Parlamentin yaz sessiyasının qanunvericilik planı təsdiqləndi
Bizi izləyin

Nida.az

Parlamentin yaz sessiyasının qanunvericilik planı təsdiqləndi

Milli Məclisin 2016-cı il yaz sessiyasının qanunvericilik işləri planı təsdiqlənib.

Publika.az-ın məlumatına görə, parlamentin fevralın 1-də keçirilən iclasında qəbul olunan qanunvericilik işləri planına ümumilikdə 19 qanun layihəsinin müzakirəsi daxildir.

Sessiya müddətində Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin təqdim edəcəyi "İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının Azərbaycan tərəfindən icrasının mümkünlüyü məsələsinin həlli haqqında" Konstitusiya qanununun layihəsinə və "İctimai nəzarət haqqında" qanun layihəsinə baxılacaq.

Sessiyada Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin hazırladığı "Silahlı qüvvələr və başqa silahlı birləşmələr haqqında", "Hərbi qulluqçuların statusu haqqında", "Daxili qoşunların statusu haqqında", İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi tərəfindən irəli sürülən "Hesablama Palatası haqqında", "Lisenziyalar və icazələr haqqında", "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında" qanun layihələri müzakirəyə çıxarılacaq.

Bundan başqa, yaz sessiyasının qanunvericilik işləri planına Aqrar siyasət komitəsinin təqdim edəcəyi "Kənd təsərrüfatı kooperasiyası haqqında", Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin hazırladığı "Ətraf mühitə təsirinin qiymətləndirilməsi haqqında", Elm və təhsil komitəsinin irəli sürəcəyi "Elm haqqında" və "Məktəbəqədər təhsil haqqında" qanun layihələrinin müzakirəsi daxil edilib.

Parlamentin yaz sessiyasında Mədəniyyət komitəsinin hazırladığı "Kinematoqrafiya haqqında", Səhiyyə komitəsinin təqdim edəcəyi "Reproduktiv sağlamlığın qorunması haqqında" və "Psixoloji yardım haqqında", Ailə, qadın və uşaq məsələləri komitəsinin hazırladığı "Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında", Gənclər və idman komitəsinin üzərində işlədiyi "İdmanda dopinq vasitələrindən və metodlarından istifadəyə qarşı mübarizə haqqında" qanun layihələrinin müzakirəyə çıxarılması nəzərdə tutulub.

Milli Məclisin yaz sessiyasında həmçinin, Azərbaycan Prezidentinin, Ali Məhkəmənin, Baş prokurorun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim edəcəkləri qanun layihələrinə baxılacaq.

Sessiya dövründə bir sıra qanunlara dəyişikliklər və əlavələr edilməsi də planlaşdırılır.

Qeyd edək ki, Milli Məclisin yaz sessiyası fevralın 1-də başlayıb mayın 31-dək davam edəcək.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm