Nazir Bərdə sakinləri ilə görüşdü
Bizi izləyin

Nida.az

Nazir Bərdə sakinləri ilə görüşdü

Daxili işlər naziri Ramil Usubov Bərdə şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Publika.az-a Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Ramil Usubov məruzə ilə çıxış edərək ölkə başçısının dövlət qurumları və yerli icra strukturları qarşısında sahibkarlığın inkişafı, bürokratik əngəllərin aradan qaldırılması, respublikamızın iqtisadi və maliyyə təhlükəsizliyinin təmini və digər sahələrdə qarşıya qoyduğu vəzifələr barədə danışıb.

O bildirib ki, son 12 ildə cinayətkarlığa qarşı mübarizə, ictimai asayişin təmini sahəsində fəaliyyət də davamlı olub, digər hüquq-mühafizə və xüsusi xidmət orqanları ilə birlikdə həyata keçirilən tədbirlər nəticəsində əməliyyat şəraiti bütövlükdə nəzarətdə saxlanılıb.

Daxili işlər naziri qarşıda duran əsas vəzifələrdən də danışıb. O, aparılacaq struktur islahatlarının və neqativ hallara qarşı mübarizənin gücləndirilməsinin izafi xərclərin qarşısını alacağını, dövlət idarəçiliyi sisteminin çevikliyini və səmərəliliyini artıracağını, işgüzar mühitin inkişaf etdirilməsi, inhisarçılıq, bürokratiya, korrupsiya və rüşvətxorluq kimi mənfi amillərin tam aradan qaldırılması istiqamətində məqsədyönlü iş aparıldığını diqqətə çatdırıb.

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev isə son illər rayonun sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən tədbirlər, görülən abadlıq, quruculuq işləri və nəzərdə tutulan layihələr barədə məlumat verib.

Görüşdə çıxış edən sahibkarlar və ictimaiyyət nümayəndələri prezident İlham Əliyevin antiböhran tədbirlərini, yerlərdə biznes mühitinin inkişafına yönəlmiş qətiyyətli addımlarını dəstəklədiklərini bildiriblər.

Daxili işlər naziri Ramil Usubov görüşdə səslənmiş təklif və müraciətlərin aidiyyəti üzrə baxılıb həllinə köməklik göstəriləcəyini qeyd edib.

Görüşdə Milli Məclisin deputatları Gövhər Baxşəliyeva və Zahid Oruc iştirak ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm