Elmar Məmmədyarov İndoneziya səfiri ilə görüşdü – FOTO
Bizi izləyin

Nida.az

Elmar Məmmədyarov İndoneziya səfiri ilə görüşdü – FOTO

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İndoneziyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Raden Prayono Atiyantonu diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Publika.az-ın məlumatına görə, görüşdə nazir Elmar Məmmədyarov Cakarta şəhərində törədilmiş silsilə terror aktları nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən İndoneziya Prezidenti Joko Vidodoya, tərəfindən isə İndoneziya xarici işlər nazirinə başsağlığı məktublarının ünvanlandığını diqqətə çatdırıb.

E.Məmmədyarov terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycanın terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə qınadığını bildirib.

Səfir başsağlığı məktublarına, terror aktları nəticəsində insan itkisi ilə əlaqədar İndoneziyanın kədərinə şərik çıxmasına və göstərilən dəstəyə görə təşəkkürünü bildirərək, bunun Azərbaycan və İndoneziyanın terrora qarşı birliyinin nümunəsi olduğunu qeyd edib.

Nazir Elmar Məmmədyarov İslam dünyasında həmrəyliyin vacibliyini xüsusi vurğulayıb.

Görüşdə Azərbaycan və İndoneziya arasında siyasi, iqtisadi, enerji və digər sahələrdə əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub, iki ölkənin xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin həyata keçirilməsinin və terrorizmə qarşı mübarizədə birgə səylərin zəruriliyi vurğulanıb.

Səfir Raden Prayono Atiyanto diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Nazir Elmar Məmmədyarov Azərbaycan və İndoneziya arasında münasibətlərin inkişafına verdiyi töhfəsinə görə səfirə təşəkkürünü ifadə edərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm