Aydın Əliyev: “Dövlət Gömrük Komitəsinin rolu xeyli artırıldı”
Bizi izləyin

Nida.az

Aydın Əliyev: “Dövlət Gömrük Komitəsinin rolu xeyli artırıldı”

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevin APA-ya müsahibəsi

- Bu gün Dövlət Gömrük Komitəsinin yaranmasından 24 il ötür. Komitə ötən dövr ərzində necə inkişaf yolu keçib?

- Bu gün müstəqil Azərbaycan Respublikasında gömrük orqanlarının yaradılmasının 24-cü ildönümü tamam olur. Bu, həqiqətən də ölkəmiz üçün əlamətdar hadisədir.

Azərbaycanın iqtisadi strategiyasının həyata keçirilməsində, dövlətçilik təməlinin möhkəmləndirilməsində gömrük xidməti önəmli mövqeyə malikdir. Ölkəmiz suverenliyini bərpa etdikdən sonra 1992-ci il yanvarın 30-da Dövlət Gömrük Komitəsi yaradılıb. Lakin o zaman ölkədə gərgin siyasi vəziyyət gömrük xidmətinin fəaliyyətinə də öz təsirini göstərirdi. 1993-cü ildə yenidən respublika rəhbərliyinə gələn ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanın yeni inkişaf mərhələsinin əsasını qoydu. Həmin vaxtdan etibarən respublikanın ictimai-siyasi həyatında müsbət dəyişikliklər baş verdi, siyasi və iqtisadi sahələrdə ardıcıl şəkildə islahatlar aparıldı, bütün ölkələrlə bərabərhüquqlu və qarşılıqlı faydalı iqtisadi əməkdaşlığı nəzərdə tutan vahid iqtisadi strategiya formalaşdırıldı.

Müstəqilliyimizin ilk illərində ölkə iqtisadiyyatının digər sahələri kimi, ciddi tənəzzül dövrünü yaşayan gömrük xidməti məhz dahi rəhbərin hakimiyyətə qayıdışından sonra köklü kadr islahatları və kompleks tədbirlər nəticəsində stabil və dinamik inkişaf yoluna qədəm qoydu.

Azərbaycanın müasir gömrük sistemini müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev yaradıb. “Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir” - deyən Heydər Əliyev gömrük xidmətinin ölkə iqtisadiyyatının inkişafında rolunu yüksək qiymətləndirir və bu orqanın fəaliyyətini daim diqqətdə saxlayırdı. Respublikanın gömrük sistemi məhz ümummilli liderimiz tərəfindən müəyyən edilən siyasətə uyğun olaraq formalaşıb və inkişaf edərək çoxfunksiyalı kompleksə çevrilib.

Azərbaycanın dövlət büdcəsinin formalaşmasında Dövlət Gömrük Komitəsinin rolu xeyli artırıldı, gömrük işinin iqtisadi göstəriciləri və maddi-texniki resursları, informasiya təminatı yaxşılaşdırıldı, gömrük qanunvericiliyinin formalaşdırılması, hüquqi-normativ sənədlərin və gömrük işinə dair ilk milli dərsliklərin yaradılması, tədris-metodiki vəsaitlərin hazırlanması həyata keçirildi, Azərbaycan gömrüyünün beynəlxalq təşkilatlarla əlaqəsinin daha da möhkəmləndirilməsi və təcrübə mübadiləsi aparılması sahəsində səylər geniş xarakter aldı. Hazırda Azərbaycan Gömrük Xidməti mükəmməl hüquqi bazaya, inkişaf etmiş infrastruktura malik olmaqla, ölkənin quru, hava və dəniz yollarında respublikanın iqtisadi mənafeyini və təhlükəsizliyini qoruyur, qaçaqmalçılığa qarşı uğurla mübarizə aparır.

Bu gün Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev Azərbaycan gömrüyünün öz ənənələrini qoruyub saxlaması və daha da təkmilləşdirilməsi işini daim diqqət mərkəzində saxlayır. Qürur duyuruq ki, ölkəmizdə müasir tələblərə cavab verən modern gömrük sisteminin yaradılması işi dövlətimiz tərəfindən daim dəstəklənir və bu sahədə əldə olunan uğurlar layiqincə dəyərləndirilir.

İlbəil uğurlara imza atan Dövlət Gömrük Komitəsi və onun yerli orqanları ötən 2015-ci ildə də öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasını, Gömrük Məcəlləsini, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarını, Nazirlər Kabinetinin qərarlarını və gömrük işini tənzimləyən digər normativ-hüquqi aktları əldə rəhbər tutaraq tərtib olunmuş iş planı əsasında qurub.

- Hazırda gömrük orqanlarının qarşısında dayanan əsas vəzifələr hansılardır?

Respublikanın iqtisadi artım tempinə uyğun mühüm tədbirlərin davamlı

görülməsi məqsədilə Azərbaycan qanunvericiliyi ilə gömrük orqanları qarşısında da bir sıra mühüm vəzifələrin yerinə yetirilməsi qoyulub. Bu, əsasən ölkənin iqtisadi təhlükəsizliyinin qorunması və dünya təsərrüfatı ilə geniş əlaqələrin qurulmasından ibarətdir. Dövlət Gömrük Komitəsi və onun yerli strukturları tərəfindən ötən dövr ərzində idxal-ixrac əməliyyatları üzrə gömrük nəzarətinin təkmilləşdirilməsi, xarici-iqtisadi fəaliyyətdə gömrük tarif tənzimlənməsinin və gömrük orqanlarında maliyyə-vergi mexanizminin təkmilləşdirilməsi, gömrük-vergi qanunvericiliyinə dair normativ-hüquqi bazanın möhkəmləndirilməsi istiqamətində müvafiq işlər görülüb, qaçaqmalçılıq və gömrük qaydalarının pozulması halları ilə mübarizənin gücləndirilməsi, informasiya texnologiyalarının tətbiqi, elektron gömrük xidmətlərinin təşkili, beynəlxalq gömrük əməkdaşlığının genişləndirilməsi, gömrük orqanlarının maddi-texniki bazasının inkişaf etdirilməsi və s. sahələrdə bir sıra mühüm tədbirlər həyata keçirilib.

2015-ci il üçün Dövlət Gömrük Komitəsi üzrə müəyyənləşdirilən illik büdcə proqnozunun yerinə yetirilməsi təmin edilib. İl ərzində gömrük orqanları tərəfindən nəzərdə tutulmuş 1 milyard 590 milyon manat proqnoza qarşı, faktiki olaraq 1 milyard 591,91 milyon manat gömrük vergi və rüsumları toplanaraq dövlət büdcəsinə köçürülüb, proqnoz 100,12 faiz yerinə yetirilib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 81,1 milyon manat və ya 5,4 faiz çoxdur.

- Yola saldığımız ildə Dövlət Gömrük Komitəsi gömrük qaydalarına əməl edilməsinə necə nəzarət edib?

- Ötən il gömrük işi sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edən işlər həyata keçirilib. O cümlədən, ayrı-ayrı hissələr şəklində gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi həyata keçirilən zaman prosedur qaydalarını nizama salan “Komplekt (hissələr şəklində) halda və ya formada gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinə dair Metodiki Tövsiyə” sənədi, gömrük sərhədindən keçirilən malların müəyyən səbəblərdən gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi mümkün olmadıqda, həmin malların tam gömrük rəsmiləşdirilməsi başa çatanadək malların müvəqqəti saxlanca götürülməsi işini nizama salmaq məqsədilə “Malların müvəqqəti saxlanca götürülməsinə dair akt” forması, Gömrük Məcəlləsi və onun tətbiqi ilə bağlı normativ-hüquqi aktlardan irəli gələrək, gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən gömrük nəzarətinin həyata keçirilməsi üzrə hərəkətlərin yerinə yetirilməsi zamanı sənədləşdirmə işlərinin yerinə yetirilməsini təmin etmək məqsədilə nümunəvi Protokol forması və s. işlənərək Dövlət Gömrük Komitəsinin müvafiq sərəncamları ilə təsdiq edilib.

Gömrük nəzarətinin təşkili üzrə mühüm tədbirlərdən biri - “Sadıxlı-Mtkvari” sərhəd-gömrük buraxılış məntəqəsinin imkanlarının daha da yaxşılaşdırılması, iş şəraitinin daha da gücləndirilməsi, eləcə də yaxın ərazidə yeni sərhəd buraxılış məntəqəsinin inşa olunması məsələlərinin müzakirəsi məqsədilə 2015-ci ilin iyulunda keçirilən Azərbaycan və Gürcüstan gömrük orqanlarının nümayəndə heyətlərinin görüşüdür. Dövlət Sərhəd Xidməti nümayəndəsinin də iştirakı olmaqla Tovuz Gömrük İdarəsində baş tutan görüşdə “Sadıxlı-Mtkvari” buraxılış məntəqəsinin iş rejimi və nəqliyyat vasitələrinin buraxılış imkanları, eyni zamanda, Azərbaycan-Gürcüstan arasında mövcud olan sərhəd-gömrük buraxılış məntəqələrinin fəaliyyətlərinin uzlaşdırılması və digər məsələlər müzakirə edilib.

2015-ci ildə Azərbaycan iqtisadi mənafeyinin və təhlükəsizliyinin qorunması məqsədilə qaçaqmalçılığa və gömrük işi sahəsində digər hüquqpozmalara qarşı mübarizə istiqamətində də məqsədyönlü tədbirlər görülüb. Ötən dövr ərzində gömrük orqanlarının hüquq-mühafizə fəaliyyəti əsasən qabaqcıl dünya təcrübəsinə əsaslanan metodların tətbiqi, əməliyyat-axtarış və qabaqlayıcı-profilaktik tədbirlərin gücləndirilməsi, habelə hüquqpozmalara qarşı mübarizədə əməkdaşlığın genişləndirilməsi yolu ilə Azərbaycanın iqtisadi təhlükəsizliyinin təmin edilməsinə, qaçaqmalçılıq kanallarının aşkar və ləğv olunmasına, hüquqpozma törətmiş şəxslərin müvafiq məsuliyyətə cəlb edilməsinə yönəlib.

2015-ci ildə gömrük orqanları tərəfindən əməliyyat-axtarış fəaliyyətinin və gömrük nəzarətinin gücləndirilməsi istiqamətində həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 9206 hüquqpozma faktı aşkar edilib. Bu faktlardan 574-ü cinayət xarakterli faktlar olmuş və həmin faktlar üzrə tutulmuş qaçaqmalçılıq əşyalarının və digər cinayət predmetlərinin dəyəri 2 milyon 163 min 100 manatdan çox təşkil edib. Bu əməllərin törədilməsində şübhəli bilinən 633 nəfərin (553 Azərbaycan vətəndaşı, 80 xarici) barəsində müvafiq tədbirlər görülüb.

Gömrük sərhədindən narkotiklərin qanunsuz keçirilməsinin qarşısını almaq məqsədilə gömrük orqanları tərəfindən (o cümlədən digər hüquq-mühafizə orqanları ilə birlikdə) görülmüş qətiyyətli tədbirlər nəticəsində 2015-ci il ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 213 fakt aşkar olunub. Bu faktlar üzrə ümumilikdə 91 kq-dan çox narkotik vasitə, psixotrop maddə və onların prekursorları, o cümlədən 5 kq 552 qram tiryək, 42 kq 250 qram marixuana, 29 kq 574 qram həşiş, 12 kq 248 qram heroin, 331 qram metadon, 57,185 qram kokain, 103,706 qram metamfetamin, 200 həb tilidin, 60 həb və 1,935 qram alprazolam, 46 qram fenobarbital, 12,714 qram klonazepam,1 kq 282 qram kalium permanqanat və digər maddələr qanunsuz dövriyyədən çıxarılıb.

Ötən il narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 250 nəfər: 220-si kişi və 30-u qadın olmaqla 213 Azərbaycan vətəndaşı və 37 xarici (33 İran, 3 Ukrayna, 1 Rusiya vətəndaşı) barəsində müvafiq tədbirlər görülüb, 30 halda bu əməlləri törədən cinayətkar dəstə ifşa edilib.

Narkotiklərin qanunsuz keçirilməsi məqsədilə narkoqaçaqmalçılar müxtəlif gizlətmə üsullarından istifadə ediblər. Ötən il 69 halda narkotik vasitələrin daxili bədən boşluqlarında (mədədə, düz bağırsaqda və s.) keçirilməsinə cəhdin qarşısı alınıb.

Hesabat dövründə kinoloji xidməti itlərin tətbiqi nəticəsində 19 fakt üzrə ümumilikdə 210,927 qram tiryək, 51,98 qram həşiş, 737,37 qram marixuana, 1 kq 850 qram heroin, 1,553 qram metadon, 0,405 qram metamfetamin, 46 qram fenobarbital aşkar olunub.

Keçən il gömrük orqanları tərəfindən aşkar olunmuş 8632 gömrük qaydaları əleyhinə inzibati xəta faktları üzrə 349 hüquqi şəxs (o cümlədən 211 xarici hüquqi şəxs) və 8291 fiziki şəxs (o cümlədən 4669 xarici) inzibati məsuliyyətə cəlb edilib, göstərilən şəxslərə qarşı 1 milyon 615 min 172 manat cərimə tətbiq olunmaqla, dəyəri 367 min 048 manat olan mallar müsadirə edilib.

“Valyuta tənzimi haqqında” qanuna və digər qanunvericilik aktlarına əsasən gömrük orqanları valyuta və valyuta sərvətlərinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üzərində nəzarəti həyata keçirərkən qanunvericiliyin tələblərini pozan şəxslərdən 863412 ABŞ dolları, 59700 avro, 4000 funt sterlinq, 10737400 rus rublu, 129907 manat dəyərində qızıl-zinət əşyaları, 1312 manat dəyərində 767,290 qram gümüş aşkar olunub.

Bundan əlavə, 553353 ədəd və 115764 qutu petarda və digər pirotexnika məhsulları, 93 ədəd elektroşoker, 1 ədəd odlu silah, 63 ədəd odlu silah patronu, 1827 ədəd ov silahlarının sursat və ləvazimatları, 4 ədəd qaz silahı, 99 ədəd pnevmatik silah və 42551 ədəd pnevmatik silahın patronları, 257 ədəd soyuq silah, 63565 qram partlayıcı maddələr, 897 ədəd televizor, 184309 manat dəyərində 4887 ədəd məişət texnikası, 1130 ədəd mobil telefon və 1702 ədəd mobil telefonların aksessuarları, 9855 manat dəyərində olan dərman vasitələri, 3173 manat dəyərində baytarlıq və bitki dərmanları, 42 kq-dan çox kürü, 1246 ədəd parfümeriya və kosmetika ləvazimatları və külli miqdarda digər mallar tutulub.

Hesabat dövründə gömrük orqanları tərəfindən alkoqollu içkilərin, etil (yeyinti) spirtinin və tütün məmulatlarının idxalı zamanı vergidən yayınma və aksiz markalarının tətbiqi qaydalarının pozulması hallarının qarşısının alınması üçün qəti tədbirlər görülmüş, aksiz markasız və ya digər qanunsuz yollarla ölkəyə gətirilməsinə cəhd göstərilən 2311095 ədəd xaricdə istehsal olunan siqaret, 2332 litr və 1695 ədəd spirtli içki saxlanılıb.

- Gömrük işində fəaliyyətin qiymətləndirilməsi istiqamətində hansı işlər görülüb?

- Gömrük işi sahəsində müxtəlif siyasi tədbirlərin, proqram və layihələrin icrası zamanı əks əlaqənin, yəni həyata keçirilən fəaliyyətin nəticələri barədə məlumatların əldə olunması, təhlili və həmin təhlillər əsasında qərarların qəbulu mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, son dövrlər gömrük sistemində nəticə yönümlü idarəçiliyin təmin olunması məqsədilə İnteqrə Olunmuş Fəaliyyətin Qiymətləndirilməsi Sistemlərinin (Integrated Performance Measurement System) tətbiqi məsələləri aktuallaşıb.

Ümumdünya Gömrük Təşkilatının 2015-ci ilin iyun ayında keçirilmiş son Şura Sessiyasında fəaliyyətin qiymətləndirilməsi problemi strateji idarəetmə, inteqrə olunmuş sərhəd idarəçiliyi və elektron gömrük problemləri ilə yanaşı müzakirəyə çıxarılmış 4 əsas məsələdən birini təşkil edib.

Bunları nəzərə alaraq, Dövlət Gömrük Komitəsinin təşkilati strukturunda dəyişiklik edilərək Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsi yaradılıb. Baş İdarənin fəaliyyətinin əsas istiqamətlərini gömrük sistemində ümumi biznes prosesin, ayrı-ayrı gömrük orqanlarının və gömrük əməkdaşlarının fəaliyyətinin qiymətləndirilməsi təşkil edir. Bu qiymətləndirmənin nəticəsi olaraq ticarətin asanlaşdırılması məqsədilə gömrük prosedurlarında biznes proseslərinin təkmilləşdirilməsi üzrə yeni innovativ layihələrin işlənilməsi və tətbiqi nəzərdə tutulur.

Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sisteminin (VAİS) təkmilləşdirilməsi, məlumatların yoxlanılması və emalı, gömrük işi sahəsində fəaliyyətin qiymətləndirilməsi və biznes prosesin təkmilləşdirilməsi, innovasiya layihələrinin tətbiqi, korporativ şəbəkənin genişləndirilməsi və təkmilləşdirilməsi, elektron gömrük xidmətlərinin təşkili, gömrük xidmətinin informasiya resurslarının təhlükəsizliyinin təmin edilməsi, Azərbaycan Respublikasının xarici ticarətinin təhlilinin aparılması və gömrük statistikasının təkmilləşdirilməsi sahələrində bir sıra işlər həyata keçirilib.

O cümlədən, gömrük qanunvericiliyi, gömrük orqanlarının fəaliyyəti, gömrük işi və gömrük xidməti ilə bağlı digər məsələlər sahəsində baş verən yeniliklər haqqında ictimaiyyətin Komitənin internet saytı vasitəsi ilə məlumatlandırılması, “Mənim idxal-ixrac əməliyyatlarım” elektron gömrük xidmətinin e-hökumət portalına (Elektron Hökumət Dövlət İdarəetmə Sisteminə) inteqrasiyası və xidmətdən istifadənin yalnız elektron imza vasitəsi ilə mümkünlüyü təmin edilib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Milli Sertifikat Xidmətləri Mərkəzindən elektron imza kartı almış hər bir şəxsin elektron hökumət portalı üzərindən öz səlahiyyətləri çərçivəsində elektron gömrük xidmətlərindən istifadə etməsi imkanı yaradılıb. Elektron gömrük xidmətləri ilə bağlı videotəlimatlar hazırlanaraq Komitənin internet saytında və e-hökumət portalında yerləşdirilib.

“Avtomobil yolları ilə daşınan mallara nəzarət üzrə sərhəd gömrük buraxılış məntəqələrindən keçən mallar və nəqliyyat vasitələri ilə bağlı gömrük əməliyyatlarına dair Texnoloji Sxem” hazırlanıb və ötən il 20 apreldə tətbiqinə başlanılıb.

Ümumdünya Gömrük Təşkilatının “Malların buraxılış vaxtının ölçülməsi üzrə Təlimat”ında təsbit olunmuş metodologiya əsasında hazırlanmış Azərbaycan Respublikasının gömrük sərhəd buraxılış məntəqələrində “Sərhədkeçmə vaxtının ölçülməsi (TRS)” layihəsi avtomobil yolları ilə daşınan mallara nəzarət üzrə bütün sərhəd-gömrük buraxılış məntəqələrində tətbiq edilib, VAİS-in bu sistemə uyğunlaşdırılması təmin edilib. Bu layihənin tətbiqi mal və nəqliyyat vasitələrinin sərhəddən keçidinə, buraxılışına və sərhəd keçidindən buraxılışına qədər keçən vaxtları müəyyən etməyə imkan verir və toplanan statistik məlumatların təhlili əsasında mal və nəqliyyat vasitələrinin sərhəd keçidinin daha keyfiyyətli idarə olunması təmin edilir.

- Ölkədə əlverişli biznes mühitinin formalaşdırılması istiqamətində Komitə hansı addımları atır?

- Məlumdur ki, dünyada baş verən iqtisadi böhran neftin qiymətinin kəskin enməsi, bir sıra ölkələrin milli valyutalarının dollar qarşısında dəyərdən düşməsilə nəticələnib. Bu da, öz növbəsində, istehsalın və ticarət dövriyyəsinin həcminin azalmasına, eləcə də iqtisadi baxımdan geriləmələrə yol açıb. Beynəlxalq böhran, xüsusilə, son bir ildə bəzi ölkələrin iqtisadiyyatındakı tənəzzül amillərini daha da artırıb.

Neftin dəyərinin kəskin aşağı düşməsi, manatın dollara nisbətdə dəyərində aparılan tənzimləmələr Azərbaycan iqtisadiyyatında da müəyyən problemlər yaratmaya bilməzdi. Lakin Azərbaycan Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasət, iqtisadiyyatın şaxələndirilməsi və neftdən asılılığının aradan qaldırılması, qeyri-neft sektorunun inkişafı istiqamətində atılan düşünülmüş addımlar böhranın ölkəmizə təsirini minimuma endirdi. Belə ki, qeyri-neft sektorunun - ağır və yüngül sənayenin, kənd təsərrüfatının və digər sahələrin inkişafı məqsədilə böhrandan əvvəl görülən işlər ölkəmizi dünya iqtisadiyyatında baş verən təlatümlərdən maksimum həddə qoruya bildi.

Təsadüfi deyil ki, Davos İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını dayanıqlılığına görə dünya ölkələri sırasında 40-cı yerdə qərarlaşdığını bəyan edib. Azərbaycan 189 ölkənin biznes mühitinin qiymətləndirildiyi “Doing Business 2016” hesabatında isə mövqeyini 17 pillə yaxşılaşdıraraq 80-ci pillədən 63-cü pilləyə yüksəlib. Dünya Bankı tərəfindən hazırlanan həmin hesabatda əksər göstəricilər üzrə ölkəmizin mövqeyi yaxşılaşıb. Belə ki, Azərbaycan “Biznesə başlama” göstəricisi üzrə 5 pillə, “Tikinti üçün icazələrin alınması” göstəricisi üzrə 36 pillə, “Kiçik investorların maraqlarının qorunması” göstəricisi üzrə 15 pillə, “Elektrik təchizatı şəbəkələrinə qoşulma” göstəricisi üzrə 49 pillə və sair irəliləyib. Hesabatda “Xarici ticarətin aparılması” göstəricisi üzrə isə Azərbaycanın 72 pillə irəlilədiyi göstərilib. Bununla da, Azərbaycan “Doing Business 2016” hesabatında dünyada 3 və daha çox islahat aparan 24 ölkədən biri olub.

Qeyd edilməlidir ki, hesabatda ölkəmizin mövqeyinin yüksəlməsi əsasən Azərbaycan Prezidentinin “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 3 mart 2014-cü il tarixli fərmanı ilə verilmiş tapşırıqlara uyğun olaraq, sahibkarlıq subyektlərinin elektron qeydiyyatı, xarici ticarət əməliyyatlarının aparılması, daşınmaz əmlaka hüquqların qeydiyyatı, tikintiyə icazələrin verilməsi, korporativ idarəetmənin təkmilləşdirilməsi, investorların maraqlarının qorunması və müflisləşmə üzrə qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi sayəsində mümkün olub.

Bu uğurlu nəticələrin təməlində duran əsas amillərdən biri də ölkəmizdə sahibkarlıq fəaliyyətinə göstərilən dövlət dəstəyi, sahibkarlıq subyektlərinin inkişafı məqsədilə atılan mühüm addımlardır. Dövlət başçısının da bəyan etdiyi kimi, artıq Azərbaycan qəti olaraq neftdən asılılığı aradan qaldırmalı, özəl sektorun fəaliyyəti üçün bütün şərait yaradılmalı, lazımsız yoxlamalara, korrupsiya hallarına, sahibkarlıq subyektlərinin inkişafına mane olan süni əngəllərə birdəfəlik son qoyulmalıdır. Böhranın gələcəkdə yarada biləcəyi fəsadlardan qorunmaq məqsədilə Nazirlər Kabinetinin 2015-ci ilin yekunlarına dair iclasında ölkə başçısı dövlət qurumları qarşısında bir sıra məsələlər qoydu. Proqram xarakterli çıxışında Prezident İlham Əliyev bir daha vurğuladı ki, sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün münbit şərait yaradılmalı, ölkə iqtisadiyyatında özəl sektorun payının artırılması üçün bütün zəruri addımlar atılmalı, maliyyə, vergi, gömrük intizamı gücləndirilməli və bu sahədə şəffaflığın tam təmin edilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir.

Ölkənin iqtisadi təhlükəsizliyinin təmin olunmasında, münbit biznes mühitinin formalaşması və sahibkarlıq fəaliyyətinin inkişafında mühüm rol oynayan gömrük orqanları da bu istiqamətdə bir sıra tədbirlər həyata keçirir. Dövlət Gömrük Komitəsinin fəaliyyətində biznes -gömrük əməkdaşlığına xüsusi önəm verilir, bu məqsədlə vaxtaşırı olaraq gömrük orqanlarında iş adamları ilə görüşlər keçirilir, ölkədə baş verən iqtisadi proseslər, idxal-ixrac əməliyyatlarının vəziyyəti barədə həm sahibkarlar məlumatlandırılır, həm də onların fikirləri öyrənilir və təklifləri dəyərləndirilir.

Bu baxımdan, ötən il Dövlət Gömrük Komitəsində, Bakı Baş Gömrük İdarəsində və Şirvan Gömrük İdarəsində iş adamları ilə keçirilən ənənəvi görüşlər də faydalı olub. Bununla yanaşı, noyabr və dekabra aylarında Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərində yerləşən Avropa Regional Ofisində “Biznes subyektləri üçün əlverişli şərait yaradılması məqsədilə gömrük prosedurları və əməliyyatları üzrə tətbiq edilən sadələşdirmələr” mövzusunda seminarlar da keçirilib. Seminarlarda sahibkarlığın inkişafına dəstəyin daha da artırılması, ölkəmizdə sahibkarlıq subyektlərinin fəaliyyətinin təşviq edilməsi istiqamətində gömrük orqanlarının atdığı addımlar barədə məlumat verilib, gömrük prosedurlarına dair iş adamlarını maraqlandıran suallar ətraflı cavablandırılıb.

- Komitənin yeni elektron gömrük xidmətlərindən istifadənin çoxaldılması istiqamətində tədbirlər planı varmı?

- Dövlət Gömrük Komitəsinin fəaliyyətində - biznes-gömrük əməkdaşlığında mühüm addımlardan biri də xarici ticarət dövriyyəsinin artırılması məqsədilə gömrük prosedurlarının sadələşdirilməsi və bəyannamələrin elektron qəbuludur. Gömrük rəsmiləşdirilməsinin asanlaşdırılması, şəffaflığın təmin edilməsi, gömrük əməkdaşı ilə vətəndaşların təmasının minimuma endirilməsi məqsədilə informasiya texnologiyalarının tətbiqi daha da genişləndirilir, e-hökumət portalı vasitəsilə Dövlət Gömrük Komitəsinin təklif etdiyi xidmətlərin sayı artırılır.

Eləcə də Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzləri vasitəsilə həyata keçirilən gömrük xidmətlərinin də artırılması nəzərdə tutulur. Bu məqsədlə Dövlət Gömrük Komitəsində adı çəkilən Dövlət Agentliyinin nümayəndə heyətilə keçirilən görüşdə “elektron bəyanetmə”, “elektron ilkin bəyanetmə”, XİF iştirakçılarına idxal-ixrac əməliyyatları barədə rəsmi arayışların, müvəqqəti idxal olunan yüngül minik avtomobillərinin vaxtının uzadılması ilə bağlı müvafiq xidmətlərin bundan sonra Dövlət Gömrük Komitəsi ilə yanaşı, “Asan xidmət” mərkəzləri vasitəsilə də göstərilməsi məsələləri müzakirə olunub. Bundan başqa, tərəflər gələcəkdə “Asan xidmət” mərkəzlərində Dövlət Gömrük Komitəsinin informasiya köşklərinin quraşdırılması barədə də razılıq əldə ediblər.

Məlum olduğu kimi, fiziki şəxslər tərəfindən ölkənin gömrük sərhədindən keçirilən malların gömrük orqanlarına bəyan edilməsi ilə bağlı prosedurlar daha da sadələşdirilib. Komitə fiziki şəxslər tərəfindən malların daha rahat və şəffaf qaydada bəyan edilməsini təmin etmək üçün yeni “Fiziki şəxslər üçün sadələşdirilmiş bəyannamə” elektron xidmətini Elektron Hökumət Portalına inteqrasiya edib.

Artıq ölkəmizə gələn və ölkəmizdən gedən vətəndaşlar gömrük sərhədindən keçirdikləri mallar, nəqliyyat vasitələri, zinət əşyaları və valyuta, müşayiət olunmayan baqajla və ya daşıyıcı tərəfindən keçirilən mallar və s. barədə məlumatları qabaqcadan, gömrük məntəqəsinə gəlmədən “onlayn” qaydada Dövlət Gömrük Komitəsinin rəsmi internet saytı (www.dgk.gov.az) və ya Elektron Hökumət Portalı (www.e-gov.az) vasitəsilə gömrük orqanlarına təqdim edə biləcəklər.

Vətəndaşların sərhəddən keçidini daha asan etmək məqsədilə bütün sərhəd buraxılış məntəqələrində “Gömrük” köşkləri quraşdırılıb. Bu məlumat köşkləri vasitəsilə vətəndaşlar sadələşdirilmiş elektron bəyannaməni doldura bilər, həmçinin gömrük qanunvericilik bazası və səyahətçilər üçün gömrük nəzarəti ilə bağlı qaydalarla tanış ola bilərlər.

Tətbiq olunan yeni xidmət “vətəndaş-məmur” təmasının minimuma endirilməsini, gömrük xidmətlərinin göstərilməsində şəffaflığın, həmçinin gömrük-sərhəd buraxılış məntəqələrində vətəndaşlar tərəfindən vaxt itkisinin qarşısının alınmasını təmin edəcək.

Onu da qeyd edim ki, idxal-ixrac əməliyyatları zamanı qadağan olunmuş və dövriyyəsi məhdudlaşdırılmış malların siyahısı da sərhəd-gömrük keçid məntəqələrində xüsusi ayrılmış guşələrdə və məlumat köşklərində yerləşdirilib.

- Gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi üçün daha hansı addımlar atılır?

- Dövlət Gömrük Komitəsi idxal olunan malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsilə bağlı növbəti yeniliyə imza atıb. Gömrük rəsmiləşdirilməsinin daha çevik və şəffaf həyata keçirilməsi, həmçinin müxtəlif bürokratik əngəllərin və vaxt itkisinin aradan qaldırılması məqsədilə sahibkarlar artıq idxal etdikləri mallar və nəqliyyat vasitələri barədə qısa idxal bəyannaməsi təqdim etməklə beynəlxalq praktikada müsbət təcrübə kimi qəbul olunmuş ilkin bəyanetmə elektron xidmətindən yararlana bilirlər. Gömrük rəsmiləşdirilməsilə bağlı tətbiq olunan yeniliyə əsasən, artıq idxal-ixrac əməliyyatlarını həyata keçirən fiziki və hüquqi şəxslər mallar və nəqliyyat vasitələri gömrük sərhədini keçənədək gömrük orqanlarına qabaqcadan, müvafiq olaraq qısa idxal və ya qısa ixrac bəyannaməsi təqdim etməklə, gömrük orqanlarını apardıqları xarici iqtisadi fəaliyyət barədə məlumatlandırırlar.

Gömrük rəsmiləşdirilməsilə bağlı bu yenilik Gömrük Məcəlləsi və Nazirlər Kabinetinin “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında 263 nömrəli, 22 iyul 2014-cü il tarixli qərarı ilə reqlamentləşdirilir və Ümumdünya Gömrük Təşkilatı tərəfindən hazırlanmış “Gömrük XXI əsrdə” sənədi və Ümumdünya Ticarət Təşkilatı çərçivəsində yeni imzalanmış Ticarətin Asanlaşdırılması Sazişi müddəalarına cavab verməklə, beynəlxalq praktikada gömrük rəsmiləşdirilməsinin asanlaşdırılması, gömrük orqanları tərəfindən risklərin təhlili, gömrük nəzarətinin daha çevik və effektiv aparılmasına xidmət edən təcrübə kimi qəbul edilir.

Təqdim olunan yeniliyin sahibkarlar üçün əsas üstünlüyü ondan ibarətdir ki, gömrük orqanları artıq idxal və ixrac olunan mallar barədə qabaqcadan məlumat əldə edir və bununla da sərhəd buraxılış məntəqələrində həmin bəyan edilən mal və nəqliyyat vasitələrinin daha sürətli keçidi təmin olunmaqla yanaşı, gömrük rəsmiləşdirilməsi də daha çevik və vaxt itkisi olmadan həyata keçirilir.

Prezident İlham Əliyevin dövlət sərhəd buraxılış məntəqələrində sərhəd və gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi barədə verdiyi tapşırıqların icra vəziyyətini yerlərdə yoxlamaq məqsədilə ötən ilin dekabrında Azərbaycanın Rusiya ilə dövlət sərhədində yerləşən “Samur” buraxılış məntəqəsinə, Gürcüstanla dövlət sərhədində yerləşən “Sınıq Körpü” dövlət sərhəd buraxılış məntəqəsinə və Ələt qəsəbəsindəki Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinə baxış keçirilib.

Yoxlama müvafiq qurumların rəhbər şəxslərinin birgə iştirakı ilə aparılıb, şəxslərin və nəqliyyat vasitələrinin dövlət sərhədindən buraxılışı vəziyyəti öyrənilib. Dövlət sərhədindən keçən şəxslərlə söhbət aparılıb, onların və nəqliyyat vasitələrinin rəsmiləşdirilməsinə daha az vaxt sərf edilməsi imkanları müzakirə olunub.

Eyni zamanda, Dövlət Sərhəd Xidmətinin və Dövlət Gömrük Komitəsinin yerli bölmələrinin qarşılıqlı fəaliyyətinin tənzimlənməsi məsələləri müzakirə olunub, sərhədkeçmə məsələlərinin daha da təkmilləşdirilməsi, son zamanlar tranzit yükdaşımaların həcminin artması ilə əlaqədar ortaya çıxan problemlərin operativ həll edilməsi, dövlət sərhədindən keçən şəxslər, nəqliyyat vasitələri və yüklər üzərində sərhəd və gömrük nəzarətinin daha səmərəli təşkilinə dair konkret tapşırıqlar verilib.

- Dövlət Gömrük Komitəsinin beynəlxalq tərəfdaşlığının vəziyyəti necədir? Bu sahədə hansı yeniliklər var?

Azərbaycan gömrüyü müvafiq qanunvericilik əsasında əvvəllər olduğu kimi ötən il də ixrac-idxal əməliyyatları üzərində gömrük nəzarətinin, qaçaqmalçılıq hallarına və digər hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi, gömrük prosedurlarının sadələşdirilməsi və xidmət mədəniyyətinin yüksəldilməsi tədbirləri ilə yanaşı, beynəlxalq əməkdaşlığı genişləndirməklə dünya gömrük sistemindəki öncül mövqeyini daha da möhkəmləndirib. Gömrük işi sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və genişləndirilməsi məqsədilə digər ölkələrin gömrük orqanları ilə beynəlxalq normalara uyğun saziş, protokol və aidiyyəti sənədlər hazırlanıb, həmçinin tədbirlər görülüb.

Ötən ilin yanvarında Ankarada “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Türkiyə Respublikasının Gömrük və Ticarət Nazirliyi arasında gömrük məsələləri üzrə Birgə Komitənin yaradılması haqqında Anlaşma Memorandumu”, fevral ayında Bakı şəhərində “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə Federal Gömrük Xidməti (Rusiya Federasiyası) arasında qarşılıqlı ticarət haqqında statistik məlumatların informasiya mübadiləsinin Texnoloji Sxemi” və gömrük işi sahəsində ikitərəfli qarşılıqlı əlaqələrin səmərəliliyinin artırılması üçün “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Federal Gömrük Xidmətinin (Rusiya Federasiyası) 2015-2016-cı illər üçün ikitərəfli qarşılıqlı fəaliyyətinin Planı”, eyni zamanda, “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Qaza­xıs­tan Respublikası Maliyyə Nazirliyinin Dövlət Gəlirlər Ko­mitəsi arasında 2015-2016-cı illər üçün ikitərəfli qarşılıqlı Fəaliyyət Planı”, mayda Bakı şəhərində “Azərbaycan Respublikası Hökuməti və Vyetnam Sosialist Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş”, iyul ayında Moskva şəhərində “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Federal Gömrük Xidməti (Rusiya Federasiyası) arasında müəyyən növ mallara münasibətdə gömrük nəzarətinin nəticələrinin qarşılıqlı tanınması haqqında Protokol”, avqustda Tbilisi şəhərində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Gürcüstan Gəlirlər Xidməti arasında “Məlumat mübadiləsi sistemi” üzrə texniki təchizat sənədi, oktyabr ayında Bakı şəhərində “Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş”, dekabrda isə Ankara şəhərində “Azərbaycan Respublikası və Türkiyə Respublikasının gömrük orqanları arasında 2016-2017-ci illər üçün gömrük hüquqpozmaları ilə mübarizə sahəsində əməkdaşlıq və qarşılıqlı yardımın səmərəliliyinin artırılması üzrə ikitərəfli Tədbirlər Planı” imzalanıb.

Məlum olduğu kimi, Azərbaycan Gömrük Xidməti gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində təkcə hüquq-mühafizə müstəvisində deyil, eyni zamanda, maarifləndirici tədbirlərə və bu istiqamətdə beynəlxalq səviyyədə əməkdaşlıq əlaqələrinə də xüsusi önəm verir. Bu sahədə ötən ilin fevralında ABŞ-ın San-Fransisko və Los-Anceles şəhərlərində Komitə və ölkəmizin Los-Ancelesdəki baş konsulluğunun birgə təşkilatçılığı ilə “Narkotiklərə yox deyək!” devizi altında geniş tədbirlər keçirilib. Burada azərbaycanlı və xarici sənətkarların narkomaniyaya qarşı mübarizə mövzusunda karikaturaları, heykəltəraşlıq və rəngkarlıq əsərlərindən ibarət olan və Dövlət Gömrük Komitəsinin tərtib etdiyi sərgi maraqla qarşılanıb.

Azərbaycan Gömrük Xidməti ötən ilin oktyabrında Moskva şəhərində keçirilən “Gömrük xidməti - 2015” növbəti beynəlxalq sərgisində də iştirak edib. Qeyd edim ki, Komitə 2011-ci ildən etibarən hər il Moskva Beynəlxalq Gömrük Sərgisinə qatılır. Burada hər dəfə milli stenddə Azərbaycan Gömrük Xidmətinin inkişaf dinamikası nümayiş etdirilir, gömrük-buraxılış məntəqələrinin texniki təchizatı, yeni müasir informasiya texnologiyaları və sistemləri, əldə edilən nəticələr barədə məlumat verilir və təcrübə mübadiləsi aparılır. Budəfəki sərgi də Azərbaycan tərəfi üçün əlamətdar olub. Dövlət Gömrük Komitəsinin stendi üçüncü dəfə “Gömrük Olimpi” mükafatı laureatı adına layiq görülüb.

Ötən il Komitə tərəfindən Bakıda da bir neçə regional və beynəlxalq səviyyəli tədbirlər keçirilib. Məsələn, fevral ayında Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün “Risklərin idarə edilməsi”, apreldə “Əqli Mülkiyyət Hüquqlarının Qorunması”, mayda isə “Tranzit” mövzusunda milli seminar təşkil olunub. May ayında daha bir tədbir - “Strateji malların qanunsuz dövriyyəsinin qarşısının alınması” mövzusunda regional təlim keçirilib ki, burada isə Azərbaycanla yanaşı, Qazaxıstan, Pakistan və Türkmənistan gömrük xidmətlərinin əməkdaşları iştirak ediblər.

Belə mühüm seminarlardan biri də Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə noyabr ayında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin gömrük xidmətlərinin əməkdaşları üçün keçirilib. “Buraxılış vaxtının ölçülməsi” adlı həmin seminara Türkiyə, Qazaxıstan və Qırğızıstan gömrük xidmətlərinin, eləcə də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının nümayəndələri qatılıblar. İkigünlük seminarda Dövlət Gömrük Komitəsinin mütəxəssisləri mövzu ətrafında iştirakçılara ətraflı məlumat veriblər.

Nəhayət, sentyabr ayında Bakıda Azərbaycan, eləcə də dünya gömrük ailəsinin həyatında üç mühüm hadisə yaşanıb. Öncə, Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzində Ümumdünya Gömrük Təşkilatının Regional Kinoloji Mərkəzinin rəsmi açılış mərasimi baş tutub. Bu mərasim çərçivəsində Kinoloji Mərkəzin bazasında ÜGT-yə üzv olan bir sıra dövlətlərin xidməti itlərdən və təlimçilərdən ibarət komandalarının nümayişi, habelə MDB-yə üzv dövlətlərin gömrük orqanlarının kinoloji bölmələrinin çoxnövçülükdə birincilik üzrə beşinci yarışı da təşkil olunub.

Sonra Azərbaycan da daxil olmaqla, 53 ölkə, 21 beynəlxalq və regional təşkilatın nümayəndələrinin, o cümlədən iqtisad elmləri üzrə üç Nobel mükafatı laureatının qatıldığı Ümumdünya Gömrük Təşkilatının 10-cu illik PICARD (“Gömrük sahəsində akademik araşdırmalar və inkişaf uzrə əməkdaşlıq proqramı”) konfransı, daha sonra Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) Regional Ofisinin açılış mərasimi olub. Xüsusilə qeyd edim ki, Bakı şəhərində həm nüfuzlu PICARD konfransının keçirilməsi, həm də INCU-nun Regional Ofisinin açılışı gömrük təhsilinə ən çox önəm verən administrasiyalardan biri kimi dünya gömrük ailəsində Azərbaycan Gömrük Xidmətinə göstərilən etimadın bir nümunəsidir. Bütün bu tədbirlər təkcə gömrük sahəsində deyil, bütövlükdə milli iqtisadiyyatımızın nailiyyətləri ilə bağlı dolğun məlumatın dünya ictimaiyyətinə çatdırılmasında da mühüm rol oynayıb. Həmin tədbirlərdə müvafiq olaraq ÜGT-nin Baş katibi Kunio Mikuriya və INCU-nun prezidenti Deyvid Uiddouson iştirak ediblər.

Prezident İlham Əliyevin Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriyanı qəbul etməsi, görüşdə Azərbaycan ilə bu təşkilat arasında əməkdaşlığın perspektivlərinə toxunulması da ölkəmizdə gömrük orqanlarının fəaliyyətinə göstərilən diqqətə daha bir əyani misaldır.

Sonda bir daha vurğulamaq istərdim ki, ölkəmizdə müasir tələblərə cavab verən gömrük sisteminin yaradılması işi dövlət və hökumət tərəfindən bu gün də dəstəklənir, gömrük sahəsində əldə olunan nailiyyətlər layiqincə dəyərləndirilir. Dövlət başçısının diqqət və qayğısı nəticəsində vaxtaşırı olaraq gömrük orqanlarının maddi-texniki və intellektual bazasının möhkəmləndirilməsi, eləcə də ölkə rəhbərliyi tərəfindən bir sıra gömrük əməkdaşlarının xüsusi rütbələr və medallarla təltif edilməsi də dediklərimizə nümunədir.

Bu gün Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan sabit və davamlı inkişafdadır, ölkəmiz nəinki regionda, eləcə də bütün dünyada əmin-amanlıq və iqtisadi tərəqqiyə xidmət edən qlobal layihələrin əsas təşəbbüskarı qismində çıxış etməkdədir. Öz növbəsində, əminliklə deyə bilərəm ki, Azərbaycan Gömrük Xidməti gələcəkdə də respublikamızın iqtisadi inkişafına təkan verməklə ölkənin iqtisadi qüdrətinin artırılmasında, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasında, dövlət başçısının həyata keçirdiyi siyasi kursun reallaşmasında mühüm rol oynayacaq, gömrük orqanları ölkədə sahibkarlıq mühitinin və özəl sektorun inkişafı, ölkənin ərzaq təhlükəsizliyinin təminatı, büdcə öhdəliyinə dair tapşırıqların yerinə yetirilməsi istiqamətində üzərinə düşən vəzifələrin icrasını daha səmərəli şəkildə və sürətlə həyata keçirəcək.

Bir sözlə, gömrük əməkdaşları bu vəzifələrin reallığa çevrilməsinin təminatçısı olacaq, Dövlət Gömrük Komitəsinin rəhbərliyi və onun çoxsaylı kollektivi bundan sonra da müstəqil Azərbaycanın beynəlxalq nüfuzunun daha da artırılması işində yaxından iştirak edəcək, qarşıya qoyulan təxirəsalınmaz vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün bütün qüvvə və bacarığını əsirgəməyəcək.

Azərbaycan Gömrük Xidmətinin yaradılmasının 24 illiyi münasibətilə bütün gömrük əməkdaşlarını təbrik edir, onlara cansağlığı və işlərində daim uğurlar arzulayıram!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm