Rusiyadan absurd həmlə: Ermənilərin “Naxçıvan iştahı” - MÖVQE
Bizi izləyin

Nida.az

Rusiyadan absurd həmlə: Ermənilərin “Naxçıvan iştahı” - MÖVQE

Rusiyada ermənilərin Naxçıvana iddialarını gücləndirəcək müraciət hazırlanıb.


Publika.az xəbər verir ki, Rusiya Kommunist Partiyasından olan deputatlar Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova müraciət edərək, 1921-ci il 16 mart tarixində Rusiya Sovet Federativ Sosialist Respublikası (RSFSR) və Türkiyə arasında imzalanan dostluq və qardaşlıq haqqında Moskva müqaviləsinə xitam verilməsini təklif ediblər.


Müraciətin müəllifləri - Valeri Raşkin və Sergey Obuxovdur. Deputatların fikrincə, Moskva müqaviləsi Rusiyanın maraqlarına zidd imzalanıb.

Qeyd edək ki, Moskva müqaviləsi16 maddə və 3 əlavədən ibarətdir. RSFSR tərəfdən müqaviləni Xarici işlər üzrə xalq komissarı Georgi Çiçerin və Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin üzvü Cəlaləddin Qorxmazov, Türkiyə tərəfdən isə Türkiyə Böyük Millət Məclisinin (TBMM) xarici işlər üzrə vəkili Yusuf Kamal bəy, türk nümayəndə heyətinin üzvü Rza Nur bəy və TBMM-in Rusiyadakı səfiri Əli Fuad Paşa imzalayıblar.

Müqavilədə Naxçıvan Azərbaycanın ərazisi kimi təsdiqlənir və Türkiyə onun qarantı kimi çıxış edir. Moskva müqaviləsinin müddəaları əsasında 1921-ci il oktyabrın 13-də Qars müqaviləsi (Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan və Gürcüstan) imzalanıb. Bu müqavilədə Naxçıvan Azərbaycanın ərazisi kimi təsdiqlənir və Türkiyə onun qarantı kimi çıxış edir.


Qeyd edək ki, “Böyük Ermənistan” xülyasında olan ermənilər tarix boyu Qars müqaviləsinə qarşı çıxır. Misal üçün, Ermənistanda fəaliyyət göstərən “Naxçıvan” milli-siyasi təşəbbüs analitik qrupu 2014-cü ildə sensasiyalı bəyanat yaymışdı. Bəyanatda iddia olunurdu ki, Yaxın Şərq problemi Naxçıvan vasitəsilə Ermənistana da sıçraya bilər. Qrup erməni hökumətini Naxçıvanı “geri almağa” çağırırdı.

“Sovet İttifaqı dağılandan sonra Azərbaycan özünü qanunsuz olaraq Naxçıvanın varisi elan etdi. Hansı ki, Qars müqaviləsinə görə, bu mübahisəli ərazidir”, - deyə iddia edilən bəyanatda bildirilirdi ki, Azərbaycan Naxçıvanı işğal edib. Analitik qrup Ermənistanı Naxçıvanı “işğaldan qurtarmaq üçün” müharibəyə başlamağa çağırmışdı.

İndi Rusiyada belə bir müraciətin ortaya çıxması Ermənistanın Türkiyə ərazilərinə, o cümlədən, Naxçıvana iddialarını gücləndirəcəkmi?


Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri Publika.az-a açıqlamasında bildirir ki, Moskva müqaviləsinin ləğvinin gündəmə gəlməsi Rusiyanın Türkiyəyə qarşı hazırki siyasətinin tərkib hissəsidir: “Zaman-zaman bu yöndə müəyyən ideyalar, fikirlər olub. İndi də ruslar bundan siyasi təzyiq elementi kimi istifadə etmək istəyirlər”.

Lakin N. Miri hesab edir ki, Moskva müqaviləsi ləğv olunsa belə, bu heç nəyi dəyişməyəcək.


Əslində bu cür müqavilələrin ləğv olunması siyasi nəticə etibarilə Ermənistanın özünün əleyhinə işləyəcək prosesin başlanmasına səbəb ola bilər. Çünki bu ölkə Azərbaycanın ərazisində yaradılan qondarma dövlətdir”, - deyə o bildirib.

Politoloqun fikrincə, müqavilələrin ləğv olunması əslində Rusiyanın özünün və strateji müttəfiqi Ermənistanın əleyhinədir: “Rusiya özünü varisi elan etdiyi dövlətin imzaladığı sənədə hörmət etmirsə, bu onun qlobal səviyyədə nüfuzuna xələl gətirə bilər. Onsuz da müqavilələrin ləğvi coğrafi baxımdan sərhədləri dəyişməyəcək. Çünki bu gün bütün sərhədlər BMT tərəfindən qəbul olunur”.


Ermənistanın iddialarının güclənəcəyinə gəlincə, N. Miri qeyd edir ki, ermənilər tarix boyu müxtəlif dövlətlərin ərazilərinə iddia ediblər.


“Bu, dünənin prosesi deyil. Onlar xəstə təxəyyülə dənizdən dənizə “Böyük Ermənistana” iddia edirlər. halbuki bu xırda dövlət Rusiyanın iti kimi onun-bunun üstünə hürməkdən başqa heç biri işi bacarmır. Digər tərəfdən, Ermənistanın ərazi iddialarını gerçəkləşdirməyə nə iqtisadi, nə siyasi, nə də hərbi gücü var. Bununla yanaşı, hazırda Rusiya da ciddi şəkildə zəifləyir. Bu baxımdan hesab edirəm ki, bu müqavilənin ləğvi məsələsinin gündəmə gəlməsi Türkiyəyə qarşı siyasi təzyiqdir. Amma heç bir nəticəsi olmayacaq”, - deyə politoloq diqqətə çatdırır.


Beynəlxalq hüquq üzrə ekspert Fərhad Mehdiyev Publika.az-a açıqlamasında bu müqavilənin ləğvini absurd təklif olaraq qiymətləndirib.

Burada iki amil var. Birincisi, 1969-cu ildə imzalanan Vyana müqavilə hüquqi konvensiyasına görə, həmin müqavilə birtərəfli ləğv oluna bilməz. Bu konvensiya Moskva müqaviləsindən sonra qəbul olunsa da, həmin müqaviləyə də şamil olunur. Digər tərəfdən, beynəlxalq aidiyyət hüquqi qaydalarına görə, istər ikitərəfli, istər çoxtərəfli müqavilələrə tərəflərin hamısının iştirakı ilə yenidən baxa bilər. Əgər müqavilə imzalanarkən, orada bir tərəfin istəyi ilə xitam verilməsi şərti olsaydı, bu qəbul olunardı. Amma dəqiq bilirəm ki, nə Moskva, nə də Qars müqaviləsinə belə bir şərt yoxdur”, - deyə ekspert bildirir.


F. Mehdiyev ikinci amil kimi qeyd edir ki, dövlətlər BMT-yə üzv olarkən, bir-birinin ərazi bütövlüyünü qəbul ediblər: “Beynəlxalq hüquqa görə, müstəqillik anından tanınan sərhədlər sonrada dəyişdirilə bilməz. Bu baxımdan, irəli sürülən təklif absurd fikirdən başqa bir şey deyil. Sadəcə olaraq, onlar şou göstərmək istəyirlər”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm