Azərbaycan ikinci dəfə dünyaya “iqtisadi model” təqdim edir - TƏHLİL
Bizi izləyin

Nida.az

Azərbaycan ikinci dəfə dünyaya “iqtisadi model” təqdim edir - TƏHLİL

2008-ci ildə başlayan qlobal maliyyə böhranı XX yüzilliyin 30-cu illərində yaşanan “Böyük böhran”dan (Great Depression) sonra dünyanın gördüyü ən böyük iqtisadi çətinlik idi. Həmin ilin dördüncü rübündə dünya iqtisadiyyatı zəiflədi və neftə olan tələbat azalmağa başladı. Bundan istifadə edən spekulyantlar – fürsətçilər pullarını itirməmək üçün investisiya obyekti kimi aldıqları nefti satmağa başladılar. Nəticədə neftin qiyməti 150 dollardan 40 dollara düşdü.


Yanımızdakı Rusiyadan tutmuş, uzaq Amerikadakı neft ölkələrinə qədər bütün ölkələr böhranın acısını daddı. Hər bir neft ölkəsi kimi bu, Azərbaycana da təsir etməli idi. Amma... Təsadüfi deyil, dünyanı lərzəyə salan böhranı inkişafla dəf edən Azərbaycan modeli həmin vaxtdan etibarən bir çox ölkələr, xüsusilə inkişaf etməkdə olan ölkələr üçün nümunəyə çevrildi. Səbəb sadə idi: Düzgün iqtisadi strategiya. Əcnəbilərin “İqtisadi inkişafın Azərbaycan modeli” adlandırdıqları strategiya son 10 ildə ölkəni inkişafa doğru apara bildi. Bunun nəticəsi olaraq, Azərbaycan Cənubi Qafqaz iqtisadiyyatının 80 faizinə qədərini özündə birləşdirir, hətta bugünkü çətin iqtisadi situasiyada belə bu göstərici dəyişməz olaraq qalır.


Beynəlxalq reytinq agentliklərinin hesabatlarında Azərbaycanın mövqeyi də dünyanın iqtisadi mənzərəsindəki yerimizi aydın göstərir.

Misal üçün, Dünya İqtisadi Forumunun “Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan MDB ölkələri arasında lider olaraq təqdim olunur.
“Standard and Poors” beynəlxalq reytinq agentliyi ölkə iqtisadiyyatını əks etdirən göstəricini “Stabildən” “Pozitivə” yüksəldib, “Fitch Ratings” agentliyi isə Azərbaycana beynəlxalq səviyyəli “sabit” investisiya reytinqi verib.


Bununla yanaşı, son illərin reytinq hesabatları da Azərbaycan iqtisadiyyatının gücünü açıq şəkildə göstərir. Belə ki, Ümumdünya İqtisadi Forumu (ÜİF) 2014-2015-cü illər üzrə dünya iqtisadiyyatlarının rəqabətə davamlılıq reytinqində Azərbaycan dünya iqtisadiyyatının daha rəqabətə davamlı ölkələri sırasına daxil olaraq, 144 ölkə arasında 38-ci oldu.
UİF-in makroiqtisadi sabitlik reytinqinin göstəricilərinə görə isə ölkəmiz ilk 10-luqda qərarlaşdı. Hesabatda həmçinin, Azərbaycan əmək bazarının effektivliyinə görə 33-cü, innovasiya potensialının göstəricilərinə görə 72-ci, texnologiya səviyyəsinə görə 56-cı, təsisatların keyfiyyətinə görə isə 60-cı yeri tutdu.


Son 10 ildə Azərbaycan insan indeksinin inkişafına görə də dünyada liderlər sırasına qalxıb. Təsadüfi deyil ki, İnsan İnkişafı İndeksinin artımının sürətinə görə dünya göstəricisini iki dəfə qabaqlayaraq, planetin “Top-15”-liyinə daxil ola bilib. Tədqiqatlar göstərir ki, heç də iqtisadiyyatı sürətlə inkişaf edən ölkələrin hamısı Azərbaycan kimi insan inkişafı indeksini yaxşılaşdıra bilmir. Məsələn, son illər iqtisadiyyatları sürətlə artan Çin, Braziliya və Türkiyə kimi dövlətlər insan inkişafı indeksinə görə Azərbaycandan xeyli geridə qalırlar. Bu müqayisə Azərbaycan hökumətinin iqtisadi müstəvidə əldə etdiyi nəticələrin uğurla insanların sosial rifah müstəvisinə transformasiya etdiyinin göstəricisidir.
Bununla yanaşı, İnsan İnkişafı hesabatlarında Azərbaycanın uğurlu mövqelərindən biri də Gəlirlər üzrə Cini indeksində ən aşağı həddə - 16.8-ə bərabər olmasıdır ki, bu da ölkəmizdə gəlirlərin əhali qrupları arasında planetin digər dövlətləri ilə müqayisədə ən ədalətli bölgüsünü ehtiva edir. Belə ki, “qeyri-bərabər bölgü də nəzərə alınmaqla adambaşına düşən gəlir” səviyyəsinə görə Azərbaycan dünyanın 50 ən güclü inkişaf etmiş ölkəsinin sırasına daxil olub. Məlumat üçün deyək ki, İnsan İnkişafı İndeksi – adambaşına gəlir, təhsil və səhiyyə səviyyəsi əsas götürülərək hesablanır.


Bu göstəricilər bir çox ölkənin tətbiq etmək istədiyi “Azərbaycan modeli”nin faktiki olaraq uğurlu olduğunu sübut edir.

***

XXI yüzillikdə dünya yenidən böhran mərhələsinə qədəm qoyur və dünyanın bir parçası olan Azərbaycan iqtisadiyyatı da mənfi təsirlərə məruz qalır. Bu təbiidirmi? Bəli, dünyanın iç-içə olan iqtisadi və siyasi kataklizimləri bir çox şeyi qaçılmaz edir. Sadəcə olaraq, vəziyyətdən çıxış yolu üçün ölkə və cəmiyyət olaraq daha sıx birləşməli, gələcəyə inanmalıyıq. Çünki “Həyatda qorxmalı olduğumuz heç nə yoxdur, sadəcə başa düşməli olduğumuz şeylər vardır”.

Nobel mükafatçısı Mariya Kyurinin bu sözlərini yaranmış situasiyada xatırlamamaq olmur. Bizə düşən inanmaq və başa düşməkdir. Hər şeydən öncə baş verənlərin ölkə daxili ilə heç bir bağlılığının olmadığını anlamalı və son 10 ildə iqtisadi inkişafın “Azərbaycan modeli”ni yaradan Prezident İlham Əliyevin irəli sürdüyü proqramlara inanmalıyıq.

Bəli, ölkədə kiçik ranqlı məmurların səhv addımları insanları incidə, işbazlar yaranmış vəziyyətdən öz məqsədləri üçün istifadə edə, süni qiymət artımı kimi hallar mövcud ola bilər.

Lakin dövlət başçısı bütün bunların qarşısını almaq və Azərbaycan xalqının daha rifah yaşaması üçün konkret addımlar müəyyənləşdirdi. Bu proqramların yaxın günlərdə müsbət təsirinin olacağı dəqiqdir.


a) İnsanların sosial müdafiəsi ən çətin situasiyalarda belə diqqətdə saxlanılacaq.

Regionda, eləcə də MDB məkanında bütün ölkələr eyni iqtisadi çətinliyi yaşayır və bu dövlətlər vəziyyətdən çıxış üçün daha çox ixtisarlara, əmək haqlarında kəsirlərə getməyə üstünlük verirlər. Bu isə faktiki olaraq sadə vətəndaşın sosial durumunu ağırlaşdırır. Lakin Prezident İlham Əliyev mənfi iqtisadi mənzərəyə rəğmən hər şeydən öncə vətəndaşların sosial müdafiəsi istiqamətində addım atdı. Dövlət başçısının sərəncamına əsasən pensiyalar və əmək haqları artırıldı. Hətta il ərzində bu məsələyə yenidən baxılacağı gözlənilir. Bu, ölkədə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşının dayandığını bir daha göstərir.

b) Süni bahalaşmaya qarşı ciddi mübarizə aparılır.

Dünya təcrübəsi göstərir ki, qarışıq iqtisadi durumlarda işbazlar daha çox qazanmaq üçün vətəndaşın cibinə girməyə cəhd edirlər. Bu, əksər ölkələrdə adi hal alıb. Əsas olan bu cür vəziyyətdə atılan addımlardır. Azərbaycanda da manatın kursunun zəifləməsi ilə bir çox işbaz süni qiymət artımına cəhd göstərdi. Lakin birbaşa dövlət rəhbərliyi tərəfindən edilən müdaxilə nəticəsində bunun qarşısı alındı. Misal üçün, çörək, un, yumurta və bir çox zəruri ərzaq məhsullarının qiymətləri stabil saxlanıldı. Bu mübarizə bundan sonra daha ciddi şəkildə aparılacaq.

Prezident İlham Əliyev iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirədə çıxışı zamanı bununla bağlı sərt göstərişlərini verdi.

Təxribatçılar, işbazlar, dəllallar ciddi şəkildə cəzalandırılacaqlar. Son illər ərzində Azərbaycanda əldə edilmiş uğurları qorunacaq, ölkəmizin sürətli inkişafını təmin ediləcək. Yaranmış vəziyyətdən şəxsi maraqlar üçün istifadə olunmasına imkan verilməyəcək”, - deyə dövlət başçısı son nöqtəni qoydu.

c) Valyuta bazarının tənzimlənməsi.

Prezident İlham Əliyevin müşavirədə qarşıya qoyduğu əsas vəzifələrdən biri məhz bu idi.

Hazırda valyuta bazarının tənzimlənməsi məqsədilə zəruri tədbirlərin həyata keçirilməsinə start verilib. Dövlət başçısının tapşırığına əsasən Mərkəzi Bank valyuta intervensiyası (ölkənin Mərkəzi bankının iri həcmdə əcnəbi valyutanın alınması və yaxud satılması yolu ilə ölkənin valyuta bazarına və valyuta məzənnəsinə məqsədli şəkildə təsir etməsi. Valyuta intervensiyası əcnəbi valyuta məzənnələrinin dövlətin maraq çərçivəsi daxilində tənzimləmək üçün həyata keçirilir) tədbirlərini həyata keçirir.

Təsadüfi deyil ki, atılan addımlar nəticəsində Azərbaycan manatı qonşu ölkələrin valyutası arasında ən çox müqavimət göstərən valyuta olub.


Dövlət başçısı Azərbaycanın milli valyutasına etimadın bərpa olunması ilə bağlı da tapşırıqlarını verdi. Hökumət bu tapşırıqların həyata keçirilməsi üçün zəruri addımlara başlayıb. Lakin Azərbaycan vətəndaşları da onlar üçün atılan bu addımlara yardım etməli, misal üçün, xarici valyuta alışını məhdudlaşdırmalıdır. Bu, valyuta bazarında süni bahalaşmanın qarşısını almağa kömək edəcək addım ola bilər.
Bütün hallarda Azərbaycan dövlətinin siyasətinin mərkəzində ölkə vətəndaşları dayanır. Təsadüfi deyil ki, problemli kreditlərin həlli üçün dövlət başçısının tapşırığına əsasən konkret proqramlar hazırlanıb. Həmçinin, əmanətlərin sığortalanması məsələsi aktualdır.

Bank sektorunun tənzimlənməsi məsələləri həll olunacaq. Problemli bankların sağlamlaşdırılması prosesi getməli, bank konsolidasiyası aparılmalı və əmanətlərin sığortalanması məsələsi öz həllini tapmalıdır”, - deyə Prezident İlham Əliyevin müşavirədə verdiyi tapşırıqlar istiqamətində addımlar atılır.

Mərkəzi Bankın sədri Elman Rüstəmov görülən işlərlə bağlı danışarkən bildirib ki, atılan vacib addımlardan biri bankdan kənarda valyuta mübadiləsi aparan məntəqələrin ləğvi olub: “Həmin məntəqələr müəyyən ajiotaj yaradırdı. Lakin siz görürsünüz ki, hazırda valyuta bazarında situasiya sabitləşib. Digər tərəfdən, atdığımız addımlar bütövlükdə bazarın valyutaya olan ilkin ajiotaj tələbatının, psixoloji tələbatının ödənilməsidir”.

d) Qeyri-neft sektoru inkişafı istiqamətində daha ciddi addımlar atılacaq.

Azərbaycan neft ölkəsi olsa da, indiyə qədər “qara qızıl”dan əldə olunan gəlirlər qeyri-neft sektoruna uğurla transfer edilib. Nəticədə qeyri-neft sektorunun inkişafı 10 faizə qədər artıb. Əslində qeyri-neft sektorunun inkişafı üçün öncədən addımlar atılmasaydı, indiki şəraitdə vəziyyətdən çıxmaq daha çətin olacaqdı.

İndiki şəraitdə ölkə rəhbərliyi qeyri-neft sektorunun inkişafı istiqamətində daha ciddi tədbirlər görmək niyyətindədir. Belə ki, 2016-cı ildə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə fermerlərə, iş adamlarına ən azı 250 milyon manat güzəştli kredit veriləcək və sahibkarların vəsaitləri nəzərə alınmaqla iqtisadiyyatın real sektoruna investisiyaların həcmi 1 milyard manata yaxın olacaq.

Dövlət başçısının tapşırığına əsasən idxalı azaltmaq üçün yerli istehsal mallarının tərkibində xarici komponentlər aradan götürüləcək, Azərbaycanda istehsal olunan bütün ərzaq məhsullarının xammalı da yerli mənşəli olacaq. Bununla yanaşı, qiymətlərin tənzimlənməsi lazımi səviyyədə təmin ediləcək. Bank sektorunun tənzimlənməsi prosesi başa çatandan sonra onlar qeyri-neft sektoruna xüsusi diqqət göstərəcəklər.


Kompleks tədbirlərinə iş adamları üçün daha münbit şəraitin yaradılması da daxildir. Belə ki, iş adamlarının böyük tikinti layihələrini icra etməsi üçün sitmullaşdırıcı tədbirlər genişləndiriləcək. Beləliklə, yerli biznesmenlər investisiyalarını xaricə deyil, Azərbaycan daxilində yatırmaq imkanı əldə edəcək. Bu da, həm onların investisiyalarının təhlükəsizliyini təmin edəcək, həm də qeyri-neft sektorunun inkişafını sürətləndirəcək.

e) Davos forumundan öncə investisiya axınını təmin edəcək anons

Prezident İlham Əliyevin müşavirədə özəlləşdirmə ilə bağlı verdiyi anons ölkə iqtisadiyyatının inkişafı üçün olduqca praqmatik gediş idi.

Geniş özəlləşdirmə proqramı hazırlanmalı və həyata keçirilməli, biznes mühitini yaxşılaşdırılmalı, iqtisadi canlanma sürətləndirilməli, həm xarici, həm yerli investorlar bu işə cəlb edilməlidir. Özəlləşdirmə proqram tam şəffaf şəkildə həyata keçirilməli, beynəlxalq ekspertlər bu işə cəlb olunmalıdır. Yerli və xarici investorlar üçün elə şərait yaradılmalıdır ki, onlar böyük maraq və həvəslə bu prosesdə iştirak etsinlər”, - deyə Prezident İlham Əliyev müşavirədə vurğulayıb.

Dövlət başçısının bu anonsu iki mühüm aspekt daşıyır.

Birincisi, özəlləşdirmə dünya iqtisadi təcrübəsində ən mühüm addımlardandır. Xüsusilə iqtisadi çətinliyi yarandığı dövrlərdə bu addım “immunitent” effekti verir. Belə ki, biznesmenlər dövlətin balansında olan müəssisələri özəlləşdirməklə ölkəyə kapital yatırır, digər tərəfdən, bununla dövlət büdcəsinin yükü azalır. Hazırda iqtisadi çətinlik çəkən bir çox böyük dövlətlər bu addımı atmaq niyyətindədir. Bu, Azərbaycan dövlətinin düzgün iqtisadi siyasət yürütdüyünü deməyə əsas verir.


İkincisi, bu anonsun Davos İqtisadi Forumundan öncə verilməsi Azərbaycana yeni investisiyaların axınını təmin edə bilər. Bir neçə gün sonra Davosda dünya liderlərinin, həmçinin, böyük şirkətlərinin iştirakı ilə forum keçiriləcək. Prezident İlham Əliyev də bu foruma dəvətlidir. Dövlət başçısı forum öncəsi özəlləşdirmə ilə bağlı anons verməklə Davosda böyük şirkətləri ölkəmizə dəvət etmək pəncərəsi açdı. Güman ki, Azərbaycan prezidenti Davosdan Bakıya özü ilə birgə böyük investisiya layihələri də gətirəcək. Xarici investisiyanın ölkəyə yatırılması isə iqtisadi inkişaf üçün ən mühüm komponentlərdəndir.

2016-cı il Azərbaycan üçün uğurlu illərdən biri olacaq. Dövlət rəhbərliyi tərəfindən atılan addımlar və cızılan konturlar bunu deməyə əsas verir:

- Azərbaycanda iqtisadi islahatlar dərinləşəcək.
- Bütün iqtisadi və maliyyə sistemi şəffaflaşdırılacaq.
- Bank sektoru inkişaf etdiriləcək.
- Biznes mühiti daha da yaxşılaşdırılacaq.
- İş adamlarına yaxşı şərait yaradılacaq.
- Bütün bürokratik əngəllər aradan qaldırılacaq.

Prezident İlham Əliyevin son müşavirədə çıxışı və qarşıya qoyduğu vəzifələr 2008-ci ildə qlobal maliyyə böhranı zamanı olduğu kimi, bu dəfə də Azərbaycanın yaranmış vəziyyətdən uğurlu inkişafla çıxacağına əminlik yaradır.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm