində enerji, terrorizmə qarşı mübarizə, regional təhlükəsizlik və digər sahələrdə ABŞ-la uğurlu əməkdaşlığından bəhs edərək, ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsi üçün mövcud imkanların qiymətləndirilməsinin vacibliyini qeyd edib.

Nazir ABŞ ilə əməkdaşlığın inkişaf etdirilməsində ölkəmizin maraqlı olduğunu qeyd edərək, iki ölkə arasında bütün məsələlərin dialoq və qarşılıqlı etimad şəraitində müzakirəsinin səmərəli olacağını vurğulayıb.

Elmar Məmmədyarov iki ölkə arasında enerji sahəsində bir sıra irimiqyaslı layihələrin reallaşdırılması təcrübəsinin hazırda gündəmdə olan digər enerji layihələrinin uğurla tamamlanmasına töhfə verəcəyini bildirib.

Ermənistan-Azərbaycan münaqişəsinə toxunan nazir ATƏT-in Minsk Qrupunun digər həmsədrləri ilə birlikdə ABŞ tərəfindən münaqişənin həlli istiqamətində səylərin artırılmasının vacibliyini diqqətə çəkib.

Bricet Brink ABŞ-ın Azərbaycanla münasibətlərə xüsusi əhəmiyyət verdiyini və əməkdaşlığın inkişaf etdirilməsinə hazırlığını vurğulayıb. O, səfər çərçivəsində keçirdiyi görüşlər barəsində məlumat verərək, görüşlərdə ikitərəfli əlaqələrin müxtəlif aspektləri barəsində geniş fikir mübadiləsi aparıldığını qeyd edib.

Həmin gün xanım Bricet Brink xarici işlər nazirinin müavini Xələf Xələfov tərəfindən də qəbul edilib.

Bu qəbildən olan görüşlərin ikitərəfli əlaqələrin gücləndirilməsinə yardım etdiyini bildirən Xələf Xələfov indiyə qədər iki ölkə arasında münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini, 1997-ci ildə Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin ABŞ-a səfərindən sonra daha da gücləndiyini vurğulayıb. Azərbaycanın ABŞ-ın regionda etibarlı tərəfdaşı olduğunu bildirən nazir müavini siyasi, təhlükəsizlik, iqtisadi, investisiya qoyuluşu, mədəniyyət, təhsil və humanitar sahələrdə, enerji layihələrinin həyata keçirilməsində birgə əməkdaşlıq üçün geniş imkanların mövcudluğunu qeyd edib.

X.Xələfov ticarət sahəsində əməkdaşlığa toxunaraq, bu yaxınlarda keçirilmiş Azərbaycan-ABŞ işgüzar görüşünə qatılmış ABŞ şirkətlərinin qeyri-neft sektoruna sərmayə qoyuluşunda maraqlı olmasını vurğulayıb. Bu işgüzar görüşün sərmayə qoyuluşunun və ticarət dövriyyəsinin artmasına töhfə verəcəyini qeyd edib.

Bricet Brink ABŞ hökumətinin Azərbaycanın Əfqanıstanda sülhməramlı missiyaya yardımı və terrorizmə qarşı mübarizədə töhfəsinin yüksək qiymətləndirildiyini bildirib.

Görüşdə qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm