Ermənilərin AŞPA “qələbəsində” pornoulduz Kardaşyan amili – ŞOK FAKTLAR
Bizi izləyin

Nida.az

Ermənilərin AŞPA “qələbəsində” pornoulduz Kardaşyan amili – ŞOK FAKTLAR

Milli Məclisin deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov qurumun son sessiyasında britaniyalı deputat Robert Volterin “Dağlıq Qarabağ və Azərbaycanın digər işğal edilmiş ərazilərində zorakılığın artması” adlı müzakirəyə çıxarılan məruzənin qəbul edilməməsinin detallarını açıqlayıb.

Publika.az xəbər verir ki, R. Hüseynov baş verənlərlə bağlı qələmə aldığı məqaləsində yazır ki, hələ Strasburqa getməzdən öncə Azərbaycanın sessiyada tərəfdarlarının 140-150 nəfər olacağı gözlənilirdi: “Ermənilərin də səsverməyə təsir göstərmək üçün dünya boyu erməni lobbisinin bütün imkanlarından istifadə etməsindən agah idik. Strasburqda olanda isə hələ sessiya başlamazdan əvvəl yaxın, tərəfdaş saydığımız, dəstəyinə ümid bəslədiyimiz bir sıra AŞPA üzvü dostlarımızdan aldığımız məlumatlar vəziyyətin xeyli mürəkkəb olduğunu göstərirdi. Bütün deputatlara qarşı Volterin məruzəsi ilə bağlı ciddi təzyiq göstərilir və bundan ötrü ağla gələn və gəlməyən bütün qüvvələri səfərbər ediblər. Siyasətçilər, dövlət adamları, xristian birliyindən dəm vuran din xadimlərindən tutmuş, pornoulduz Kim Kardaşyana və nağd pul təklifinə qədər erməni lobbisi dünya boyunca hər söz, nüfuz, təsir sahibini AŞPA deputatlarını yola gətirməyə yönəldib”.

R. Hüseynov qeyd edir ki, bu qədər canfəşanlıq və cəlbetmələr belə nəticə etibarilə erməniləri istəyinə çatdırmayacaqdı: “Çünki Volterin məruzəsinin lehinə səs verəcəyini nəzərdə tutduqlarımızdan nə qədərini neytrallaşdırmağı bacarsalar da, yenə çoxluq bizim tərəfimizdə idi. Sessiyalarda, adətən, məruzəni müəllif təqdim edir. Milisa Markoviç məruzəsini tutarlı əsaslandırmalarla özü təqdim etsə də, Volter artıq AŞPA üzvü olmadığından, həmin məruzənin təqdimi deputat Mogens Yensenə tapşırılmışdı və o da əks-cəbhənin adamlarından idi. Aydın məsələdir ki, o, məruzəni necə təqdim edəcəkdi. Söz yox, meydanda güclü siyasətçi Robert Volter özü olsaydı, ssenari tamam başqa tərzdə cərəyan edəcəkdi və o, əleyhdarlarını yerində oturda biləcəkdi. Təəssüf ki, sessiyaya qonaq kimi gəlib dəhlizlərdə gəzsə də, Volter artıq məruzəçi kürsüsündə deyildi və bu da nəticəyə təsir baxımından çox mənfi rolunu oynadı. İki məruzə ətrafında müzakirələr başlandı və bizim nümayəndə heyətində 5 nəfər çıxışa yazılsa da, təkcə mənə söz demək növbəsi çatdı. Mənim o qısa vaxt içərisində hər 2 məruzə ilə bağlı, sadəcə bəzi vacib nöqtələrə diqqət yönəltmək macalım oldu”.

Onun sözlərinə görə, çıxışı zamanı gətirdiyi faktları Ermənistan tərəfi özünə xas olan riyakarlıqla danıb: “Çıxışımda dedim ki, Sərsəng Su Anbarının qarşısını nağıllardakı əjdahalar kimi kəsərək, yay-qış yüz minlərlə insanın həyatını fəlakət həddinə çatdırır. Bildirdim ki, bunlarla əlaqədar inkaredilməz dəlillər, sübutlar ortaya qoyulur, Ermənistan deyir “xəbərim yoxdur”. Müzakirə etdiyimiz hər iki məruzədə bu cür dəhşətli faktların yalnız kiçik bir hissəsi əhatə edilib”.

R. Hüseynov iclasda saxtakarlığa yol verdiyini söyləyib.

“İclası AŞPA-nın yeni seçilmiş prezidenti, Azərbaycan üzrə keçmiş həmməruzəçi Pedro Aqramun aparırdı. Mən sözümü bitirəndə sədr kürsüsündə onu Makedoniya nümayəndə heyətinin rəhbəri olaraq vitse-prezident vəzifəsini icra edən Aleksandr Nikolski əvəzlədi və müzakirələri dayandırdı. Halbuki siyasi qruplar adından çıxışçılar da daxil olmaqla, vur-tut 9 nəfərə söz verilmişdi. Məsələni tələm-tələsik həll etmək ssenarisi işə düşmüşdü. Ermənilər və onlarla bir olan bəziləri əvvəlcə Volterin məruzəsini yenidən işlənmək üçün komitəyə qaytarmaq təklifini irəli sürdülər. Səsə qoyuldu və bu təklif rədd edildi. 175 nəfər səsvermədə iştirak etdi. 74 nəfər məruzənin komitəyə qaytarılmasının lehinə, 83 nəfər əleyhinə səs verdi, 18 nəfər bitərəf qaldı. Ardınca məruzənin qəbulu məsələsi səsə qoyuldu. Səsvermə bitdi. Zaldakı monitorlar işıqlanmadı. Və iclası aparan qarşısındakı kompüterdə ilkin nəticələri, yəqin ki, görürdü və bu göstəricilərin onların məqsədinə müvafiq olmadığını bilincə əcaib bir elan etdi: “24 nəfər səs verməyib, xahiş edirəm onlar da səs versin. Avropa Şurası saytında stenoqramları açsanız, bunlar öz əksini olduğu kimi tapıb. Nəticə elan edildi: 66 nəfər məruzənin qəbul edilməsinin lehinə, 70 nəfər əleyhinə, 45 nəfər bitərəf. Səs verənlərin bir neçə saniyə qabaq 175 olan sayı “artıb” oldu 181 nəfər və bizə tərəfdar olan 83 nəfərin də miqdarı “azalıb” oldu 66. Ən qaba tərzdə biabırçı saxtalaşdırmaya getdilər, ancaq bu, heç də Avropa Şurasında indiyəcən rastlaşdığımız ilk hal deyildi. Belə səsvermə fokusları başqalarına və bizə münasibətdə ötən illərdə də müşahidə edilmişdi”, - deyə deputat bildirib.

R. Hüseynov türkiyəli deputatların bitərəf qalması məsələsinə də toxunub: “Türkiyə nümayəndə heyətinin üzvlərindən biri rəsmən AŞPA katibliyinə müraciət etdi və məruzənin lehinə səs versə də, onun bitərəf kimi qeydə alındığını bildirdi. Kimdir buna baxan? Məqsəd bu layihəni rədd etmək idi, sistem öz əllərində, nəzarət öz ixtiyarlarındadır. Guya, real 5-10 səsin az, ya çox olması nəyisə həll edir? İstənilən halda maşınları “hesablama”nı elə aparacaqdı ki, nəticə onlara sərf edən olsun”.

Milli Məclisin üzvü sonda qeyd edib ki, hər iki məruzənin AŞPA-da qaldırılması xarici siyasətimizin ciddi uğurudur.

Qeyd edək ki, sessiyada həmçinin Bosniya-Herseqovinadan olan deputat Milisa Markoviçin “Azərbaycanın sərhəd rayonları sakinlərinin qəsdən sudan məhrum edilməsi” adlı məruzə də müzakirəyə çıxarılmışdı. Bu qətnamə layihəsi qəbul olunsa da, R.Volterin müəllifi olduğu məruzə qəbul edilməyib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm