• USD 1,7000 0,00% EUR 1,8828 +0,03%
    • GBP 2,1978 +0,13% RUB 0,0266 0,00%

Moskva və Tehranın regional “qaz müharibəsi”: Bakının çəkisi artır

  • Nida.az
  • 3 Fevral 2016 11:23
  • 1 542 Baxış
Moskva və Tehranın regional “qaz müharibəsi”: Bakının çəkisi artır

Avropa Birliyinin Rusiya qazından imtina etmək istəyi və İran üzərindən sanksiyaların qaldırılması qərarı Moskva və Tehranı məcburi şəkildə üz-üzə qoyur.


Publika.az xəbər verir ki, bu barədə İspaniyanın “Publico.es” portalı yazır.


Portala görə, Rusiya və İran arasındakı rəqabət Avrasiyanın qaz bazarını yenidən şəkilləndirir. Və burada Azərbaycanı da maraqlandıran məqamlar var.


“İran və Rusiya indiyə qədər ümumi müdaxilələrə qarşı məcburiyyətdən əməkdaşlıq edirdi. İndi onlar yenə məcburiyyətdən də olsa rəqabət mühitinə qədəm qoyurlar”, - deyə məqalədə bildirilir.


Məqalə müəllifinə görə, İranın təbii qaz ehtiyatlarına görə dünyada birinci yeri tutmasına baxmayaraq, Rusiya bir çox məqamlara görə hələ ki narahat deyil.

- İranda “mavi qızılın” istehsalının aşağı həcmdə olması.

- Yüksək daxili tələbat. Hətta daxili tələbatı ödəmək üçün Tehran Türkmənistandan ildə 10 milyard kubmetr qaz idxal edir.

- Dünya qaz ticarətində Tehranın əhəmiyyətsiz payı: cəmi 1 faiz.

- Köhnəlmiş maddi baza. Avadanlığın yenilənməsi və yeni qaz kəmərlərinin tikintisi üçün İrana 100 milyard dollardan çox investisiya lazım olacaq.

- İran qazını çıxarmaq çətindir, xüsusilə Fars körfəzindən. Halbuki İranın qaz ehtiyatlarının 60 faizi bu ərazidədir. Digər tərəfdən, İran öz qazını Avropaya çıxarmaq üçün İraq-Suriya marşrutunu (bu ərazidən Aralıq dənizinə çıxmaq – red.) düşünür. Lakin Suriyadakı müharibə buna mane olur. İddialara görə, Səudiyyə Ərəbistanı, İsrail və NATO-nun Suriyada müharibə aparmasının səbəblərindən biri də bu layihənin qarşısının alınması olub.


- Və nəhayət, İran qazının potensial alıcıları olan Bəhreyn, Oman, Küveyt, İraq, Pakistan və Hindistana ABŞ, Səudiyyə Ərəbistanı və İsrailin təzyiqi. İndiyə qədər bu ölkələr İranla əməkdaşlığı dayandırmağa məcbur edilmişdi.

Məqalədə qeyd olunur ki, İran və Rusiyanı birləşdirən ortaq nöqtələrdən biri Qərbin Xəzərin dibi ilə Türkmənistan qazını əldə etməsinə qarşı çıxmaqdır. Avropa Türkmənistan qazını Transxəzər kəməri ilə Azərbaycana gətirmək, oradan TANAP və TAP kəmərlərinə vuraraq aparmaq istəyir. Amma Moskva və Tehran “Xəzərin hüquqi statusu müəyyən edilməyib” deyə birləşərək, buna qarşı çıxırlar.

“İran üçün təbii qazın Avropaya çıxarılması təkcə avro qazanmaq və milli təhlükəsizliyini təmin etmək anlamına gəlmir. Amma bütün hallarda Tehran bunu istəyirsə, ciddi əngəllərin öhdəsindən gəlmək məcburiyyətindədir”, - deyə portal yazır.

Tehranın qarşısında dayanan əngəllər:

1. Türkiyə ilə siyasi münasibətlərin uçuruma yuvarlanması. Hər iki ölkə Suriyada üz-üzədir. Türkiyə Rusiya ilə düşmən mövqedədir və bu halda İranın Ankara marşrutuna üz tutacağı gözlənilən deyil. Tehran və Moskvanın Suriyada eyni topun lüləsinə mərmi doldurduğunu unutmaq olmaz. Təsadüfi deyil ki, iranlılar Rusiya qazından imtina etmək istəyən Ərdoğana texniki imkanın olmadığını əsas gətirərək qaz verməyəndə, türk lider Qətər, Türkmənistan və Azərbaycandan öz ehtiyaclarını ödəmək qərarına gəldi.


2. Avropaya uzanan Azərbaycanın boru kəmərlərindən istifadə məsələsini həll etmək.

3. Avropaya mayeləşdirilmiş təbii qaz çıxarmaq üçün infrastruktur və avadanlığın sürətlə müasirləşdirilməsi.

“İranın bu maneələri tezliklə aşacağı görünmür. Əvəzində Tehran Fars körfəzinin strateji limanlarında öz qazını aşağı qiymətə satmağı planlaşdırır. Hansı ki, Çindən Avropaya uzanacaq Yeni İpək Yolunun buradan keçəcəyi gözlənilir. Həmçinin, Tehran Yaxın Şərqdə və Asiyada qaz satışında regional liderə çevrilmək strategiyasını izləmək niyyətindədir. Moskva da öz növbəsində geri qalmır və 2035-ci ilə qədər Asiya bazarını fəth etməyi düşünür. Moskva Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TAPİ) layihəsini öz üzərinə götürmək niyyətindədir. Bu İran üçün əsl zərbə hesab oluna bilər. Faktiki olaraq, İran TAPİ layihəsindən kənar düşməklə regional mövqelərini gücləndirmək imkanını itirir. Rusiya Nyu-Dehli layihəsini yeniləməyi və onu maliyyələşdirməyi təklif edir. Həmçinin, Rusiya-Çin şirkətləri artıq Əfqanıstanın Sari-Pul əyalətindən qaz əldə edir. Ola bilsin ki, ABŞ-ın Mərkəzi Asiyada “böhran qövsünü” genişləndirməsinin bir səbəbi də budur. İndi İranın qarşısında iki yol durur: ya Rusiyanı rəqib hesab etmək, ya da tərəfdaş kimi görmək. Yaxud da Tehran BMT Təhlükəsizlik Şurasında Moskvaya müttəfiq kimi baxa və İrana qarşı ABŞ-İsrail-Səudiyyə üçlüyünün zərbələrinə qarşı istifadə edə bilər”, - deyə məqalədə bildirilir.


Göründüyü kimi, təbii qazını Avropaya çıxarmaqda İranın qarşısında müəyyən maneələr var. Bu da sanksiyalar götürüləndən sonra “İran qazı bazarda Azərbaycan qazını sıxışdırıb çıxaracaq” kimi iddiaları alt-üst edir. Digər tərəfdən, İran üçün hazırda ən optimal variant Azərbaycanın əsas müəllifi olduğu TANAP-TAP layihələrinə qoşulmaqdır. Təbii ki, Tehran bunun üçün ilk növbədə Ankara ilə siyasi münasibətlərini düz müstəviyə çıxarmalıdır.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR