Hindistanlı diplomat Astarada
Bizi izləyin

Nida.az

Hindistanlı diplomat Astarada

Hindistanın ölkəmizdəki səfiri Sanjay Rana cənub bölgəsinə səfəri çərçivəsində fevralın 9-da Astara rayonunda olub.

AzərTac xəbər verir ki, Astara Rayon İcra Hakimiyyətində hindistanlı diplomatla keçirilən görüşdə qonağa rayonun tarixi, coğrafi mövqeyi, əhalinin məşğulluğu, iqtisadiyyatı, sosial-iqtisadi inkişafı və turizm potensialı barədə ətraflı məlumat verilib.

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev bildirib ki, Hindistanla Azərbaycanın təbiətinin oxşarlığı hər iki ölkənin əməkdaşlıq əlaqələrinin genişlənməsinə böyük imkanlar açır.

Astarada Hindistan mədəniyyəti və incəsənətinə böyük marağın olduğunu vurğulayan Q.Ağayev Şimal-Cənub nəqliyyat dəhlizinin tərkib hissəsi olan dəmir yolunun istifadəyə verilməsi ilə iki ölkə arasında iqtisadi və mədəni əlaqələrin daha da genişlənəcəyini qeyd edib, turizm və kənd təsərrüfatı sahəsində mütəxəssis mübadiləsinin faydalı olacağını diqqətə çatdırıb.

Görüşdə rayonun sosial-iqtisadi inkişafı ilə bağlı xarici investorlar üçün mövcud əlverişli şərait barədə fikir mübadiləsi aparılıb.

Astara rayonunun nümayəndə heyətinin Hindistana səfəri və bu ölkənin şəhərlərindən biri ilə Astara şəhərinin qardaşlaşması ilə bağlı təklifi səfir razılıqla qarşılayıb.

Hindistanlı diplomat Astara şəhərindəki Heydər Əliyev Mərkəzində və Astara Rayon Tarix-Diyarşünaslıq Muzeyində nümayiş etdirilən eksponatlarla tanış olub, Xəzər dənizi sahilində salınmış park-bulvar kompleksini, rayonun görməli yerlərini seyr edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm