• USD 1,7000 0,00% EUR 2,0567 -0,75%
    • GBP 2,3990 -0,51% RUB 0,0236 -0,42%

Hasan Oktay: “Rusiya yeni cəbhənin Qarabağ olmasını istəmir” – MÜSAHİBƏ

  • Nida.az
  • 24 Noyabr 2015 11:37
  • 1 259 Baxış
Hasan Oktay: “Rusiya yeni cəbhənin Qarabağ olmasını istəmir” – MÜSAHİBƏ

Noyabrın 9-da Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvana səfərinin ardından Ermənistan mediası, həmçinin Rusiyanın nüfuzlu “Kommersant” nəşri Dağlıq Qarabağ münaqişəsinin həll ediləcəyini, işğal olunmuş rayonlardan bir neçəsinin Azərbaycana qaytarılacağını yazdı. Maraqlıdır ki, bütün bu xəbərlər diplomatik mənbələrə istinadən təqdim edilmişdi. Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, türkiyəli politoloq Hasan Oktay Publika.az-a müsahibəsində Qarabağ ətrafında baş verən prosesləri şərh edib.


- Lavrovun səfərindən sonra işğal olunmuş bir neçə rayonun Azərbaycana qaytarılacağı və Dağlıq Qarabağ münaqişəsinin həll olunacağına dair xəbərlər yayıldı. Bu barədə nə deyə bilərsiniz?


- Lavrovun Ermənistan səfəri bölgədəki proseslər baxımından son dərəcədə önəmlidir. Xüsusilə Vladimir Putinin İran səfərini düşündükdə, bu iki səfər bölgədə diqqətlə izlənilməli və yeni strategiyalar buna görə qurulmalıdır. Lavrovun İrəvan səfərindən sonra Rusiya KİV-də xüsusilə Qarabağla bağlı xəbərlərin çıxması Azərbaycanı baş verəcək hadisələrlə bağlı öncədən narahat etməmək, Azərbaycan ictimaiyyətini hazırlamaq üçün aparılan bir media hərəkatı idi.

Rusiya Ermənistanla ortaq hava müdafiə sistemi qurmaq qərarını müzakirə edir. Bəlkə də, bu, qısa müddətdə həyata keçiriləcək. Ola bilər ki, Qarabağ məsələsinin ortaya atılması diqqəti yayındırmaq üçün atılan addımdır. Əgər Rusiya bölgədə belə bir sistem quracaqsa və bunu Qərbə qarşı tədbir olaraq həyata keçirəcəksə, o zaman Azərbaycan Qarabağ siyasətində diqqətli olmalıdır. Rusiyaya Qarabağın kimin nəzarəti altında olmasının əhəmiyyəti yoxdur – təki bölgədə qala bilsin. Buna görə də Azərbaycan diplomatiyası bu həssas durumda Moskvada fəaliyyətini artırmalıdır.


- Maraqlıdır ki, bunun ardınca ABŞ-ın ən nüfuzlu beyin mərkəzi olan “Stratfor” da Qarabağ münaqişəsinin həlli üçün yeni imkanların yarandığını, ilkin mərhələdə 5 rayonun Azərbaycana qaytarılacağını, daha sonra regionda status-kvonun həll ediləcəyini yazdı.


- 20 ildən artıq bir müddətdə Qarabağ münaqişəsində heç bir irəliləyişin olmaması bir çox mərkəzlər tərəfindən yaxından izlənilməkdədir. “Stratfor” da bölgə haqda dəyərləndirmələr yazan əhəmiyyətli Amerika təşkilatıdır. Lakin çox vaxt ictimai fikri yönləndirməyə hesablanmış məlumatları analiz deyə təqdim edir. İndi də “Kommersant” nəşrinin yönləndirici xəbərini analiz kimi təqdim edərək böyük səhv edib. Qarabağ ətrafındakı 5 rayonun geri alınması mümkündür. Lakin indiki şərtlərdə bu çətin görünür. Vaxtilə Qərb Qarabağ olaylarının arxa planındakı prosesləri başa düşmədən ermənilərin işğalına səs çıxarmadı, hətta xaçpərəst mövqeyindən çıxış edərək bundan məmnun da qaldı. Rusiya eyni taktikanı Ukraynada həyata keçirəndə qərblilər Qarabağda səhv etdiklərini anladılar, lakin iş-işdən keçmiş oldu. İndi “Stratfor” başda olmaqla Qərbin bir çox qurum və təşkilatı Qarabağ məsələsinə diqqət çəkir. Vaxtilə etdikləri səhvləri təkrarlayaraq, Qarabağ məsələsini gündəmə gətirirlər.



- Rusiyanın hazırda qarşı-qarşıya qaldığı situasiyada bu münaqişənin həlli üçün addım atması, İrəvana işğal etdiyi torpaqları geri qaytarması üçün təzyiq etməsi gözləniləndirmi?


- Qarabağın təkcə Ermənistanın işğal etdiyi və bu işğaldan onun təkbaşına əl çəkəcəyini düşünmək yanlışdır. Bəli, hər şeydən əvvəl bu məsələyə görə Ermənistan məsuliyyət daşıyır. Lakin qərar verən Rusiyadır. Bu incəliyi qavramadan Qarabağ məsələsində çıxış etmək diqqəti əsas məcradan yayındırmaqdır. Rusiya son proseslərdən sonra, xüsusilə Suriya məsələsində İranla dərin ittifaqlar qurduğu vaxt yeni bir cəbhə ilə məşğul olmaq istəmir. Azərbaycan bunu nəzərə alaraq Qarabağ məsələsində Rusiya ilə təmaslarını artırmalıdır. Qərb bloku Rusiyaya qarşı yeni bir cəbhə açmaq istəyir. Rusiya bu cəbhənin Qarabağ olmasını istəmir. Moskva Türkiyənin Ukrayna böhranına qarışmadan Rusiyaya dəstək verməsini anlaya bilmədi. İndi Suriyada Türkiyə ilə qarşı-qarşıya qalıb. Halbuki, həm Rusiya, həm də Türkiyə bu tələyə düşsələr, çox ciddi böhranla üzləşə bilərlər.

İndi Rusiya Ermənistanla hava müdafiə sisteminin qurulması üçün razılığa gəldiyi bir vaxt Azərbaycan faktorunu unutmamalı və Qarabağda gözlənilən irəliləyişi təmin etməlidir. Bu, bəlkə də, 5 rayonun qaytarılmasından başlaya bilər. Fərq etməz, hansısa formada irəliləyiş başlamalıdır. Əks təqdirdə, Rusiya bu gərginlik siyasətini daha çox yürüdə bilməyəcək. Ona qarşı tətbiq edilən embarqo davam edəcək və rus xalqı bu qışı çox pis keçirəcək. Hesab edirəm ki, Qarabağ problemi Rusiya, Türkiyə, Azərbaycan və Ermənistan arasında diplomatiya yolu ilə həll edilə bilər.


Asif Nərimanlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR