Politoloq: “Ərdoğan Bakıda Rusiya məsələsini müzakirə edəcək”
Bizi izləyin

Nida.az

Politoloq: “Ərdoğan Bakıda Rusiya məsələsini müzakirə edəcək”

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu ay Azərbaycana gözlənilən səfərinə münasibət bildirib.

Q.Hüseynli Publika.az-a deyib ki, Ərdoğanın Bakıya səfərinin əsas məqsədi Türkiyə ilə Azərbaycan arasındakı Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak etmək kimi təqdim edilsə də, bir sıra vacib məsələlərin də müzakirə olunacağı gözlənilir: “Ərdoğanın Azərbaycana səfəri elə bir dövrə təsadüf edir ki, bu dövrdə Türkiyə-Rusiya münasibətləri xeyli gərgindir.

Digər tərəfdən isə Rusiyanın köməyi ilə erməni işğalı altında olan Dağlıq Qarabağ ərazisində PKK terrorçularına hərbi təlimlər keçilir. Hətta Qarabağ ərazisində PKK üçün hərbi baza yaradılması barədə məlumatlar yayılıb.

Üstəlik də, Rusiya Türkiyə ilə sərhəddə yerləşən Suriyanın Qamışlı bölgəsində hərbi baza yaratmaq niyyətindədir. Bütün bunların hamısı dünyanın hərbi və siyasi mənzərəsinə ciddi şəkildə təsir edən amillərdir. Yəqin ki, bu məsələlərlə bağlı Azərbaycanla da müəyyən məsləhətləşmələr aparılacaq”.

Q.Hüseynli onu da qeyd edib ki, indi Azərbaycanın açıq şəkildə Türkiyə ilə eyni bloka qoşulub Rusiyaya qarşı çıxmaq imkanları çox riskli və təhlükəlidir: “Ancaq Azərbaycan Qazaxıstanla bir yerdə Rusiya ilə Türkiyə arasında münasibətlərin normallaşdırılması üçün müəyyən işlər həyata keçirə bilər. Hər halda, Azərbaycan-Türkiyə münasibətlərinin yüksək səviyyədə olmasının böyük əhəmiyyəti var. Əgər diqqət etsək, görərik ki, son dövrlər Türkiyədə hərbi sənaye sahəsi çox sürətlə inkişaf edir. Türkiyə artıq özünün milli təyyarəsini, tankını və helikopterini istehsal etməyə başlayıb. Bu baxımdan da Azərbaycanla Türkiyə arasında hərbi sahədə də yaxından əməkdaşlıq həyata keçirilir. Bu əməkdaşlığın nəticəsi olaraq Azərbaycan Müdafiə Sənayesi Nazirliyi optik silahlar, hərbi texnika və digər silahlar istehsal etməyə başlayıb. Yəqin ki, gələcəkdə Türkiyənin köməyi ilə Azərbaycan zirehli texnikanın yeni növlərini, hətta tankları da istehsal etməyə nail olacaq. Ərdoğanın Azərbaycana səfəri zamanı bu istiqamətdə də müzakirələr aparıla bilər. Yəni, Azərbaycan məcburdur ki, tədricən Rusiyadan hərbi asılılığı zəiflətsin və Qərbə doğru istiqamət alsın”.

Politoloq bildirib ki, Türkiyə Azərbaycanla Qərb arasında ən yaxşı vasitəçi ola bilər: “Bu məsələdə Türkiyənin önəmi çox böyükdür. Türkiyə ABŞ və Avropa ilə münasibətlərin normallaşması üçün Azərbaycana misilsiz yardım göstərir. Bu yardımı yüksək qiymətləndirmək lazımdır. Onsuz da biz artıq tam dərk etmişik ki, Rusiya Qarabağ məsələsində bizi aldadır. Yəni, son 2-3 ildə Rusiya tərəfi bildirib ki, onlar Dağlıq Qarabağətrafı 7 rayonun geri qaytarılmasına yardım göstərəcək. Amma bütün bunların heç biri baş tutmayıb. Ona görə də Azərbaycan Rusiya ilə münasibətləri qoruyub saxlamaqla yanaşı, münaqişənin həlli üçün özünə yeni müttəfiqlər qazanmalıdır. Türkiyə və Pakistan isə Azərbaycanın əbədi müttəfiqləridir. Biz Qərb ölkələri arasında da bu cür müttəfiqlər tapmağa məcburuq”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm