
“İrana qarşı sanksiyaların aradan qaldırılmasından sonra Tehranla Bakının münasibətlərinin necə inkişaf edəcəyi diqqət çəkir. Çünki İranla Azərbaycan arasında gərginlik son bir neçə il ərzində azalıb”.
Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın
Azərbaycandakı keçmiş səfiri Metyu Brayza “Vestnik Kavkaz” saytına
açıqlamasında deyib.
Onun sözlərinə görə, sanksiyalar aradan qaldırılsa da, İranın
daxili siyasətindəki mürəkkəb vəziyyət əməkdaşlığı çətinləşdirə
bilər: “Çünki sərt siyasi xəttin davamçıları prezident Ruhanini və
nüvə razılaşmasının digər tərəfdarlarının səylərini neqativ
reaksiya ilə qarşılayır. Hesab edirəm ki, məhz bu siyasət İranın
Yəməndə və Suriyada olduğu kimi Azərbaycanda və digər yerlərdə
islam ekstremizminin təsirini, həmçinin, dinlərarası ziddiyyətləri
kəskinləşdirməyinə səbəb ola bilər”.
M. Brayza İranın Dağlıq Qarabağ münaqişəsinin nizama salınması
prosesinə qoşulmaq təşəbbüsünə də ehtiyatla yanaşır.
“Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesində iştirak
edənlər qərəzsiz olmalı, həmçinin, obyektivliyin təminatı üçün BMT
prinsiplərinə uyğun olaraq münaqişə tərəflərinə yaxın dövlətlər
olmamalıdır. Əgər vasitəçilərə qonşu dövlətlər, misal üçün İran
əlavə olunacaqsa, fikrimcə, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu
ilə nizamlanması çətinləşəcək”, - deyə amerikalı diplomat
bildirib.
M. Brayza İranın hazırda ABŞ və Qərb ölkələri ilə də münasibətlər
qurmağa hazır olmadığını düşünür.
Asif Nərimanlı