• USD 1,7000 0,00% EUR 2,0484 -0,31%
    • GBP 2,3696 -0,17% RUB 0,0230 0,00%

“PKK Qəndili Laçına köçürür” – Türkiyəli politoloqdan ŞOK AÇIQLAMA

  • Nida.az
  • 28 Yanvar 2016 13:06
  • 3 566 Baxış
“PKK Qəndili Laçına köçürür” – Türkiyəli politoloqdan ŞOK AÇIQLAMA

“PKK terror təşkilatı Qəndildəki düşərgəsini Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ərazisinə köçürür”.


Bunu Publika.az-a açıqlamasında türkiyəli politoloq Ömür Çelikdönmez deyib.


Ö. Çelikdönmezin sözlərinə görə, İrana qarşı sanksiyaların aradan qaldırılması, Yaxın Şərqin yenidən bölünməsi uğrunda savaş, Şimali İraq kürd muxtariyyətinin müstəqillik əldə etməsi ehtimallarının güclənməsi kimi mühüm siyasi proseslər PKK-nın gələcək taleyini sual altına qoyur: “Yaxın Şərqdə İraq və Suriyanın parçalanması gündəmdədir. Şimali İraq Kürdüstan Muxtar Vilayətinin rəhbəri Məsud Bərzani iraqlı kürdlərin müstəqil bir dövlətə sahib olmalarına çox yaxın olduğunu bildirdi və Yaxın Şərq xəritəsini müəyyənləşdirən “Sukes-Picot” anlaşmasının hökmünü itirdiyini bildirdi. O, bölgədə yeni beynəlxalq anlaşmaya ehtiyac olduğunu dilə gətirib. Bu, önümüzdəki günlərdə İngiltərənin layihəsi olan sünni İraq torpaqlarında üçüncü bir dövlətin ortaya çıxması deməkdir. Birincisi kürdlər, ikincisi İŞİD. Yeni mərhələdə Qəndilin başqa yerə daşınması gündəmə gəlir. Çünki Türkiyəyə qarşı hücumlarda birinci dərəcəli məsuliyyət daşıyan İraq hökumətidir. Qəndil nə qədər Şimali İraq kürd muxtariyyətinin ərazisinə daxil olsa da, İraq dövlətinin sərhədləri içindədir. Türkiyə sərhəd kənarlarında PKK-ya qarşı əməliyyatlar keçirəndə bu, birbaşa Bağdad hökumətinə aid idi. Şimali İraq müstəqilliyini elan etdikdən sonra Türkiyənin PKK-ya qarşı keçirəcəyi əməliyyatlar Ərbilə aid olacaq. Peşmərgənin PKK ilə müharibə aparmayacağı dəqiqdir. Gözləniləndir ki, PKK-nın Türkiyəyə qarşı hücumları dayandırması və Qəndildən çəkilməsi tələb olunsun. PKK Türkiyənin hərbi əməliyyatlarının hədəfində olan Qəndili boşaltmaq məcburiyyətində qalacaq”.


Politoloqun sözlərinə görə, PKK-nın Qəndili boşaltmasının digəri səbəbi Türkiyə hökumətinin Hakkari vilayət mərkəzini Yüksekovaya, Şırnak vilayət mərkəzini Cizrəyə köçürmək qərarıdır.


“PKK Suriyada və qismən İraqda əldə etdiyi uğuru İran və Qafqazda təkrarlamağı düşünür. Çünki PKK Türkiyə, Suriya, İran və İraq kürdlərinin təşkilatıdır. Suriyada PYD, Şimali İraqda Kürdüstan Demokratik Həll Partiyası (PÇDK) fəaliyyət göstərir. İranda daha öncə PJAK, yəni “Partiya Jiyana Azad a Kurdistane” var idi. 2009-cu ildə İranın təzyiqi ilə fəaliyyətlərinə son verdilər. Lakin PJAK Şərqi Kürdüstan Müdafiə Gücləri (YRK) adı ilə fəaliyyətini davam etdirir. 2011-ci ildə İranın keçirdiyi böyük əməliyyatdan sonra PKK Rojhılat, yəni Şərqi Kürdüstan adlandırılan bölgədə fəaliyyətini dayandırmaq məcburiyyətində qaldı. Ondan sonra İranda fəaliyyət göstərən PJAK Türkiyə və Suriyaya çəkildi”, - deyə politoloq vurğulayıb.


Lakin Ö. Çelikdönmez qeyd edir ki, PKK sonradan yenidən İranda təşkilatlanmaya başlayıb: “2014-cü ilin iyun ayında Rojhılat – Şərqi Kürdüstan Müdafiə Gücü (HRK) üçüncü konfransını keçirdi və Şərqi Kürdüstan Müdafiə Gücləri – YRK olaraq yenidən fəaliyyətə başlamaq qərarı verildi. Bu qərarın verilməsinə səbəb İran hökumətinin kürdlərə qarşı təzyiq siyasətini davam etdirməsi, onların həbs olunmasıdır”.


Politoloq hesab edir ki, nüvə proqramı ilə bağlı razılaşmadan sonra İran bölgədə daha güclü aktor olaraq yerini alır: “Türkiyə və İran arasındakı iqtisadi əməkdaşlıq, ticarət imkanları hər iki ölkənin daxilinə yönəlik təxribatlardan uzaq dayanmasını şərtləndirir. Hazırki situasiyada İranın bir müddət PKK-ya dəstək verməyəcəyi görünür. PKK-nın Türkiyə, Suriya, İran və İraq kürdlərinin təşkilatı olması, həmçinin, İranın Qərbi Azərbaycan vilayətində, Urmiya gölünün cənubunda yerləşən Mahabadda 1946-cı ildə SSRİ-nin dəstəyi ilə kürdlər tərəfindən Kürdüstan Cümhuriyyətinin qurulması İranın kürdlərlə məsafə saxlamasına səbəb oldu. İranın öz sərhədlərindən PKK-nın Qəndildəki düşərgəsinə hücum edəcəyi ehtimalı böyükdür. Hansı ki, Qəndil İran-İraq sərhədində yerləşir. İki od arasında qalmaq istəməyən PKK buna görə Qəndili Ermənistana köçürmək istəyir”.


Ö. Çelikdönmez qeyd edir ki, Qəndilin Ermənistana köçürülməsinin səbəbi PKK-nın itirdiyi canlı qüvvənin yerini doldurmaq istəyindən irəli gəlir: “Çünki bu ölkədə kürdlər çoxdurlar. Ermənistan kürdləri yezidi və müsəlman olaraq ikiyə ayrılır. 1926-cı ilin statistikasına görə, SSRİ-də yezidi kürdlərin ümumi sayı 14,500 idi. 1989-cu ilə qədər kürd olduqlarını önə sürən yezidi kürdlərin bir qismi Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsindən sonra müsəlman kürdlərlə birlikdə ölkəni tərk etdilər. Dağlıq Qarabağın işğalından sonra 2001-ci ildəki statistikaya görə, Ermənistandakı yezidi kürdlərin sayı 55 mindir. Onların 5 mini İrəvanda, qalanı isə digər bölgələrdə yaşayırlar. 1990-cı ildə Ermənistan parlamenti yezidiləri konstitusiyada fərqli xalq olaraq tanıdı. Bu qərarın pərdəarxasında Ermənistanda yaşayan müsəlman kürdlərlə yezidi kürdlərin ayrılması idi. 1990-cı ildən sonra isə yezidilərin kürd olmadığı, əslində ermənilərlə yaxın soydan olduğu fikri önə sürüldü. Hazırda Ermənistandakı kürdlər daha çox Azərbaycanla sərhəd bölgələrdə yaşayırlar. PKK-nın da Ermənistanda özünə yeni “yuva” qurması fikri təzə deyil. İndiyə qədər buna bənzər fikirlər söylənilib. İndi hoybun-daşnak əməkdaşlığı ənənələrini davam etdirmək istəyən PKK-nın erməni diasporunu bəzi üzvləri ilə təmaslar qurduğu haqda informasiyalar Türkiyə kəşfiyyatı tərəfindən əldə edilib. Plana görə, PKK mənsubları əvvəlcə Avropanın hansısa ölkəsinə gedəcək, daha sonra oradan Qafqaza gələcəklər”.


Politoloq bildirir ki, PKK Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağda düşərgə qurmaq niyyətindədir.


“PKK-nın uzun illər ərzində Qafqaz bölgəsini qaçaqçılıq üçün istifadə etdiyi məlumdur. Erməni əsilli PKK üzvlərinin köməyi ilə narkotik qaçaqçılığından əldə edilən pullar da Qafqazda yuyulub. Yəni bu bölgəni yaxşı tanıyırlar. Hətta iddialara görə, PKK mərkəz olaraq Azərbaycanın işğal olunmuş Laçın şəhərini seçib. Məqsəd Laçın koridorundan istifadə edərək, Ermənistan və Azərbaycanda fəaliyyət göstərməkdir. Cənubi Qafqaza qaçmaq istəyən PKK-çılar bu bölgədə özlərinə dəstək axtarışına çıxıblar”, - deyə politoloq vurğulayıb.


Asif Nərimanlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR