Hikmət Babaoğlu: “Bakının Rusiya-Türkiyə münasibətlərində müsbət rolu ola bilər”
Bizi izləyin

Nida.az

Hikmət Babaoğlu: “Bakının Rusiya-Türkiyə münasibətlərində müsbət rolu ola bilər”

Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu ötən gün rus təyyarəsinin vurulmasına görə Türkiyə ilə Rusiya arasında yaranan diplomatik böhrana münasibət bildirib.

YAP-çı deputat Publika.az-a açıqlamasında deyib ki, beynəlxalq münasibətlər sisteminin müasir mərhələsində yeni siyasi və hərbi tarazlıq mərkəzlərinin yaranamsının əlamətləri görünməkdədir. Onun sözlərinə görə, bunun ilkin baza coğrafiyası isə Suriya və Yaxın Şərqdir: “Dünya siyasətini müəyyənləşdirən hegemon güclərin məhz Suriya və Yaxın Şərqdəki mübarizəsinin nəticəsi olaraq dünyada yeni güc mərkəzlərinin formalaşması prosesi başlayacaq. Rusiya təyyarəsinin Türkiyə Silahlı Qüvvələri tərəfindən vurulmasını da bu kontekstdə dəyərləndirmək lazımdır. Hadisə baş verib, artıq rəsmi mövqelər də bəllidir. Amma əminliklə söyləyə bilərəm ki, burada üçüncü tərəfi də axtarmaq lazımdır. Son zamanlar Ukraynada və Şərqi Avropada baş verən hadisələrə baxmayaraq, Rusiya-Türkiyə münasibətlərinin inkişafı müsbət istiqamətdə davam edirdi və qarşılıqlı iqtisadi münasibətlər milyardlarla dollar həcmində ölçülürdü. Bundan başqa strateji sahələrdə də Rusiya Türkiyə münasibətləri yüksək səviyyədə idi. Türkiyə ərazisində Rusiyanın 20 milyard dollar həcmində dövlət sərmayəsi hesabına Atom Elektrik Stansiyasının (AES) tikilməsi ilə bağlı razılaşma da buraya daxildir. Turizm sahəsində də məlumdur ki, Rusiya Almaniyadan sonra Türkiyəyə ikinci turist göndərən ölkə idi. Eyni zamanda məhz xarici işlər naziri Segey Lavrovun Türkiyəyə rəsmi səfərindən bir gün öncə məlum hadisənin baş verməsi yenidən bizim ağlımıza üçüncü tərəfin təsiri məsələsini gətirir. Bu və ya digər formada yenə insanı düşünməyə vadar edir ki, burada üçüncü tərəf istisna deyil. Əgər bunu diqqətlə analiz etsək şahidi olarıq ki, tarixən Avropa qitəsində iki dünya müharibəsi baş verib. İndi də növbəti genişmiqyaslı müharibənin başlanması üçün Yaxın Şərq coğrafiyası seçilib. Bunu kimlər seçibsə, üçüncü tərəf də məhz onlardır”.

H.Babaoğlu qeyd edib ki, Rusiya Türkiyə münasibətlərinin belə kritik olması nə Rusiyanın, nə də Türkiyənin xeyrinə deyil: “Əksinə, bir qədər soyuqqanlı olub bu məsələni emosionallıqla deyil, siyasi ağılla müzakirə etsələr, hər iki tərəf bundan sonrakı mərhələdə əvvəlkindən daha yüksək səviyyədə müttəfiqlik qura bilər. Çünki Rusiya-Türkiyə münasibətləri bir təyyarə hadisəsi ilə pozulacaq münasibətlər deyil. Tarixə nəzər salsaq, təkrarlandığını görərik. XX əsrin əvvəllərində Rusiyada bolşevik inqilabı baş verən zaman Türkiyədə Cümhuriyyət quruldu və tarixi zərurət bolşevik Rusiyası ilə Türkiyəni müttəfiq etdi. Bəlkə, yüz il sonra tarix yenidən təkrarlanacaq. Bəlkə, yenidən Türkiyə Rusiya müttəfiqliyinə zərurət yaranıb. Arzu edərdim ki, hər iki dövlətin siyasətçiləri bunu dəyərləndirsinlər. Bu məsələdə Azərbaycan tərəfinin də probleminin həllində müsbət rolu ola bilər”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm