Deputat: “41-45-də də belə mühasirə olmayıb...”
Bizi izləyin

Nida.az

Deputat: “41-45-də də belə mühasirə olmayıb...”

"Bu gün ölüm hadisələrinin çoxu avtobuslarda, avtobus qəzalarında olur. Bu da sürücülərin daxili qayda-qanunları lazımi səviyyədə bilməməsindən irəli gəlir”.

Publika.az-ın məlumatına görə, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı parlamentin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri, YAP icra katibinin müavini Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, indi elə sürücülər var ki, onlar avtobuslarda söyüş söyür, siqaret çəkir, hətta telefonla da danışırlar.

S.Novruzov deyib ki, qanunvericilikdə bu məsələlərlə bağlı müddəalar daha da təkmilləşdirilməlidir: "Elə insan var ki, qatardan Bakıya düşən kimi avtomobil idarə etmək üçün lisenziya alıb sürücülük edir. Yolu tanımır və hansısa yol hərəkəti qaydaları ilə bağlı nişanları bilmir. Nəticə etibarilə də həmin sürücü yol qəzalarına şərait yaratmış olur. Naxçıvan Muxtar Respublikasında ayda bir dəfə həm avtobus, həm də taksi sürücülərini Dövlət Avtomobil Müfəttişliyi toplayır. Xəritələri çıxararaq onlara verirlər ki, hansı yolda təmir gedəcək, bu, nə qədər davam edəcək və s. Bakıda isə səhər gedib axşam qayıdanda görürsən ki, yolun ortasında beton parçası qoyulub. Bu da insanların bütün əsəbilərini korlayır.

Hətta bir küçəni elə mühasirəyə alırlar ki, heç 41-45-in müharibəsində belə mühasirə olmayıb. Bunu qabaqcadan sürücülərə elan etmək lazımdır. "İntellektual idarəetmə" adı altında avtobuslar arasında intervallar tez-tez pozulur. Bu məsələlərə də diqqət etmək lazımdır.

Sürücülərin yolları tanımaması da başqa problemdir. Bir də baxırsan ki, yolda yuxu səni tutur və ayılanda tamam başqa yerdə olursan. Ona görə də bu məsələlərə ciddi nəzarət olmalıdır".

Milli Məclisin sədri Oqtay Əsədov isə S.Novruzovun bu çıxışına zarafatla münasibət bildirib: "Bir də baxırsan ki, səni oğurladılar. Ümumilikdə götürdükdə isə səsləndirdiyiniz məsələlər diqqət olunmalı işlərdir".

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm