• USD 1,7000 0,00% EUR 2,0246 +0,54%
    • GBP 2,2714 +0,25% RUB 0,0225 +0,44%

“Türkmanların hücuma məruz qalması bizi ürəkdən üzür” - BRİFİNQ

  • Nida.az
  • 26 Noyabr 2015 13:10
  • 711 Baxış
“Türkmanların hücuma məruz qalması bizi ürəkdən üzür” - BRİFİNQ

“Brifinq”in qonağı Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alpər Coşqundur. Cənab səfirlə müsahibəni əvvəlcə ənənəvi müsahibə formatında düşünsək də, teleqrafçıların arzusu ilə onu “Brifinq”ə dəvət etməyi planlaşdırdıq. Olduqca xoş auralı diplomat bizi qırmayıb redaksiyamıza qədər gəldi.

Qardaş ölkənin Bakıdakı elçisinə siyasi və sosial yüklü suallarla yanaşı, musiqi zövqü, Azərbaycanda xoşladığı, gəzib-gördüyü yerlər barədə də suallar ünvanladıq.
Səfir İsmayıl Alpər Coşqunla müsahibəni təqdim edirik:

“Azərbaycan enerji-nəqliyyat layihələrində Türkiyə üçün ən önəmli ortaqdır”

Səxavət Həmid: Türkiyənin G-20-nin toplantılarına, o cümlədən dövlət başçılarının bu günlərdə Antalyada baş tutmuş zirvə görüşünə Azərbaycanı dəvət etməsini iki dövlətin dostluğunun-qardaşlığının daha bir göstəricisi saya bilərikmi?
- G-20 Zirvə toplantısında iştiraka görə Azərbaycana, xüsusilə Prezidentə minnətdarlığımı bildirirəm. G-20 Zirvə Toplantısının ev sahibi olan dövlətin başqa bir ölkəni fəxri qonaq qismində dəvət etməsi imkanı olur. Türkiyədə fəxri qonaq üçün hər hansı daxili müzakirə keçirilməsinə ehtiyac olmadı. Türkiyə iqtidarı Azərbaycanın dəvət edilməsi qərarını verdi. Bu, iki ölkə arasındakı əlaqələr baxımından çox gözəl nümunə oldu. Təbii ki, bunun səbəbi bəllidir. Azərbaycan bizim üçün qardaş ölkədir. Bizim mesajımız G-20 platformasına və dünyaya idi. Bu, Türkiyə üçün ən əhəmiyyətli ortağın Azərbaycan olduğu mesajı idi. Bunun mənəvi tərəfi də var. Azərbaycanla Türkiyənin tarixi birliyi mövcuddur, gələcəyə doğru birlikdə gedirik, eyni taleyi yaşayırıq. Azərbaycan güc aldığımız ortağımızdır. Bölgədə sabit, getdikcə qüvvətlənən ölkə kimi Azərbaycan enerji-nəqliyyat layihələrində Türkiyə üçün ən önəmli ortaqdır. Biz beynəlxalq platformalarda birlikdə hərəkət edirik. Bu addımı həm mənəvi baxımdan, həm də Azərbaycandan güc aldığımız üçün atdıq. Doğru qərar verdiyimizi Azərbaycan il ərzində G-20 platformasındakı çalışması ilə təsdiqlədi. Təkcə Antalyadakı Zirvə toplantısındakı yüksək səviyyəli iştirakı deyil, il ərzində bir çox fərqli sahələrdə - maliyyə, enerji, sosial-təhlükəsizlik, beyin mərkəzləri, qadınlarla bağlı platformaların hər birində Azərbaycanın yüksək səviyyədə təmsil olunduğunu bildirməliyik. Azərbaycana minnətdarıq. Platformalara güclü dəstək verməklə həm Azərbaycan bu imkanı yaxşı dəyərləndirdi, həm də Türkiyə olaraq Azərbaycanla birlikdə güclü mövqe nümayiş etdirmək niyyətimizi həyata keçirməyimizə nail olduq.

S.Həmid: Uzun illər formalaşmış ənənəyə əsasən, Türkiyənin baş nazir və prezidentləri ilk səfərlərini Bakıya edir, Azərbaycan prezidentləri isə seçkidən dərhal sonra Ankaraya yollanırlar. Prezident Rəcəb Tayyib Ərdoğanın yeni hökuməti formalaşdırmağı tapşırdığı AKP sədri Əhməd Davudoğlunun Azərbaycana səfərinin tarixi dəqiqləşibmi?
- Bu səfər tez bir zamanda reallaşacaq. Bu ənənənin davam etməsinə heç bir şübhə yoxdur. Bu səfərlər son illər ərzində mənəvi, o cümlədən strateji əhəmiyyət daşıyan ənənəyə çevrilib. Bir müddət öncə Türkiyə Quru Qoşunları Komandanı vəzifəsinə yeni təyinatından sonra ordu generalımız ilk səfərini Azərbaycana reallaşdırdı. Ondan qısa müddət öncə, Genelkurmay Başqanımız görəvinə təyinatından dərhal sonra birinci növbədə Azərbaycana səfər etdi. Noyabrın 1-də olan seçkilərdən əvvəlki dönəmdə 7 iyun-1 noyabr tarixləri arasında Xarici İşlər naziri Firudin Sinirlioğlu Azərbaycanı ziyarət etdi. Türkiyədəki sürəc tamamlandıqdan sonra cənab baş nazirimizi Azərbaycanda gözləyirik, inşallah, hamımız birlikdə çox uğurlu ziyarətin olduğunu görəcəyik.
Cənab səfir onu başa düşüb-düşmədiyimizi soruşur: Ben Anadolu türkcəsi ilə danışıram, hər şey yaxşımı?

“Avropa Birliyi ölkələrinin hamısının birlikdə qaçqınlar üçün xərclədiyi vəsait 500 milyon dollardır”

Qurban Yaquboğlu: Türkiyənin baş naziri Avropa Birliyinin toplantısına dəvət olunub. İran-Rusiya yaxınlaşması, Suriyadakı son proseslər Türkiyənin Qərb, Avropa üçün əhəmiyyətini bir qədər gücləndirib, bu münasibətlər bundan sonra sürətlə inkişaf edə bilərmi? Hətta Türkiyənin Avropa Birliyinə üzvlüyünə qədər gətirib çıxara bilərmi?
- Bizim Avropa Birliyi və digər hər hansı bir ölkə və ya qurumla əlaqələrimizin inkişaf etdirilməsinin arxasında başqa ölkələrlə rəqabət dayanmır. Biz Türkiyənin xarici siyasətini yürüdəndə heç kəslə rəqabət yarışı keçirmirik. Türkiyə dost əli uzadan hər kəslə dost olmaq niyyətindədir. Problem yaşadığımız ölkələrlə əlaqələrimizdə beynəlxalq hüquqa söykənən, problemlərin hüquq çərçivəsində həllinə çalışan, insani xarici siyasət həyata keçirməyə çalışan bir ölkəyik. Avropa Şurasının rəhbəri Donald Task baş nazirimizə zəng edərək onu AB-Türkiyə zirvəsinə dəvət edib. Səhv etmirəmsə, iclas noyabrın 29-da olacaq. Cənab baş nazir iclasda iştirak edəcək. Bir şeyi xüsusi qeyd etmək istəyirəm, bu səfər Azərbaycana ziyarətdən əvvəl gerçəkləşəcək, amma bu iki səfər bir-birindən tamamilə fərqlidir. Zaman darlığına görə baş nazir təcili baş tutacaq səfərə getməli olacaq. Amma xüsusilə vurğulamaq istəyirəm ki, bu, bayaq söhbət açdığımız ənənənin davam etmədiyi anlamına gəlmir. Avropa Birliyi ilə əlaqələrimiz Ankara anlaşmasını imzaladığımız dönəmdən bəri yalnız bir məqsədə yönəlib. O da bərabərhüquqlu üzvlük məsələsidir. Türkiyə Avropa Birliyinin iradəsi ilə bu qurumun üzv ölkəsi kimi elan olunub. Bu, sadəcə Türkiyənin tələbi deyil, eyni zamanda Avropa Birliyi üzvlərinin altına imza atdıqları iradədir. Təəssüf ki, bu zaman kəsiyində axsamalar oldu, müzakirələrdə hər kəsin özünə görə məsuliyyəti var. Əlimizi vicdanımıza qoyanda rahatlıqla deyə bilərik ki, Avropa Birliyi başqa heç bir üzv ölkə üçün tətbiq etmədiyi kriteriyaları Türkiyəyə tətbiq etdi. Bunun arxasında bir çox səbəb var. Cənubi Kipr rəhbərliyi veto edərək, Fransa və başqa ölkələr Türkiyənin üzvlüyü ilə bağlı mənfi rəy verərək əngəlləyici mövqe nümayiş etdirdilər. Amma biz bütün bunlara rəğmən bu hədəfi heç vaxt dəyişdirmədik: Avropa Birliyinə bərabərhüquqlu üzvlük bizim üçün dövlət siyasətidir. Bu, toplumumuzun da dəstəklədiyi hədəfdir. Düzü, son illərdə türk toplumunda buna inanc azalıb. Çünki Türkiyənin çabalarına baxmayaraq Avropa Birliyindəki tərəfdaşlarımızın bizi bir az ləngitdiyini hiss edirlər. Suriyada proseslər fonunda Türkiyə böhranın başlandığı ilk günlərdən etibarən suriyalı qaçqınları torpağına qəbul etdi. Hazırda Türkiyədə 2 milyon yarıma yaxın qaçqın var. Onların böyük əksəriyyəti Suriyadan, bir qismi İraqdan gəlib. Düşərgələr qurulub, lakin yalnız 350 min qaçqını düşərgələrdə yerləşdirə bilmişik. Bütövlükdə Türkiyə Cümhuriyyəti qaçqınlara 8 milyard yarım dollar civarında pul xərcləyib. Müqayisə aparsaq, Avropa Birliyi ölkələrinin hamısının birlikdə qaçqınlar üçün xərclədiyi vəsait 500 milyon dollardır. Türkiyə o qədər zəngin ölkə deyil, Türkiyənin etdiyi insanlıq borcudur. Təsadüfən sərhəd qonşusu bizik, bu “yük” ilk mərhələdə Türkiyəyə təsir etdi. Lakin qənaətimizə görə, burada insanlığın ortaq məsuliyyəti dayanmalıdır. Bizim avropalı dostlarımız bu məsuliyyəti nə zaman dərk etdilər? Qaçqınlar 3-4 il sonra onların qapısını döyməyə başlayanda. Avropa Birliyi ölkələri hər zaman Avropa dəyərləri kimi xüsusi vurğuladıqları imtahandan pis çıxdılar. Halbuki bu, dünya, insanlıq dəyərləridir. Hətta XXI əsrdə bəzi Avropa ölkələrində “qapılarımızı xristianlara açaq, müsəlmanlara açmayaq” kimi ifadələr belə səsləndi. Düşünün, sərhədlərimizi bağlasaydıq, əsgərlərimizi sərhədə düzüb “girə bilməzsiniz” desəydik, Avropada Türkiyə haqqında nələr deyərdilər? Azyaşlı uşağı olan qadınlara qarşı münasibəti televiziyada izlədik. Təbii ki, məsələ barmaq göstərərək bir-birimizi suçlamaq deyil. Amma hər kəs vicdanının hesabatını verməlidir. Bizim Türkiyə olaraq vicdanımız çox rahatdır. Suriya məsələsində 4 il yarım əvvəl nə deyirdiksə, təəssüf ki, bütün sözlərimiz düz çıxdı. Ankarada olduğum zamanda Qərb, Rusiya, İran kimi tərəfdaşlarımızla apardığımız söhbətlərdə həmişə deyirdik ki, əgər Bəşər Əsədin öz xalqına zülm etməsinə göz yumarıqsa, beynəlxalq toplum olaraq bu məsələ ilə bağlı mövqe nümayiş etdirməriksə, birincisi, bu ölkə dağılmağa doğru gedər, ikincisi isə ortaya çıxan boşluq yalnız terrorçuların işinə yarayar. Terrorçular, Suriyaya qaça-qaça gələnlər müxtəlif ölkələrdəndirlər. Onlar gömrük nəzarətindən keçərək gəlirlər. Demək ki, lazımi tədbirlər görülməyib. Türkiyənin Suriya ilə 900 km sərhədi var, bu əraziyə nəzarət son dərəcə çətindir. Buna rəğmən Qərb, Avropa Birliyi ölkələri ilə bu axının qarşısının alınması və kəşfiyyat məlumatlarının paylaşması istiqamətində əlimizdən gələn işləri gördük. Türkiyəyə giriş yasağı qoyulan əcnəbilərin sayında böyük artım oldu. Türkiyə olaraq bir yandan Suriyadakı insani böhrana öz torpaqlarımızın qapısını da açmaq şərtilə kömək olduq, digər tərəfdən terrorçu axınının önünə keçməyə çalışdıq. Bu sürəcin Avropa Birliyi ilə əlaqələrimizə təsirinə gəlincə, bəli, Avropa Birliyi Türkiyəni xatırladı. Lakin Türkiyə ancaq belə böhran olanda xatırlanacaq ölkə olmamalıdır. Biz tarix boyu Avropanın içində olmuşuq və yenə də olacağıq. Hər şeydən əvvəl bu gerçək qəbul edilməlidir. Türkiyə Avropadakı bir çox önəmli qurumların qurucu üzvüdür. Böhranlarda xatırlanmaq yanlışdır, onu da avropalı dostlarımızın diqqətinə çatdırırıq. Cənab baş nazirimizin Brüsselə səfəri ilə bağlı rəsmi açıqlamada deyildiyi kimi, biz Avropa Birliyinə tam üzvlüyü ilə bağlı sürəc mərhələsində daha dinamik dönəmə gedəcəyimizə ümid edirik.

“Türkmən dağının və türkmən qardaşlarımızın hücuma məruz qalması bizi ürəkdən üzür”

Dilqəm Əhməd: Adətən, türk dünyasında kimin barmağı qanasa, gözlər Türkiyəyə dikilir. Türkmənlərin qətliama məruz qaldığı ilə bağlı iddialar var. Türkiyənin türkmənlərin başına gələn hadisələrə münasibəti necədir? Hətta bəzən Türkiyənin məzhəb ayrı-seçkiliyi saldığı ilə bağlı iddialar da irəli sürülür...
- Cavabıma sonuncu sualdan başlayacam. Tamamilə yanlış iddialardır. Türkiyənin ənənələrindən, Anadolu kültürünün özəlliklərindən xəbəri olanlar belə bir yanaşmanın təbiətimizə zidd olduğunu bilir. Türkiyəni yaxından tanıyan hər bir şəxs yaxşı başa düşür ki, Türkiyə hər zaman sülhün, ədalətin tərəfindədir və haqsızlığa qarşıdır. Bu cür hallar Türkiyə üçün çox həssas məsələdir. Strateji olaraq da Türkiyənin belə bir mövqe sərgiləməsi müzakirə mövzusu ola bilməz. Türkmən dağının və türkmən qardaşlarımızın hücuma məruz qalması bizi ürəkdən üzür. Beynəlxalq əlaqələr çərçivəsində dövlətlər bu kimi vəziyyətdə hansı üsullardan istifadə edə bilirsə, Türkiyə də tamamilə həmin üsulları tətbiq edir. Türkiyə macəraçı ölkə deyil. Ölkəmiz öz təhlükəsizliyini, özünə yaxın topluluqların rifahını ən ön planda saxlayır. Türkmən dağına olan hücum hansı məqsədə xidmət edir? Suriyadakı böhranı çözməkmi istəyirlər? Hər halda iddia budur. Lakin Suriyadakı krizin nədən qaynaqlandığını düşünmək lazımdır. Suriyadakı böhran sözün həqiqi mənasında terrorla mücadilə formasını alıb. Terror qruplaşmalarının bu qədər güclənə bilməsinin səbəbi Əsəd rejiminin öz xalqını hədəf almasıdır. Türkmən dağına olan hücuma haqq qazandırmaq olmaz. Əgər hər hansı dövlət Suriyada terrorla mübarizə aparmaq istəyirsə, o zaman hədəf olaraq müxalifəti deyil, terrorçunu seçməlidir. Terror qruplaşmalarına, İŞİD-ə yönəlik hücumlar lazımdır. Rusiyanın Suriyaya olan müdaxilələrinin böyük qismi İŞİD-i hədəf almır. Bütün bunların nə qədər məntiqli olduğunu Rusiyadakı dostlarımız izah etməlidir. Onlar Suriyada, doğrudan da, İŞİD-in kökünü kəsmək üçün mübarizə apardıqlarını və ya başqa məqsədlər üçün fəaliyyət göstərdiklərini izah etməlidirlər.

“Ermənistan anlamalıdır ki, işğal onun xeyrinə deyil”

Aqil Lətifov: Dağlıq Qarabağ məsələsində Türkiyənin mövqeyi bizə məlumdur. Sizin gözünüzdə bu problemin həlli necədir?
- Problemin özü bəllidir, işğaldan qaynaqlanır. Çözüm işğalı davam etdirən və ona dəstək verən, havadar çevrələrdədir. Təbii ki, ümidimiz, gözləntilərimiz münaqişənin barış və sülh yollu ilə həllindədir. BMT-nin qəbul etdiyi qətnamələr yerinə yetirilməlidir. Avropa İnsan Haqları Məhkəməsində Azərbaycanın torpaqlarının işğal olunduğuna dair qərar hüquqi baxımdan Azərbaycanın haqlı olduğunu qəti şəkildə ortaya qoyur. Təəssüf ki, beynəlxalq əlaqələrdə sadəcə hüquqi baxımdan haqlı olmaq yetmir. Dünyada bunun əksini iddia edən heç kəsi görmürsünüz, fəqət Azərbaycan torpaqları hələ də işğal altındadır. Ermənistan bu işğalın onun xeyrinə olmadığını anlamalıdır. Bunu anlamamasının səbəbi isə ona işğalı davam etdirməsinə dəstək verən ölkələrin siyasi və iqtisadi yardımları ilə bağlıdır. Biz Azərbaycanla birlikdə beynəlxalq platformalarda bu məsələni ən vacib gündəm mövzusu kimi işləməyə davam edəcəyik. “İllərdir mübarizə aparırıq, amma bir nəticə ala bilmirik” kimi hissiyyata qapılmaq asandır. Ancaq nəticə etibarilə bu cür problemlərin həlli birdən-birə də mümkün deyil. Beynəlxalq toplumda bu məsələni daim ictimailəşdirməyə davam edəcəyik. Azərbaycanın öz imkanları, eyni zamanda Türkiyə ilə birgə enerji və beynəlxalq layihələri ilə Ermənistan toplumuna bu işğalın onları dışladığını, yanlış olduğunu hiss etdirməliyik.

N.Ehlamqızı: “Doğu Perinçek davası” qondarma erməni soyqırımı məsələsində Türkiyənin haqlı olduğunu göstərdi. Sizcə, bundan sonra ermənilər “soyqırımı tanıtmaq” üçün nə kimi addımlar atacaq və Türkiyə tərəfi bu məsələnin birdəfəlik həlli üçün nələr etməlidir?
- Ermənistan diasporunun nə etmək istədiyi bəllidir. Onlar bizə və dünyaya deyirlər ki, hər kəs 1915-ci ildə ermənilərə qarşı soyqırımı olduğunu qəbul etsin, ondan sonra digər mövzuları müzakirə edərik. Ermənilər 1915-ci ildə yaşanan hadisələri yəhudilərin başına gələn, məhkəmə qərarı ilə soyqırımı olduğu sübuta yetirilən hadisələrlə eyniləşdirməyə çalışırlar. Deyirlər ki, bu mövzu mübahisələndirilə bilməz, hər kəs qəbul etməlidir. Bu, hüquqi cəhətdən etibarsız arqumentdir. “Doğu Perinçek davası” olduqca önəmli qərardır. Güclü dəlillərlə ortada soyqırımı olmadığını sübut etmək haqqımız var. Bizim bu məsələdə içimiz rahatdır. İlk növbədə vicdani baxımdan rahatıq. Ermənilərin deyə-deyə özlərini inandırdıqları, gənc nəsli də o inancla yetişdirdikləri iddiaların doğru olmadığını öz tarixi qaynaqlarımızdan bilirik. Ermənilərin istinad etdikləri və beynəlxalq toplumu da inandırmaq üçün istifadə etdiyi bəzi mənbələrin saxta olduğunu bilirik. Bunların hamısını kənara qoysaq, biz Türkiyə olaraq Ermənistana deyirik: Bir iddianız var, yaxşı, bizim də özümüzə görə mövqeyimiz var, bu, tarixi-akademik bir məsələdir, siz də, biz də gələk, dünyadan da mütəxəssislər dəvət edək, müzakirə açaq, o dönəmdə nələr olduğu barədə fikir mübadiləsi aparaq. Yüz illərlə osmanlılarla birlikdə hüzur içində yaşayan, hətta yüksək vəzifələrə gətirilən ermənilərə qarşı Osmanlı hakimiyyəti niyə tədbir almaq fikrinə düşdü? Əcəba, siz o dönəmdə başqa çevrələrin sizi bir az həyəcana gətirməsi ilə niyə fürsətcil davrandınız? Bəlkə, siz silahlanıb onsuz da dağılmaqda olan Osmanlı imperatorluğunu arxadan xəncərlədiniz? Belə olan təqdirdə o dövlətin özünü müdafiə etmək, tədbir görmək haqqı heçmi yoxdur? Prezident cənab Rəcəb Tayyib Ərdoğan baş nazir olan zaman çıxışında bildirmişdi ki, o dönəmdə çox çətin vəziyyətdə həyatını itirən Osmanlı sıralarında ermənilər də vardı, onların xatirələrini sayğı ilə anırıq. Bu, çox önəmli fikirlərdir, Anadolu kültürünün tolerantlığının təzahürüdür. Biz masaya oturub o dönəmdə nələr olduğunu müzakirə etməyə hazırıq. Amma ermənilər alnımıza onları qətl etdiyimizə dair damğa vurulmasını arzulayırlar. Bunu heç bir Türkiyə vətəndaşı, azərbaycanlı qardaşımız qəbul edə bilməz. Açığı, dünyanın müxtəlif parlamentarilərindən 15 özünə yaxın adama bu və ya digər vasitələrlə Ermənistanın xeyrinə qəbul etdirdikləri qərarı əhəmiyyətli saymırıq. Təəssüf ki, dünyada türk dünyasına qarşı önyarğı olduğu aşkardır, erməni diasporunun aktivliyi göz önündədir. Bunun qarşılığında biz də öz növbəmizdə həqiqətləri dünyaya çatdırmağa çalışacağıq. Azərbaycanla birlikdə Qarabağ məsələsində olduğu kimi, bu məsələdə də türk tarixinin təhrif edilməsi, türk mədəniyyətinin qorunması istiqamətində birgə mübarizəmizi davam etdirəcəyik. Asan mübarizə deyil, amma hüquqi cəhətdən haqlı olduğumuz hər gün açıq şəkildə sübuta yetirilir.

“Terrorizm tamamilə aradan qalxanadək onunla mübarizə davam edəcək”

A.Lətifov: PKK ilə mübarizə istiqamətində hədəflər nədən ibarətdir? Sanki onların tələbləri təmin olunduqca, istəkləri bitmir. Belə iddialar da var ki, Xalqların Demokratik Partiyası (HDP) PKK-ya dəstək verir...
- PKK terror qruplaşmasıdır, bu, şübhəsizdir. Terrorçularla Türkiyə Cümhuriyyətinin bazarlıq etməsi müzakirə mövzusu belə deyil. Türkiyədə kürd kökənli vətəndaşlarımızın tələblərinə dövlətimiz imkanları çərçivəsində liberal yanaşdı, onların yerinə yetirilməsinə çalışdı. Bu, türk demokratiyası, vətəndaşlarımızın rifahı üçün vacib addımlardır. Terrorizm tamamilə aradan qalxanadək onunla mübarizə davam edəcək. Bugünkü situasiyaya baxanda bu hədəfə nə zaman çatacağımız barədə dəqiq tarix deyə bilmərik. Amma Türkiyə Cümhuriyyəti olaraq bütün terror qruplaşmalarına qarşı necə mübarizə aparırdıqsa, mübarizəmizə eyni templə davam edəcəyik. HDP Türkiyədə qeydiyyata alınmış siyasi partiyadır. Onun terrorla bağlı olub-olmadığı barədə mənim hökm vermək, fikir bildirmək səlahiyyətim yoxdur. Bir şeyi xüsusi qeyd etmək istərdim, Türkiyədə biz son seçimlərdə də göstərdik ki, Türkiyənin içərisindəki siyasi mücadilə nə qədər “gərgin və həyəcanlı” görünür-görünsün, Türkiyədə oturuşmuş demokratiya var. Tariximizdə ilk dəfə seçkilərdən sonra hökumət qurula bilmədi, koalisiya ilə bağlı görüşlər uğursuz oldu, bu, bizim üçün ilkdir. Bəs, nə oldu? Konstitusiya nəyi tələb edirsə, o cür hərəkət etdik. 7 iyundan 1 noyabradək bütün işlər öz axarı ilə davam etdi. Məsələn, həmin dönəmdə Xarici İşlər naziri Firudin Siniroğlu Azərbaycana gəldi, G-20 ilə bağlı sürəc davam etdi. Yeni seçkilər oldu, məlum sonuc ortaya çıxdı, indi də hökumətimiz qurulur. Türkiyədəki hər hansı qrupun tələbini, gözləntilərini ifadə etmək ortamı TBMM-dir. Bütün siyasi partiyalar təmsil etdikləri mövqe və inancın platforması Məclis və siyasi arenadır.

Ardı var...

P.S. Müsahibə Rusiya qırıcısının Türkiyə tərəfindən vurulmasından öncə götürülüb.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR