Arif Hacılının partiyadan çıxardığı gənc danışdı: “Məhkəməyə müraciət edəcəm”
Bizi izləyin

Nida.az

Arif Hacılının partiyadan çıxardığı gənc danışdı: “Məhkəməyə müraciət edəcəm”

“Müsavatdan xaric olunmağımın səbəbi Arif Hacılıya aid düzəltdiyim “caps”lar olub”.

Bunu Publika.az-a açıqlamasında Müsavat Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyasının qərarı ilə partiyadan çıxarılan Şamil Beydullayev deyib.

Onun sözlərinə görə, partiyadan xaric olunana qədər Binəqədi rayon təşkilatında gənclərlə iş üzrə müavin olub: “2011-ci ildən Müsavat partiyasında aktiv fəaliyyətim olub. Hal-hazırda Tural Abbaslının təsis etdiyi “Ağ Blok”da təmsil olunuram. Blokun yaranmasında, təsis olunmasında iştirak edənlərdən biri də mən olmuşam. Bildiyiniz kimi parlament seçkilərinə “Ağ blok”-un üzvləri də qatıldı, 8 nəfərdən 4 üzvümüzün namizədliyi qeydə alındı. Parlament seçkilərində Tural bəyin səlahiyyətli nümayəndəsi idim. Seçkilərdə aktiv iştirakım zamanı partiyadan iradlar bildirirdilər ki, Müsavatın seçkilərində namizədlərə köməklik göstərim. Partiya seçkidə iştirakdan boykot qərarı verdikdə mənə də seçkidən uzaqlaşmaq tapşırığı verilmişdi. Təbii ki, biz bu “tapşırıq”ları nəzərə almadıq, seçki prosesində iştirakımızı təmin etdik. Həmin zamandan partiya fürsət güdürdü ki, xaric olunmağımla bağlı qərar versinlər. Arada xeyli soyuqluq yaranmışdı”.

Ş. Beydullayev qeyd edib ki, Tural Abbaslının yanında olan aktiv üzvlərdən biri olaraq, partiya qərarlarına tabe olmaması rəhbərlikdə qıcığa səbəb olub. O, çıxarılam səbəblərindən birinin bu olduğunu da bildirib.

“Ağ Blok”un partiyaya çevrilməsi və orada təmsil olunanların Müsavatdan istefa verəcəyinə gəlincə, Ş. Beydullayev bildirib ki, məqsəd Müsavatı zəiflətmək və ya zərbə vurmaq deyil.

“Azərbaycan Respublikasının qanunvericiliyində də əks olunub ki, bir şəxs yalnız bir partiyanın üzvü ola bilər. Təbii ki, biz də yeni partiya yaradırıqsa, iki partiyadan birini seçməli olduğumuzu bilirik və nəticədə seçəcəyimiz partiya AĞ Partiya olacaq. Müsavata hər-hansı bir zərbə vurmaq kimi niyyətimiz, hədəfimiz, onun elektoratını bölmək fikrimiz yoxdur. Bizim bir hədəfimiz var, o da, yeni partiya qurmaq və ölkəmizin demokratikləşməsinə yardımçı olmaqdır. Qeyd edim ki, Arif Hacılının bu cür bəhanələrlə onun kimi düşünməyən, onun fikri, qərarları ilə razılaşmayan adamları partiyadan uzaqlaşdırması heç bir demokratik düşüncəyə sığmır. Hazırda partiya sıralarından xaric olmağımla bağlı məsləhətləşmələr aparıram və yaxın günlərdə istər partiya səviyyəsində, istərsə də məhkəmə səviyyəsində öz haqqımı tələb edəcəyəm”, - deyə o bildirib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm