Rusiya mediasından Qarabağda müharibə SSENARİSİ
Bizi izləyin

Nida.az

Rusiya mediasından Qarabağda müharibə SSENARİSİ

“Tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasından çox uzaqdır. Hazırda təmas xəttində gərginliyin artacağı ehtimalı daha yüksəkdir”.


Publika.az xəbər verir ki, bu barədə Rusiyanın “Nezavisimaya qazeta” nəşri yazıb.

Nəşr Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin bir neçə gün öncə qondarma “DQR”-in “xarici işlər naziri” Karen Mirzoyanla görüşünə diqqət çəkir: “Rəsmi Bakı buna sərt reaksiya verdi və diplomatın əvəzlənməsini tələb etdi. Vaşinqton isə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini açıqladı. Uorlikin özü də Azərbaycanın ərazi bütövlüyünün danışıqlar prosesində əsas xətt olduğunu diqqətə çatdırdı. Ermənistan isə Uorlikin Mirzoyanla görüşünü ABŞ-ın “DQR” “rəsmilərini” qəbul etməsi kimi qələmə verdi. Bu qarışıq vəziyyətdə prezidentlərin görüşərək münaqişənin nizama salınması istiqamətində hansısa irəliləyişə nail olacağını demək çətindir”.

Qəzet qeyd edir ki, bütün bunların fonunda Dağlıq Qarabağda gərginlik artıb, təmas xəttində toqquşmalar güclənib.

“Məlumatlardan belə görünür ki, cəbhədə top atəşləri gecə-gündüz səngimək bilmir. Bu haqda məlumatlar bəlkə də bir az şişirdilir, lakin o faktdır ki, hər iki tərəfdən qurbanlar var. Belə bir vaxtda ABŞ Dövlət katibinin münaqişənin həlli üçün səylərin artırılması haqda açıqlaması təsadüfi deyil”, - deyə nəşr bildirir.

Məqalədə vurğulanır ki, təmas xəttində gərginliyin şiddətləndiyi bir vaxtda Prezident İlham Əliyevlə Serj Sarkisyanın danışıqlar masasında hansısa ortaq məxrəcə gələ biləcəyini gözləmək mümkün deyil: “Çünki bu ağır fonda görüşlərin mənası da itir”.

Mediada münaqişələrin işıqlandırılması üzrə ekspert Şahin Rzayev də hesab edir ki, indiki vəziyyətdə tərəflərin münaqişə ilə bağlı hansısa ciddi dəyişiklik əldə edəcəyi inandırıcı deyil: “Nə dünyadakı vəziyyət, nə də Ermənistan rəhbərliyinin mövqeyi buna imkan vermir. Digər tərəfdən, əsas regional oyunçu olan Rusiya münaqişənin belə qalmasında maraqlıdır. Çünki o, bununla İrəvana və Bakıya təzyiq edə, regionda öz maraqlarını saxlaya bilir. Xüsusilə son vaxtlar Moskva Bakını öz orbitinə çəkmək üçün ciddi cəhdlər edir. Bu baxımdan, mediada bəzən Moskvanın işğal olunmuş rayonları Azərbaycana qaytaracağı haqda məlumatlar yayılır. Lakin Rusiyanın siyasi xəttində bu özünü göstərmir”.

Ş. Rzayevin fikrincə, dünyada siyasi münasibətlər mürəkkəbləşəndən sonra Dağlıq Qarabağ ətrafında da vəziyyət çətinləşdi.

“Ankara və Moskvanın qarşıdurma həddinə gəlməsi, eləcə də dünyada və regionda baş verən bir çox proseslər Qarabağ cəbhəsində də gərginliyin artması ehtimalını önə çıxarır. Lakin fikrimcə, bu genişmiqyaslı müharibədən çox, lokal qarşıdurma ola bilər”, - deyə ekspert vurğulayıb.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm