Daxili bazarı qoruyacaq qanun qəbul olundu
Bizi izləyin

Nida.az

Daxili bazarı qoruyacaq qanun qəbul olundu

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Qanun layihəsi müzakirəyə çıxarılıb.

Publika.az-ın məlumatına görə, sözügedən qanun layihəsi barədə çıxış edən millət vəkili Çingiz Qənizadə bildirib ki, bu qanun qəbul olunacağı təqdirdə, gələcəkdə korrupsiya halları ilə rastlaşmamaq üçün fəaliyyət mexanizmini gücləndirmək lazımdır: “Azərbaycana xarici ölkələrdən ixrac olunan mallar ucuz qiymətə satılır. Ölkədə istehsal olunan məhsullar isə baha qiymətə olur”.

Deputat Zahid Oruc isə bildirib ki, Prezident ölkədə istehsal olunan maşın və mebelin adını çəkən kimi hamı bunlardan danışır: “Məgər Azərbaycanda soyuducu pis istehsal olunur? Eyni zamanda, başqa ərzaq və qeyri-ərzaq məhsullarının da adını çəkmək olar. Məqsəd birdir: yerli istehsalı qorumaq.

Ucuz məhsulun ölkəyə gətirilməsinin qarşısı alına bilər. Amma biz bundan sonra planşet, “Mercedes” istehsal etməyəcəyik. Biz qida sənayesi və tekstili inkişaf etdirə bilərik. Doğurdan da ölkədə olmayan və ucuz gətirilən malın qarşısının alınması bahalaşmaya səbəb ola bilər”.

Daha sonra sözügedən qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Bu gün qəbul edilən "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında" Qanun Azərbaycanda sahibkarlığın inkişafı, yerli istehsal və bazarın qorunması üçün mühüm əhəmiyyət kəsb edir”, -bunu Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin sədri Ziyad Səmədzadə qanuna münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu layihənin hazırlanmasında beynəlxalq təcrübədən geniş istifadə olunub.

Komitə sədri deyib ki, sənəd bir sıra sazişlər və konvensiyaların müddəaları əsasında hazırlanıb: “Əsas məqsəd müxtəlif ölkələrdən Azərbaycana idxal olunan dempinqli subsidiyalaşdırılmış idxalın qarışısında müvafiq tədbirlərin görülməsidir. Bu qanun layihəsində 3 qrup tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Layihədə antidempinq, kompensasiya və müahafizə tədbirləri yer alıb. Bu tədbirlər Azərbaycanda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin, ölkədə həyata keçirilən istehsalat proseslərinin və məhsulların qorunmasına yönəlib. Tədbirlər dempinqli, subsidiyalaşdırılmış idxalın ölkə bazarına təsirini azaltmaq, minimallaşdırmaq üçün nəzərdə tutulub. Qanun layihəsi qəbul olunandan sonra müvafiq araşdırma orqanı tərəfindən məhsulların idxalı ilə bağlı araşdırmalar aparılacaq”.

Çıxış edən digər deputatlar da bildirib ki, əgər hansısa məhsulun idxalının dempinqli olduğu ortaya çıxarsa və ya hər hansı məhsulun idxalının sürətli şəkildə artımının yerli istehsala vurduğu ziyan müəyyənləşdirilərsə, beynəlxalq təcrübə ilə müəyyən edilmiş meyarlar əsasında müvafiq rüsumlar tətbiq olunacaq və digər tədbirlər görüləcək. Burada hansısa malın idxalının qadağan olunmasından söhbət getmir. Məhz dempinqli idxal zamanı yerli istehsala vurulacaq zərərin qarşısının alınmasından söhbət gedir.

Araşdırma orqanı kompensasiya, dempinq, antidempiq rüsumları ilə bağlı hökumətə müvafiq təkliflər təqdim edəcək və təsdiq olunduqdan sonra qüvvəyə minəcək. Hər hansı məhsulun xarici bazarda satış qiymətinin daha yüksək olduğu, lakin dempinq tətbiq olunaraq Azərbaycana aşağı qiymətlə idxal edildiyi müəyyən edilərsə, antidempinq üsulu tətbiq olunacaq. Xarici ölkədə hansısa məhsula xüsusi subsidiyalar tətbiq olunubsa və onların ölkəyə daxil olunması zamanı qiymət prioritetinin pozulması baş verərəsə, kompensasiya tədbirləri tətbiq olunacaq. Mühafizə tədbirləri isə hansısa bir məhsulun kəskin idxal artımı nəticəsində ölkə daxilində istehsalata vurulan ziyanın qarşısının alınması üçün görüləcək. Tətbiq olunan tədbirlər və rüsumlar hər bir halda dempinq, kompensasiya və subsidiyanın məbləğinə bərabər şəkildə müəyyən ediləcək.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm