İdxaldan asılılıq aradan qaldırılır: Prezident tapşırıq verdi
Bizi izləyin

Nida.az

İdxaldan asılılıq aradan qaldırılır: Prezident tapşırıq verdi

Prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatının yeni inkişaf prioritetlərini müəyyənləşdirdi.

Publika.az xəbər verir ki, dövlət başçısı keçirdiyi son iqtisadi müşavirədə idxaldan asılılığın aradan qaldırılmasının vacibliyini vurğulayıb.

“İdxaldan asılılıq aradan qaldırılmalıdır. Prioritet addımlardan biri yerli mallarının tərkibində işlədilən xarici komponentlərin daxildə istehsalını təşkil etməkdir. Belə olduqda həmin məhsulların qiyməti xeyli aşağı düşəcəkdir”, - deyə Prezident vurğulayıb.

Hazırda dünyanı bürüyən iqtisadi böhran fonunda belə bir addımın atılması ölkə iqtisadiyyatının dayanıqlı inkişafı üçün mühüm elementlərdən biri hesab oluna bilər. Çünki hər hansı bir məhsulun ölkəyə idxalı faktiki olaraq ondan asılılıq yaradır, nəticədə çətin iqtisadi situasiyalarda vəziyyət ürəkaçan olmur. Həmçinin, idxal olunan bir çox məhsul maya dəyərindən daha baha satılır ki, bu da həm dövlət büdcəsinə, həm də əhalinin sosial vəziyyətinə təsir edir. Məhz bu baxımdan dövlət rəhbərliyi tərəfindən idxaldan asılılığın azaldılması prosesinə start verilir.

Milli Məclisin deputatı Rövşən Rzayev deyir ki, hər kəs idxaldan asılılığın aradan qaldırılması işində maraqlı olmalıdır: “Çünki hazırkı situasiyada bu, ölkə iqtisadiyyatı üçün vacib amildir. İş adamları, sahibkarlar dövlətin yaratdığı münbit şəraitdən istifadə etməli, ölkə iqtisadiyyatına kapital yatırmalıdır”.

Onun fikrincə, idxaldan asılılığı aradan qaldırmaq üçün kənd təsərrüfatının inkişafını stimullaşdırmaq lazımdır: “Azərbaycanda kənd təsərrüfatı üçün həmişə münbit şərait olub və hazırda bu sektor inkişaf edir. Hesab edirəm ki, bu sektor enerjidən sonra ölkəyə ən çox gəlir gətirən sahə ola bilər”.

Deputat iqtisadiyyatın bütün sahələrinin inkişafı üçün qanunvericilik bazasında müəyyən dəyişikliklərə ehtiyac olduğunu qeyd edib.

Ekspertlər hesab edir ki, idxaldan asılılığı aradan qaldırmaq üçün yerli məhsulun istehsalına tam olaraq nail olana qədər, idxal olunan məhsullara vergi və gömrük güzəştləri tətbiq edilməlidir. Prezident İlham Əliyevin gömrük və vergi rüsumları ilə bağlı verdiyi son qərarlar əslində buna hesablanmış addımdır.

Misal üçün, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 15 yanvar 2016-cı il tarixindən etibarən əlavə dəyər vergisindən azad edilib. Nəticədə unun topdansatış qiyməti əhəmiyyətli dərəcədə azalıb, daşınma xərclərindən asılı olaraq, 50 kiloqramlıq 1 kisə unun qiyməti 21 manat 50 qəpiklə 22 manat 50 qəpik arasında, pərakəndə satış qiyməti isə 23 manatla 24 manat arasında formalaşıb. Unun yeni qiymətinə uyğun olaraq, 500 qramlıq çörək 30 qəpiyə, 700 qramlıq çörək isə 40 qəpiyə satılır.

İqtisadçı ekspert Vüqar Bayramov hesab edir ki, Azərbaycanda idxaldan asılılığın aradan qaldırılması üçün geniş potensial var: “Yerli istehsal hesabına tələbatı tam ödəmək bir hədəf olmamalıdır. Amma istehlakın daha çox yerli məhsullar hesabına ödənilməsi vacib amillərdəndir. Yerli istehsalın inkişafı yalnız istehlakdan asılılığı aradan qaldırmaq deyil. Yerli istehsalın güclü olması manatın devalivasiyası və yumşalması hallarında bazarda qiymət artımlarının qarşısını almağa kömək edir. O baxımdan Azərbaycan üçün yerli istehsal xüsusilə də ərzaq təhlükəsizliyi baxımından olduqca vacibdir”.

Onun sözlərinə görə, qonşu ölkələrdə bizim məhsullara olan tələbatı, həmçinin, mövcud ixrac qabiliyyətimizi nəzərə alaraq kənd təsərrüfatının inkişafını stimullaşdırmalıyıq: “Kənd təsərrüfatı kimi spesifik sahələri inkişafı avtomatik olaraq idxaldan asılılığı aradan qaldırır, əvəzində ixracı gücləndirir. Bu da iqtisadiyyatın dayanıqlılığını artırır”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm