Allahşükür Paşazadə: “Siz ideyalarımızın carçısı ola bilərsiniz”
Bizi izləyin

Nida.az

Allahşükür Paşazadə: “Siz ideyalarımızın carçısı ola bilərsiniz”

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin qış məktəbinin iştirakçıları Qafqaz Müsəlmanları İdarəsində ənənəvi dinlərin liderləri ilə görüşüblər.

Publika.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam hacı Allahşükür Paşazadə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə keçirilən “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş-2016” adlı Beynəlxalq Multikulturalizm qış məktəbinin iştirakçılarını salamlayaraq Azərbaycanda tolerantlıq mühitindən, multikultural dəyərlərdən danışıb.

O deyib: “Siz Azərbaycandakı həyatla daha yaxından tanış olmaq üçün müxtəlif ölkələrdən gəlmisiniz. Ölkəmizdə tolerantlıq, dinlərarası və mədəniyyətlərarası dialoq yüksək səviyyədədir. Bu görüşdə ölkəmizdə əsas dini konfessiyaların liderləri iştirak edirlər. İslam dünyasındakı qarşıdurma, Avropadakı islamofobiya fonunda siz Azərbaycandakı vəziyyəti qiymətləndirə bilərsiniz. Sizin burada gördükləriniz həqiqətdir. Bu, bizim həyat tərzimizdir”. A.Paşazadə vurğulayıb ki, hazırda dünyada çoxlu qarşıdurmalar mövcuddur, lakin Azərbaycanda konfessiyalararası səviyyədə dözümsüzlük heç vaxt olmayıb və bu gün də yoxdur. Dövlət və din arasında qarşılıqlı münasibətlərin universal modelini Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev yaradıb”.

A.Paşazadə çıxışının sonunda deyib: “Biz həmişə dövlətin dəstəyini hiss edirik. Bizdə ibadətgahlar, o cümlədən məscidlər, kilsələr, sinaqoqlar bərpa edilir və tikilir. Dünya ictimaiyyəti Azərbaycan haqqında həqiqətləri bilməlidir. Biz sizə - gənclərə ümid bəsləyirik. Siz bizim ideyalarımızın carçısı ola bilərsiniz”.

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr, Azərbaycan Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayev, Bakıda katolik kilsəsinin baş keşişi Vladimir Fekete, Alban-udin dini icmasının sədri Robert Mobili Beynəlxalq Multikulturalizm qış məktəbinin iştirakçılarına müraciət ediblər.

Qeyd edilib ki, Azərbaycan çoxmillətli ölkədir. Burada heç vaxt dinlərarası münaqişə olmayıb. Hökumətdə, parlamentdə, ölkənin təhsil sistemində, bir sözlə, hər yerdə bütün millətlərin nümayəndələri təmsil olunub. Bizdə bütün dünyəvi və dini bayramlar dövlət səviyyəsində qeyd edilir, müxtəlif xalqların mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Bütün bunlara ölkə rəhbərliyinin düşünülmüş daxili siyasəti sayəsində nail olunur. Azərbaycan təkcə mədəniyyətlərarası məkanda deyil, dinlərarası dialoqda da mərkəzə çevrilib.

Lakin tolerantlıq və multikulturalizm öz-özünə yaranmır. Bu, Azərbaycan xalqının yüksək mədəniyyətinin təcəssümüdür. Bu baxımdan Azərbaycan dünya ölkələrinin çoxuna nümunə ola bilər.

Sonra tədbir iştirakçılarının sualları cavablandırılıb.

2015-ci ilin yaz və payız semestrlərində “Azərbaycan multikulturalizmi” və “Multikulturalizmə giriş” fənlərinin tədris olunduğu xarici və yerli universitetlərdə təhsil alan tələbələrin, nüfuzlu elm adamlarının qatıldıqları Beynəlxalq Multikulturalizm qış məktəbi fevralın 15-dək Bakıda, Qubada, Xaçmazda və Qusarda işini davam etdirəcək.

Beynəlxalq Multikulturalizm qış məktəbində Türkiyə, Rusiya, İsveçrə, Ukrayna, İtaliya, Portuqaliya, Polşa, Çexiya, Gürcüstan, Belarus, Bolqarıstan, Litva, İndoneziya, Yaponiya və Almaniyanın ali təhsil ocaqlarından 43, Azərbaycanın yerli universitetlərindən 12 nəfər olmaqla, ümumilikdə 55 tələbə, eləcə də yerli və xarici mütəxəssislər iştirak edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm