Bələdiyyələrin verdiyi 1406 hektar torpaq geri qaytarılıb
Bizi izləyin

Nida.az

Bələdiyyələrin verdiyi 1406 hektar torpaq geri qaytarılıb

Milli Məclisin bu gün keçirilən plenar iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi (2015-ci il üzrə) təqdim edilib.

Publika.az-ın məlumatına görə, ədliyyə nazirinin müavini Vilayət Zahirov bildirib ki, il ərzində 2006 bələdiyyə aktının ekspertizası keçirilib. Aktların ekspertizası zamanı ayrı-ayrı bələdiyyələrə müxtəlif məsələləri əhatə edən 3560 tövsiyə göndərilib: “Bu il bələdiyyələrin qanunsuz olaraq 47,2 ha torpaq sahəsinin ayrı-ayrı şəxslərin mülkiyyətinə, 1 359 ha torpaq sahəsinin icarəyə və istifadəyə verilməsi haqqında qərarları nazirliyin təklifləri əsasında bələdiyyələr və iddia ərizələri əsasında məhkəmələr tərəfindən ləğv edilib. Bununla da 1 406 ha torpaq sahəsinin qanunsuz verilməsinin qarşısı alınıb.

Bunlardan 1 370 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahələri olub.

Eyni zamanda, bir sıra bələdiyyələr tələb olunan aktları vaxtında təqdim etməyiblər. Belə halların qarşısını almaq məqsədi ilə müvafiq tədbirlər görülüb. Belə ki, inzibati xəta haqqında 338 protokol tərtib edilərək məhkəmələrə göndərilib. Onlardan 35-i təkrar inzibati xəta ilə bağlı olub. Həmin protokollar əsasında 330 bələdiyyə sədri məhkəmələr tərəfindən inzibati məsuliyyətə cəlb olunub, 57 protokol üzrə isə müraciətlərə baxılıb”.

Nazir müavini bildirib ki, bələdiyyələrlə bağlı vətəndaşlardan daxil olan müraciətlərin sayı əvvəlki illərə nisbətən az olub. 2015-ci ildə vətəndaşlardan daxil olan 2093 müraciətə baxılıb: “Onlardan 107 müraciət tərəfimizdən tam, 20 müraciət isə qismən təmin olunub. Daxil olan müraciətlər araşdırılıb. Onlardan 62 araşdırma materialı prokurorluq orqanlarına göndərilib. Ümumilikdə, 65 müraciət prokurorluq orqanlarına təqdim olunub. Müraciətlərə baxılıb hüquqi qiymət verilməsi istiqamətində tədbirlər davam etdirilib.

Aparılan araşdırmalar nəticəsində müəyyən maliyyə pozuntuları aşkar olunub. Həmin maliyyə pozuntuları nəticəsində ortaya çıxan maliyyə vəsaitlərinin ödənilməsi də təmin edilib. Bu da əvvəlki illərə nisbətən iki dəfədən çox olub.

Bundan başqa, prokurorluq orqanları tərəfindən aparılmış hərtərəfli araşdırma nəticəsində kifayət qədər əsaslar və səbəblər müəyyən edildiyindən, 10 material üzrə cinayət işi başlanıb, 2 cinayət işi barədə məhkəmə hökmü çıxarılıb və bələdiyyə sədrləri məhkum olunublar.

Həmçinin, cinayət hadisəsinin və əməldə cinayət tərkibinin olmaması, cinayət məsuliyyətinə cəlbetmə müddətlərinin keçməsi və digər hallar nəzərə alınaraq 10 material üzrə cinayət işinin başlanması rədd edilib, digərlərinə isə baxılır”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm