Ərdoğan-Əliyev görüşü: “Yeni müharibə” öncəsi razılaşdırılacaq məqamlar - TƏHLİL
Bizi izləyin

Nida.az

Ərdoğan-Əliyev görüşü: “Yeni müharibə” öncəsi razılaşdırılacaq məqamlar - TƏHLİL

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan altı aylıq fasilədən sonra - fevralın 18-də yenə Bakıya gəlir. Sonuncu dəfə türk lider ötən il Bakıda keçirilən I Avropa Oyunlarının açılışı mərasiminə qatılmışdı və çox maraqlıdır ki, o, Azərbaycan torpağında Rusiya prezidenti Vladimir Putinlə də görüşdü. Görüşün qapalı hissəsində müzakirə olunanlar bəlli deyildi, lakin hotel foyesində ayaqüstü söhbətdə iki lider arasındakı gərginlik açıq şəkildə sezilirdi. Həmin vaxt ortaya çıxan informasiyalara görə, türk və rus lideri “Türk axını” layihəsində razılığa gələ bilmədikləri üçün narazı üz ifadələrini ictimaiyyətdən gizlətməmişdi.


Son altı ayda çox şey dəyişib və situasiya tamam fərqlidir. Hazırkı situasiyada Ərdoğanın Bakı səfəri bir çox aspektdən mühümdür. İlkin versiya kimi rəsmi Bakının Türkiyə və Rusiya arasında vasitəçi olması ortaya atılır. Bəli, bu ehtimal həmişə gündəmdə olub və Azərbaycanın siyasi rəhbərliyinin problemi həll etmək iqtidarında olduğunu danmaq olmaz. Xüsusilə Azərbaycan lideri İlham Əliyevin Ankara və Moskvada xüsusi ağırlıqla qarşılanması məsələni sülh yoluna qoymaq üçün unikal variantdır. Lakin hər şeydən öncə tərəflər bunu istəməlidir. Rəsmi Bakı da iki ölkə arasındakı gərginlikdən narahatlığını dilə gətirərək, vasitəçi ola biləcəyini deyib. Məsələ qalır tərəflərə. Hazırda tərəflərin belə bir istəkdə olduğunu demək çətindir.

Çünki ötən ilin 24 noyabrında Türkiyə hava sərhədini pozan rus təyyarəsinin vurulması iki ölkə arasındakı gərginlik atmosferini pik həddə çatdırdı. Ruslar buna cavab olaraq türklərə qarşı iqtisadi sanksiyalar tətbiq etdi, eləcə də Suriyaya humanitar yardım aparan türk TIR-larını bombaladı. Bunun fonunda Türkiyənin Rusiyadan aldığı təbii qaza yenidən baxmaq məsələsi gündəmə gəldi, bu məsələdə Bakı Ankaranın yanında olduğunu bəyan etdi. Bir neçə gün öncə türk TIR-ları Suriyada yenə rus bombardmançıları tərəfindən vuruldu. Hazırda Rusiya Suriyanın Türkiyə sərhədində yerləşən Qamışlıda hərbi baza yaratmaq istəyir və Türkiyənin Suriyaya qəfil hücum edəcəyinə dair xəbərlər dolaşmaqdadır.

Ankara və Moskva arasında buzların əriyəcəyinə dair ehtimalı sıfıra endirən bir sıra səbəblər var.


- Kreml təyyarənin vurulması ilə bağlı Türkiyədən üzr istəməsini tələb edir və bu istək hələ də Vladimir Putinlə görüşmək niyyətini gizlətməyən Ərdoğanın qarşısında əsas şərt olaraq irəli sürülür. Halbuki, belə bir üzr Türkiyənin haqlı mövqeyindən əl çəkməsi demək olar. Bu baxımdan, Ankaranın ümumiyyətlə bu məsələyə görə nə vaxtsa ruslardan üz istəcəyi gözlənilən deyil. Vladimir Putin üçün bu, hər şeydən öncə ruslar arasında yaratdığı “toxunulmaz Rusiya” mifinin dağılması deməkdir. Türkiyəyə qarşı sanksiyalar, TIR-ların vurulması kimi addımlar da həmin mifin xilasına yönəlmiş addımlardır. Bu baxımdan, ikitərəfli münasibətlərdə baharın gələcəyini gözləmək çətin görünür.

- Türkiyə-Rusiya münasibətlərinə payızın gətirilməsi həm də Qərbin Moskvaya qarşı ümumi dalğasının bir hissəsi idi və Ankara burada öz geosiyasi çıxarları çərçivəsində yer aldı. Doğrudur, bu oyunda yer alan Türkiyə qurbanlar verdi, xüsusilə iqtisadi sferada itkilərlə razılaşdı. Amma hesab etmək olar ki, Türkiyə rəhbərliyi daha uzaq geosiyasi hədəflər üçün bu addımı atdı. Bunlardan bəlkə də birincisi Suriyada rusların türklərə qarşı çıxması və Ərdoğanın 5 ilə yaxın müddət ərzində Əsədin getməsi ilə bağlı tutduğu siyasətə zərbə vurmaq idi. Eyni zamanda, Yaxın Şərqdə Türkiyənin izlədiyi geosiyasətə rus əngəlinin yaranmasını qəbul etmək niyyəti yoxdur. Rusiyanın Suriyada PYD-yə (PKK-nın Suriya qolu) açıq şəkildə dəstək verməsi isə bütün körpülərin yandırılması oldu.

Maraqların toqquşması ilə yanaşı, Ankaranın Rusiya ilə bağlı yaranmış situasiyada dünya birliyində onu əvəzləmək hədəfləri də var. Misal üçün, Ərdoğan son dövrlər BMT Təhlükəsizlik Şurasının tərkibinin dəyişməsinin vacibliyini dilə gətirir və bir çox hallarda haqlı arqumentlər irəli sürür. Bu, dünyada yaranmış siyasi böhranın çıxış yollarını axtarmaqla yanaşı, Türkiyənin çökəcək Rusiyanı Təhlükəsizik Şurasında əvəzləməsi üçün də zəmin yaradır. Bunun baş verməsi Türkiyəni regional gücdən hegemon gücə çevirə, üstəlik Azərbaycanın da bir çox maraqlarının həyata keçməsini təmin edə bilər. Təbii ki, bu hələlik gözləntilərdir.

Ümumi fonda belə görünür ki, Qərbin Rusiyaya qarşı apardığı siyasətdə yer alan Türkiyənin bundan sonra geri çəkilərək, Moskva ilə buzları əritməsi öz müttəfiqlərini qarşısına alması deməkdir. Məhz bu faktor iki ölkənin yaxın perspektivdə eyni masaya oturacağını mümkünsüz edir.

***

Bütün bunlar Ərdoğanın Bakıya Putinlə barışmaq üçün gəlmədiyi fikrini gücləndirir. Belə olanda “Ərdoğan qardaş adlandırdığı Azərbaycan Prezidenti İlham Əliyevlə nələri müzakirə edəcək?” sualı yaranır.

Təbii ki, Türkiyə prezidentinin Azərbaycana gəlişi ikitərəfli iqtisadi əməkdaşlığın daha da gücləndirilməsi, yeni müqavilələrin bağlanması, Bakı və Ankaranın birgə layihəsi olan Cənub Qaz Dəhlizi ətrafında yaranmış situasiyaların gözdən keçirilməsi və atılacaq addımların müzakirəsi, həmçinin, təhlükəsizlik məsələləri kimi mühüm sahələrlə birbaşa əlaqəsi var. Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iki ölkəni maraqlandıran bütün məsələlərin gündəmə gətiriləcəyi şübhəsizdir.

Lakin Ərdoğanın Bakı səfərində iki ana xətt açıq görünür.


1. Son proseslər Türkiyənin Suriyada daha geniş əməliyyatlara başlaya biləcəyini göstərir. Bu, faktiki olaraq Rusiya qüvvələri ilə Suriyada yeni döyüş deməkdir. Görünür, Ərdoğan “yeni müharibə” adlandırıla biləcək siyasi gedişi etməmişdən öncə İlham Əliyevlə "saatlarını yoxlayır".

Türkiyə-Rusiya qarşıdurmasında Bakının seçim etmədiyi görünür. Bunu gözləmək də absurd olardı. Lakin Prezident İlham Əliyevin Rusiyanın buraxmadığı Türkiyə TIR-larına yol açması, təbii qaz məsələsində “mən qardaşıma qaz verəcəm, həm də daha ucuz” deməsi dolayısı ilə onun tərəzinin Türkiyə gözünə ağırlıq verdiyini göstərdi. Görünür, Ərdoğan da planlaşdırdığı yeni addımı İlham Əliyevlə müzakirə etmədən atmaq istəmir. Burada iki amil ola bilər: birincisi, Ankara Bakının Rusiya ilə bağlı siyasətini nəzərə almaq və müzakirədən sonra buna uyğun hərəkət etmək istəyir, ikincisi, Türkiyə yeni siyasətində Azərbaycanın dəstəyinə ehtiyacı var. Prezident İlham Əliyevin Suriya böhranından çıxış yollarının müzakirəsi üçün Böyük Britaniyanın Baş naziri Devid Kameronun dəvəti ilə Londona dəvət edilməsi ikinci ehtimalı gücləndirir. Hesab etmək olar ki, Suriya, ümumilikdə Yaxın Şərqlə bağlı dünya liderlərinin yeni siyasətində Azərbaycan da yer alacaq. İlk baxışdan, Azərbaycanın yerləşdiyi Qafqaz regionu ilə Yaxın Şərq uzaq görünə bilər, amma iki region arasında mühüm bağların olduğu şübhəsizdir, xüsusilə Rusiya faktoru baxımından. Digər tərəfdən, Azərbaycanın Əfqanıstandakı NATO qüvvələri üçün tranzit rolunu üzərinə götürdüyünü unutmamalıyıq. Bu baxımdan, Yaxın Şərqlə bağlı atılacaq addımlarda dünya güclərinin Bakıya ehtiyacı var.

Ərdoğanın Bakı səfərində bu amillər, eləcə də İŞİD-ə qarşı yaradılan “İslam koalisiyası”nda Azərbaycanı da görmək istəklərinin müzakirəsi gözləniləndir.

2. Ərdoğanın səfərində ikinci ana xətt regionda Ankara-Tiflis-Bakı üçbucağının gücləndirilməsi ola bilər. Belə ki, Ankara ilə kəllə-kəlləyə gələn Kreml dərhal Ermənistanda hərbi gücünü artırdı. İrəvana hərbi helikopterlər “hədiyyə etdi” və Ermənistanla birgə hava hücumundan müdafiə sistemi yaratmaq qərarını verdi. Hətta dəqiqləşməmiş informasiyalara görə, Rusiya Ermənistanın Türkiyə ilə sərhəd ərazilərinə qoşunlarını da yerləşdirib. Bu, Türkiyə, dolayısı ilə Azərbaycan üçün də təhdiddir. Bu təhdidə qarşı Ankaranın Bakı ilə eyni marşrut üzrə hərəkət etməsi normaldır. Bu, marşrut Türkiyə, Gürcüstan və Azərbaycan arasında tədricən möhkəmlənən hərbi və siyasi ittifaqın gücləndirilməsindən keçir. Ankara uzun onilliklərdən sonra Qafqaz siyasətində bu ittifaqla fürsət əldə etdi. Əslində Rusiyanın Ermənistana dəstəyi artırması və yeni regional ittifaqa adekvat güc yaratmaq cəhdləri də buna hesablanıb. Hesab etmək olar ki, Ərdoğan Bakıda İlham Əliyevlə bu məsələni nəzərdən keçirəcək və çox güman ki, türk lider bu səfərdən sonra “qaz oyunu” ilə Rusiyaya isti münasibət göstərən Tiflislə də təmasları genişləndirəcək. Məqsəd regional ittifaqı Rusiyanın atacağı addımlara qarşı adekvat vəziyyətə gətirməkdir. Bu, həmçinin, İranla da bağlıdır. Çünki sanksiyaların aradan qaldırılmasından sonra İranın regional güc olmaq istəkləri ortaya çıxıb.

Qafqazı öz maraq dairəsində görən Tehran regiondakı Ankara-Tiflis-Bakı ittifaqına qarşı Rusiya-Ermənistan birliyində yer almaq niyyətindədir. Belə olanda qarşı cəbhə daha da güclənir və bu, Türkiyəni təxirəsalınmaz addımlar atmağa məcbur edir.

***

Bu iki ana xətlə yanaşı, Ərdoğan Bakıda azərbaycanlı həmkarı ilə Transxəzər layihəsini də müzakirə edəcək. Geosiyasi proseslər fonunda mühüm yer tutan enerji amilinə görə bu vacib məqam hesab olunmalıdır. Türkiyə prezidenti ötən ilin 12 dekabr tarixində Aşqabad səfəri zamanı bu məsələni müzakirə etdi. Türkmənbaşı layihəyə yox demir, lakin haqlı olaraq Xəzərdə Rusiya faktorunu də gözdən çıxarmır. Həmçinin, qaz resurslarını Avropa bazarına çıxarmaq istəyən İran da Transxəzərə yeni rəqib kimi qəbul olunmalıdır. Bunun fonunda Ərdoğanın gündəmə gətirəcəyi məsələlər sırasında bu layihə də xüsusi yer tutur. Çünki türkmən qazının dənizdən Bakıya gətiriləcək hazırda inşa olunan Cənub Qaz Dəhlizi layihəsinə qoşulması həm Türkiyənin qaz ehtiyacının ödənməsi, həm də Avropanın qaz bazarı uğrunda gedən rəqabətdən Ankara və Bakının qalib kimi çıxması üçün əhəmiyyətlidir.

Asif Nərimanlı



Oxumağa davam et
Reklam
Reklam

Gündəm