Türkiyə səfiri: “Türkmanlara edilən hücumlara haqq qazandırmaq olmaz” – EKSKLÜZİV
Bizi izləyin

Nida.az

Türkiyə səfiri: “Türkmanlara edilən hücumlara haqq qazandırmaq olmaz” – EKSKLÜZİV

Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alpər Coşqun son günlər Suriya ilə sərhəddə, Türkman dağı ərazisində məskunlaşan türkman əhaliyə qarşı qətliam və qırğın törədilməsinə münasibət bildirib.

Səfir İ.A.Coşqun Publika.az-a eksklüziv açıqlamasında deyib ki, Türkiyə Suriya siyasətində hər zaman etnik və milləti təmizləmələrə qarşı olub: “Çox təəssüf ki, Suriyada buna qarşı addımlar atılır. Buna nümunə kimi son günlər türkman qardaşlarımıza qarşı edilən silahlı hücumları göstərmək olar. Bu cür hadisələr Türkiyə olaraq bizi ürəkdən ağrıdır. Bu cür hallarda beynəlxalq münasibətlər sistemi hansı üsullardan istifadə edirsə, Türkiyə bunu tam şəkildə həyata keçirir. Ancaq çox təəssüf ki, Suriyada münaqişə hələ də davam edir. Türkmanlara qarşı edilən hücumlara heç bir halda haqq qazandırmaq olmaz. Bununla nəyə nail olmaq mümkündür? Bu yolla sülhə nail olmaq mümkün deyil. Suriyada hələ də davam edən münaqişənin kökünü araşdırsaq görərik ki, reallıqda bu hadisələr terroru xatırladır. Bölgədə terrorun bu qədər güclənməsinin əsas səbəblərindən biri də Əsəd rejiminin öz xalqını hədəf seçməsidir”.

Səfir Rusiyanın Suriyada İŞİD-ə qarşı apardığı hərbi əməliyyatlara da toxunub: “Bu gün Rusiyanın Suriyada İŞİD-ə qarşı apardığı hərbi əməliyyatlarda əksər hallarda hədəf terrorçular olmur. Əgər hər hansı dövlət Suriyada terrorla mübarizə aparmaq istəyirsə, o zaman hədəf olaraq müxalifəti deyil, terrorçunu seçməlidir. Bütün bunların nə qədər məntiqli olduğunu Rusiyadakı həmkarlarımız izah etməlidir. Onlar Suriyada doğrudan da İŞİD-in kökünü kəsmək üçün mübarizə apardıqlarını və ya başqa məqsədlər üçün fəaliyyət göstərdiklərini izah etməlidirlər”.

Bir sıra xarici KİV-lərdə Türkiyənin guya bölgədə etnik ayrı-seçkilik etməsi ilə bağlı yayılan təxribat xarakterli məlumatlara da toxunan İ.A.Coşqun deyib ki, Türkiyənin milləti və etnik ayrı-seçkilik etməsi barədə ortaya atılan bəzi iddialar tamamilə yalan və uydurmadır: “Türkiyə tarixdə heç zaman irqi, dini və milləti ayrı-seçkilik etməyib. Bu, bizim təbiətimizə zidd olan məsələdir. Türkiyəni yaxından tanıyan hər bir şəxs yaxşı bilir ki, Türkiyə hər zaman sülhə, ədalətə tərəfdir və haqsızlığa qarşıdır. Bu cür hallar Türkiyə üçün çox həssas məsələdir”.

Xatırladaq ki, bu gün Suriya sərhədindəki Türkman dağının yaxınlığında Rusiyaya məxsus qırıcı təyyarə qəzaya uğrayıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm