Qəmbər Hüseynlinin 100 illik yubileyi qeyd ediləcək
Bizi izləyin

Nida.az

Qəmbər Hüseynlinin 100 illik yubileyi qeyd ediləcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qəmbər Hüseynlinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

2016-cı ilin aprel ayında tanınmış Azərbaycan bəstəkarı, əməkdar incəsənət xadimi Qəmbər Muxtar oğlu Hüseynlinin anadan olmasının 100 illiyi tamam olur.

Qəmbər Hüseynli qısa ömrü ərzində milli musiqi sənəti salnaməsinə yeni səhifələr yazmış sənətkardır. Azərbaycanın çoxəsrlik mədəni irsinin təbliğində onun xalq musiqisi zəminində təşəkkül tapmış və dərin lirizmi ilə səciyyələnən yaradıcılığının özünəməxsus yeri vardır. Bəstəkarın “Cücələrim” əsəri bu gün də dünyada sevilə-sevilə dinlənilən uşaq mahnılarındandır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, milli mədəniyyətin zənginləşdirilməsi və tanıdılması işinə sanballı töhfələr vermiş bəstəkar Qəmbər Hüseynlinin 100 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Bəstəkarlar İttifaqının təklifləri nəzərə alınmaqla, bəstəkar Qəmbər Hüseynlinin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm