Tural Abbaslı: “May ayında Ağ Partiyanı təsis edəcəyik” – Müsahibə
Bizi izləyin

Nida.az

Tural Abbaslı: “May ayında Ağ Partiyanı təsis edəcəyik” – Müsahibə

Müsavat partiyasından yeni istefa dalğası gözlənilir. Belə ki, başqanlığa keçmiş namizəd Tural Abbaslının təsis etdiyi “Ağ Blok” partiyaya çevrilə bilər və blokda təmsil olunan Müsavat üzvləri qurultay ərəfəsində istefa verməyi düşünür.
Tural Abbaslı Publika.az-a müsahibəsində planları haqda danışıb.


- Qurultayı nə vaxt keçirmək niyyətindəsiniz?

- “Ağ Blok”u AĞ Partiyaya çevirmək niyyətindəyik və qurultayı may ayına planlaşdırmışıq. Hələlik bu istiqamətdə işlər davam edir. Bura texniki, təşkilatı, siyasi və hüquqi məsələlərin həlli daxildir. Ümumiyyətlə, qurultay ağır və məsuliyyətli prosesdir. Odur ki, bu məsələdə lazımsız tələskənlik etmək istəmirik.


- Müsavatdan istefa verəcəyiniz təqdirdə partiya tərəfindən anlayışla qarşılaşacağınızı gözləyirsinizmi?

- Əslində bizim Müsavatla yollarımızı ayırmağımız onlarla düşmən olacağımız anlamına gəlmir. Sadəcə olaraq, biz oradan bugünkü idarəçiliyi və yanlış siyasəti dəstəkləmirik deyə ayrılırıq. Ümumiyyətlə bizim özünə müxalifət deyən heç bir siyasi qurumla rəqabət və düşmənçilik aparmaq niyyətimiz yoxdur. Bir sözlə desək, bizimlə hansı münasibətdə olacaqlarını digər qurumlar seçəcəklər. Bizimlə dost olmaq istəyənlərlə dost, rəqib olmaq istəyənlərlə də rəqib olacağıq.


- Təxminən nə qədər tərəfdarınız var və onların istefası Müsavat üçün hansı nəticələrə səbəb ola bilər?

- Müsavatdakı tərəfdarlarımızın sayı mənim üçün o qədər də önəmli deyil. Çünki AĞ Partiyanın yaranma səbəbi Müsavatın elektoratını parçalayıb onları zəiflətmək deyil. Nəinki Müsavatdan, istənilən partiya üzvləri öz partiyalarından ayrılıb bizə qoşula bilər. Eyni zamanda, partiyalarından ayrılmayıb bizimlə birgə olmayanlara da düşmən qismində baxmırıq. Bu sadəcə siyasi seçimdir və biz hər kəsin siyasi seçiminə hörmətlə yanaşırıq. Siyasi arenaya yeni partiyanın qoşulması digər partiyaların fəaliyyətinə necə təsir edəcəyini zaman göstərəcək.


- Siz yenə müsavatçı olaraq qalacaqsınız, yoxsa hansısa yeni siyasi yol tutacaqsınız?

- Azərbaycanda bir siyasi xətt var. Bu xəttin adı müsavatçılıqdır. Digər siyasi ideologiyalar bu xəttin davamçılarıdırlar. Bizim də siyasi xəttimiz təməlini M. Ə. Rəsulzadənin, Əlibəy Hüseynzadənin, Əhmədbəy Ağaoğlunun və digər vətənsevərlərin qoyduqları müsavatçılıq ideologiyası olacaq.

- Hazırda Müsavat Partiyasında vəziyyət necədir, yenə qurultaydan sonrakı dövrdə baş verənlər yaşanırmı?

- Mən Müsavatda baş verən hadisələri izləmirəm. Sözün düzü, mənə artıq heç maraqlı da gəlmir. Çünki düşünürəm ki, Arif Hacılı bugünkü yanlış siyasəti davam etdirsə, partiya daha da ağır günlər yaşayacaq.


- Ola bilərmi ki, siz “Ağ Blok”un qurultayı və həmin ərəfədə istefa verəcəyinizlə bağlı anons verdiyiniz üçün partiya rəhbərliyi qurultaya qədər hansısa bəhanə ilə sizləri partiyadan çıxartsın və nədəsə günahlandırsın?

- Partiyanın bugünkü rəhbərinin hansı kriteriyalarla hərəkət etdiyini məntiqi analiz etmək olmur. Bu günə qədər müxtəlif bəhanələrlə bir çox fədakar müsavatçılar partiyadan kənarlaşdırılıb. Odur ki, dediyiniz halın baş verməsi də mümkündür.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm