Elxan Süleymanovdan şok faktlar: “Ramil Səfərov şantajından istifadə edirlər”
Bizi izləyin

Nida.az

Elxan Süleymanovdan şok faktlar: “Ramil Səfərov şantajından istifadə edirlər”

“AVCİYA Sərsənglə bağlı məsələləri ortaya çıxaranda bu haqda Azərbaycan rəsmilərindən tutmuş sadə insanlara qədər hamı məlumatsız idi”.


Publika.az xəbər verir ki, bu barədə AVCİYA-nın prezidenti, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Elxan Süleymanov bu gün keçirdiyi mətbuat konfransında deyib.


Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum “Sərsəng harayı” layihəsinə başlayaraq, ermənilərin işğalçı siyasətini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağı qərara alıb: “Biz minlərlə, on minlərlə iş gördük. Sonra mən məsələni AVRONEST-də qaldırdım. Onda qurumun rəhbəri mənə dedi ki, əgər Sərsənglə bağlı məsələni geri götürməsək, onlar Ramil Səfərov məsələni gündəmə gətirərək, Azərbaycana qarşı sərt qətnamə qəbul edəcəklər. Lakin biz yolumuzdan dönmədik. Məsələni ATƏT PA-da qaldıranda da ermənipərəst qüvvələr ciddi maneələr yaratdı. Daha sonra Sərsənglə bağlı məsələnin AŞPA-da qaldırdıq”.

E. Süleymanov bildirib ki, Ukraynadakı hadisələrə görə, Rusiyaya qarşı sanksiyaların tətbiq edildiyi bir vaxtda onlar situasiyadan istifadə edərək, bu məsələni önə sürüblər.


“Əvvəlcə AŞPA Siyasi Şurasının sədri səviyyəsində buna qarşı çıxdılar. Sərsənglə paralel olaraq Volterin qətnaməsini də gündəmə gətirmişdik. Volterin qətnaməsinin bu cür adlandırılmasına ciddi etirazlar var idi. Bizə təzyiqlər edirdilər ki, adını dəyişək. Lakin Pedro Aqramuntun dəstəyi ilə bu qətnamə “Azərbaycanın Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərində zorakılığın eskalasiyası” adlandırıldı. Bu, Ermənistanın işğalçılıq siyasətinin birbaşa ifşası idi. Lakin məsələ gündəmə gələn kimi bütün dünyada ermənipərəst qüvvələr hərəkətə keçdi. Hətta heç bir məsələdə razılığa gəlməyən Moskva ilə Vaşinqton belə ortaq hərəkətə keçdi. Bunu danışıqlar prosesinə maneələr törədəcəyi iddialarını irəli sürdülər. Məhz bu səbəblərə görə, qətnamə qəbul olunmadı. Əgər hər şeyi adı ilə deməliyiksə, bildirməliyik ki, ermənilər böyük iş gördülər. Mən Ermənistanın gördüyü anti-Azərbaycan işləri sadalayacam. Amma Azərbaycanın gördüyü işləri mətbuat nümayəndələri məndən yaxşı bilirlər”.


E. Süleymanov qeyd edib ki, katoliklər, pravoslavlar, başqa ölkələrin prezidentləri, baş nazirlər işə qarışıb: “Ermənistan prezidenti, baş naziri gizli danışıqlar apardı, deputatlar müxtəlif yerlərə ezam olundu. Erməni diasporu, vətəndaş cəmiyyətinin nümayəndələri dünyanın müxtəlif yerlərində kampaniyalar apardı. Amma biz nə iş görmüşük. Təəssüf ki, heç nə. Bizim Xarici İşlər Nazirliyimiz ciddi iş aparmadı”.


O, Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin AŞPA-da heç nə etmədiyini bildirib: “Onlar AŞPA-nın kulislərində, möhtəşəm kafesində Azərbaycanı adamyeyən ölkə kimi təqdim edirlər. Bəs bu məsələdə niyə heç nədən danışmadılar. Bu gün Sərsəng məsələsi ilə bağlı çaldığımız qələbəni kim kəşf etdi? AVCİYA. Amma heç kim bu haqda danışmır. Bu dəqiqə parlamentin iclası keçirilir. Orada bu işi AVCİYA-nın etdiyini dilə gətirən yoxdur. Çünki böyük qısqanclıq var”.


E. Süleymanov əlavə edib ki, Volterin qətnaməsi də qəbul olunsaydı, daha yaxşı olardı.

“Lakin bu gün o, hüquqi sənəd deyil. AŞPA-nın rəsmi saytında siz yalınız Sərsənglə bağlı qətnaməyə rast gələ bilərsiniz. Deməli, hüquqi sənəd kimi biz buna istinad etməliyik. Hansı ki, bu qətnamənin dörd maddəsində Azərbaycan torpaqlarının işğal edildiyi faktı ətraflı şəkildə öz əksini tapıb. Amma təəssüf ki, bu gün həmin qətnaməyə kölgə salınır, bu qələbə irəli sürülmür. Çünki kimlərinsə marağında deyil, kimlərsə qısqanclıqla yanaşır. Mən medianın bu məsələni gündəmdə saxlamağını istəyirəm. Hökumət də bu qətnamədən Ermənistana qarşı istifadə etməlidir”, - deyə o bildirib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm