Dəyişikliklər anonsu: Prezidentin müəyyənləşdirdiyi istiqamətlər - TƏHLİL
Bizi izləyin

Nida.az

Dəyişikliklər anonsu: Prezidentin müəyyənləşdirdiyi istiqamətlər - TƏHLİL

2015-ci il dünya siyasi sisteminin çökməsi və münaqişələrin alovlandığı dövr olaraq tarixə keçdi. Rusiya-Qərb qarşıdurması, Yaxın Şərq böhranı, İran-Səudiyyə qarşıdurması və bu kimi gərginlik ocaqları fonunda dünya iqtisadiyyatı uzun müddətdən sonra enişə doğru sürüklənir. Süni şəkildə yaradılan problemlər neft bazarına da ciddi təsir etdi və nəticədə neftin qiyməti 4 dəfəyə qədər aşağı düşdü. Demək olar ki, dünyanın əksər ölkəsində iqtisadi çətinlik qapını döydü. Misal üçün, MDB məkanında Rusiya, Qazaxıstan kimi böyük iqtisadiyyata sahib ölkələrdə belə vəziyyət ürəkaçan deyil. Milli valyutalar 100 faizdən çox devalvasiya olub, gəlirlər azalıb, sosial problemlər çoxalıb. Təbii ki, dünyada siyasi maraqlardan irəli gələn süni iqtisadi çətinlik bizim də ölkəmizə təsir edərək, manatın devalvasiyasını qaçılmaz etdi. Bütün bunların fonunda Azərbaycan iqtisadiyyatı yenə ön plandakı mövqeyini müəyyən qədər qorumaqdadır.

Hər şeyə rəğmən, Azərbaycan 2015-ci il göstəricilərinə görə bir çox ölkəni qabaqlayıb.

İqtisadi göstəricilər: 2015-ci ildə ÜDM 1 faizdən çox, sənaye istehsalı 2.4 faiz, qeyri-neft sənayesi isə 8.4 faiz artıb. Ötən il ölkə iqtisadiyyatına 20 milyard dollara yaxın sərmayə qoyulub. Bunun yarısı xarici investisiyalardır. Davos Dünya İqtisadi Forumu Azərbaycanı iqtisadiyyatın rəqabət qabiliyyətliliyinə görə 40-cı yerə layiq görüb.

Sosial layihələr: Azərbaycan hər şeydən öncə sosialyönümlü dövlətdir. Ölkə rəhbərliyinin bu siyasəti həmişə, hətta ən çətin dövrlərdə belə davam edib. Ötən il reallaşdırılan sosial layihələr də bunu deməyə əsas verir. Belə ki, il ərzində 60-ə qədər tibb müəssisəsi, 20-dən çox məktəb tikilib və ya əsaslı şəkildə təmir edilib, 23 məktəbdə təmir işləri aparılır. Uşaq bağçalarının tikintisi davam edir. İnsanlara daha böyük məbləğdə ünvanlı dövlət sosial yardımı verilib. Bu gün 112 min ailə, 500 minə yaxın insan hər ay dövlətdən orta hesabla 152 manat yardım alır və il ərzində verilən bu məbləğ 7 faiz artıb. Həm paytaxtda, həm də regionlarda yüz mindən çox yeni iş yerləri açılıb. Bunlardan da 84 mini daimi iş yeridir.

2015-ci il Azərbaycanda “Kənd təsərrüfatı” ili olaraq da tarixə keçdi. Rəsmi məlumatlara görə, il ərzində kənd təsərrüfatı 6,6 faiz artıb. Ciddi islahatlar aparılıb. İl ərzində kənd təsərrüfatının inkişafı üçün atılan addımlar qarşıdakı illərdə bu sektorun ön plana çıxmasını əsaslandıracaq. Gözləntilərə görə, Azərbaycanın ərzaq təhlükəsizliyi 100 faiz təmin olunacaq. Gələcəkdə neft və qazla yanaşı, kənd təsərrüfatı məhsullarının ixracının artacağı proqnozlaşdırılır. Artıq bunun üçün hazır bazarlar da mövcuddur. Belə ki, Rusiyada, Qazaxıstan, həmçinin, Yaxın Şərq ölkələri Azərbaycan məhsullarını idxal etməyə hazırdırlar.

Dünyadakı kataklizmlər fonunda ölkəyə yatırılan 20 milyard investisiyanın yarısının xarici sərmayədarlara məxsus olması olduqca böyük göstəricidir və bu, heç də təsadüfi deyil. Çünki Azərbaycanda xarici investorların fəaliyyətinin asanlaşdırılması məqsədilə daim işlər həyata keçirilir. Dövlət başçısının “Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında “bir pəncərə” prinsipinin tətbiqi haqqında” 11 noyabr 2008-ci il tarixli Fərmanına əsasən, bir sıra dəyişikliklərin edilməsi, həmçinin, bir sıra güzəştlərin qəbul edilməsi xarici investisiyanın Azərbaycanın şəffaf iqtisadi mühitində fəaliyyətini genişləndirib. Həmin güzəştlərdən biri də, Hasilatın Pay Bölgüsü haqqında Sazişlərdə (HPBS) və boru kəməri layihələri üzrə sazişlər çərçivəsində fəaliyyət göstərən podratçıların, onların agentlərinin və subpodratçıların idxal rüsumunu ödəmədən və məhdudiyyətsiz neft-qaz sənayesi təyinatlı əmtəələri Azərbaycana idxal və yenidən-ixrac edə bilməsidir. HPBS rejimli idxala ƏDV 0 faiz tətbiq olunması da bu güzəştlər sırasındadır. Eyni zamanda, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi” haqqında qanuna əsasən, neft-qaz sahəsində podratçıların və subpodratçıların ixrac məqsədli fəaliyyətinə 0 faiz dərəcəsi ilə ƏDV tətbiq olunur. Xarici sərmayələrin cəlb olunması üçün bundan sonra da mühüm addımlar atılacaq.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı 2016-cı ilin prioritet istiqamətlərini müəyyənləşdirdi. Dövlət başçısının çıxışı əminlik yaradır ki, bu il də Azərbaycanda sosial rifah yüksələcək, iqtisadi artım müşahidə olunacaq. Əvvəlki illərin təcrübəsi də dövlət rəhbərliyinin qarşıya qoyduğu məsələləri həyata keçirəcəyini deməyə əsas verir.

Prezident İlham Əliyevin çıxışı həm də ona əminlik yaratdı ki, süni ajiotajın yaradılmasına baxmayaraq, iqtisadiyyatda heç bir ciddi problem olmayacaq, hazırkı müvəqqəti çətinlik dövrü qısa bir zamanda dəf ediləcək.



Dövlət başçısı çıxışı zamanı həyata keçirilməsi vacib olan prioritetləri də müəyyənləşdirdi:

Sahibkarlığın inkişafı

- İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı 2016-cı ildə iqtisadi sahədə əsas prioritet olacaq. Neftdən asılılıq minimum səviyyəyə endiriləcək. Xarici sərmayəni ölkəyə cəlb olunması prosesi davam etdiriləcək, xüsusilə qeyri-neft sektoruna yatırımlar Azərbaycanın potensialını gücləndirəcək, idxaldan asılılığını azaldacaq.

- Dövlət qurumları iş adamları üçün bütün şəraiti yaratmalı, biznes mühitinin yaxşılaşdırılması istiqamətində əlavə tədbirlər görülməli, güzəştəli kreditlərin verilməsi siyasəti davam etdirilməlidir.

Qeyd edək ki, Azərbaycanın nail olduğu iqtisadi dayanıqlığı, ilk növbədə, dövlətin iqtisadi mühitdə yaratdığı şəffaflıq, biznes fəaliyyətinə başlamaq üçün sadəliyin təmin edilməsi və dövlət tərəfindən özəl sektora göstərilən dəstəkdir. Təsadüfi deyil ki, ölkədə sahibkarlığın inkişafının sürətləndirilməsi, biznes mühitinin əlverişliliyinin daha da artırılması və biznesə başlama prosedurlarının sadələşdirilməsi üçün zəruri tədbirlərin görülməsi məqsədi ilə Prezident İlham Əliyevin “Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin “bir pəncərə” prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında” 2007-ci il 25 oktyabr tarixli Sərəncamı ilə biznesə başlamaq proseduru kifayət qədər sadələşdirildi. Belə ki, “bir pəncərə” sisteminin tətbiqindən sonra biznesini qeydiyyatdan keçirmək istəyən sahibkar əvvəllər olduğu kimi uzun müddət deyil, 3 gün gözləyir və tələb olunan prosedurların sayı 15-dən 5-ə qədər azaldılıb. Bunun ardınca isə sadələşdirmə prosesinin məntiqi davamı olaraq, biznesə başlamaq istəyən şəxsin elektron qeydiyyata alınması üçün həyata keçirilən prosedur 6-dan 3-ə endirilib. Tələb olunan sənədlər isə 2-yə qədər azaldılıb.
Sahibkarlıq fəaliyyətinə tətbiq olunan vergi dərəcələri də azaldılıb. Belə ki, vergi dərəcələri tədricən 35 faizdən 20 faizə, ƏDV-nin dərəcəsi 28 faizdən 18 faizə endirilib, o cümlədən, bir sıra vergilərin ləğv edilməsi, fiziki şəxslərin gəlirlərindən tutulan vergilərin dərəcələrinin maksimum həddinin isə 55 faizdən 35 faizə endirilməsi sahibkarlıq fəaliyyətinin stimullaşdırılması ilə nəticələnib. Təkcə 2015-ci il ərzində 5 min 240 sahibkara güzəştli şərtlərlə 250 milyon manat məbləğində kreditlər verilibdir. Yeni dəyişikliklərə görə, bu ildən başlayaraq vergi tutmaları daha da azaldılacaq.

Pensiya və əmək haqları

- Dövlət başçısı 2016-cı ildə pensiya və əmək haqlarının artacağının anonsunu verdi. Tapşırıqlara əsasən, dövlət büdcəsinə düzəlişlər ediləcək, dürüstləşmə aparılacaq.

- Texnoparklar, sənaye klasterləri, bütün regionlarda sənaye zonaları yaradılacaq.

Prezident İlham Əliyev inhisarçılığa qarşı mübarizənin genişlənəcəyini də bildirdi.

2016-cı ildə də iqtisadi inkişaf templəri təmin edilməli, bu, daxili resurslar hesabına, düşünülmüş siyasət, islahatlar, o cümlədən struktur islahatları nəticəsində olmalıdır. Neftdən asılılıq minimum səviyyəyə enməlidir. Neft Fondunun vəsaiti qorunmalıdır. Gəlirlərin artırılması üçün üç istiqamətə fikir verilməlidir: Vergi bazası genişləndirilməlidir. Qeyri-formal iqtisadi fəaliyyəti leqal müstəviyə gətirmək üçün çox ciddi addımlar atılmalıdır; Gömrük rəsmiləşdirilməsi və bütün idxal-ixrac əməliyyatları tam şəffaf aparılmalıdır; İnhisarçılığa qarşı daha da ciddi mübarizə aparılmalıdır”.

Dövlət başçısı çıxışı zamanı köklü dəyişiklərin olacağını qeyd edib.

Bununla yanaşı;

- Dövlət şirkətlərinin idarəetmə qaydaları dəyişdiriləcək, bütün sahələrdə şəffaflıq təmin ediləcək.

- “ASAN Xidmət” təcrübəsi genişlənəcək.

- Lazım olmayan qurumlar ləğv edilməsi istiqamətində yaxın gələcəkdə addımlar atılacaq.

- Tikinti ilə bağlı yeni qaydalar tətbiq ediləcək.

- Vahid nəqliyyat sistemi yaradılacaq.

Prezident İlham Əliyevin açıqladığı prioritet istiqamətlərin hər biri Azərbaycan xalqının daha da yaxşı yaşamasına hesablanıb. Bunu hər bir azərbaycanlı yaxşı anlayır. Bundan sonra da xalqın dövlət rəhbərliyinin apardığı siyasətə dəstək verməsi şübhəsizdir.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm