Münhen platforması: Əliyevin bir il öncə və bir il sonrakı cavabı
Bizi izləyin

Nida.az

Münhen platforması: Əliyevin bir il öncə və bir il sonrakı cavabı

Erməni əsgərinin Ağdamda, Füzulidə nə işi var?”

Prezident İlham Əliyevin ötən il keçirilən 51-ci Münhen Təhlükəsizlik Konfransında səsləndirdiyi bu fikirlər Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti və bu münaqişədə ədalət prinsipi barədə beynəlxalq ictimaiyyətə aydın təsəvvürlər təqdim etdi. Azərbaycan lideri İrəvan rejiminin işğalçı siyasətinin qurbanına çevrilən erməni əsgərinə doğru yolu göstəridi: “Əgər ölmək istəmirsə, onda qoy Ağdama getməsin, olduğu yerdə qalsın, İrəvanda, Gümrüdə, öz ölkəsində qalsın. Sizin özünüz üçün ölkənizdə kifayət qədər yeriniz var. Ermənistanda o qədər də çox insan qalmayıb. Sizin Ağdamda, Füzulidə nə işiniz var?”


Beynəlxalq ictimaiyyət qarşısında verilən bu mesaj həm Azərbaycanın ərazi bütövlüyü məsələsində prinsipiallığını nümayiş etdirdi, həm də dünya birliyinə real vəziyyəti açıqladı.

Bir il sonra Azərbaycan Prezidenti İlham Əliyev yenidən Almaniyada – 52-ci Münhen Təhlükəsizlik Konfransında çıxış etdi. Bu bir il ərzində çox şey dəyişib. Dəyişməyən yeganə şey işğalçı Ermənistanın mahiyyətidir. Sarkisyan rejimi yenə erməni əsgərini Ağdama, Füzuliyə, birbaşa ölümə doğru göndərir. Burada dünya ermənliyinin mahiyyəti və regional güclərin siyasi maraqları ilə yanaşı, Sarkisyanın öz hakimiyyətini qorumaq üçün məhz bu münaqişədən istifadə etməsi amili də rol oynamaqdadır.


Münhen Təhlükəsizlik Konfransının bu ilki toplantısı ötən ilki ilə xeyli fərqləndi. Xüsusilə Suriya münaqişəsinin gərginləşməsi, Türkiyə-Rusiya müharibəsi haqda qızğın müzakirələrin getdiyi, İranla Səudiyyə Ərəbistanı münasibətlərinin açıq qarşıdurma müstəvisinə keçdiyi bir vaxtda Münhen konfransının gündəliyi xeyli zəngin oldu. Və çox maraqlıdır ki, Rusiya prezidenti Vladimir Putin konfransda iştirak etmədi. Konfransda iştirak etməyən dövlət rəhbərlərinin siyahısında Ermənistan prezidenti Serj Sarkisyanın da adı var idi. O, alman torpaqlarına baş diplomatı Eduard Nalbandyanı göndərmişdi.


Sarkisyandan fərqli olaraq, Azərbaycan liderinin konfransa dəvəti ilk növbədə şəxsi nüfuz məsələsindən irəli gələn amildir. Eyni zamanda, burada konfransa ev sahibliyi edən Almaniyanın Cənubi Qafqaza dair geostrateji maraqlarının olması və bu bölgədə əsas güc olaraq Azərbaycanı qəbul etməsi faktoru önəm daşıyır.

Prezident İlham ƏliyevinMünhen konfransına qatılması hər şeydən öncə enerji məsələləri baxımdan diqqətçəkən idi. Təsadüfi deyil ki, Azərbaycan lideri konfrans çərçivəsində məhz “İqlim və enerji təhlükəsizliyi” panelində çıxış etdi.


Bu, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycanın geosiyasi əhəmiyyəti, eləcə də son dövrlər daha kəskin hal alan “qaz müharibələri” kontekstində vacib amil idi. Hazırda Avropanın qaz bazarı uğrunda ciddi rəqabət var. Rusiya qazından imtina edən Brüssel əsas alternativ kimi Azərbaycan əsas müəllifi olduğu “Cənub Qaz Dəhlizi” layihəsini önə çəkir. Bu layihənin tərkib hissəsi olan TANAP və TAP boru xətlərinin çəkilişi sürətlə aparılır və ən geci 2020-ci ildə Azərbaycan qazı Avropa bazarında istehsalçılara çatdırılacaq. Lakin Prezident İlham Əliyev də bir neçə dəfə TAP layihəsinə süni əngəllərin yaradıldığını ifadə edib. Bu əngəllər Avropanın özündə, xüsusilə İtaliyada meydana çıxır, müxtəlif enerji lobbiləri tərəfindən ekologiya kimi absurd iddialarla Azərbaycan layihələrinin yolunda maneələr yaratmağa cəhdlər edirlər.


Bununla yanaşı, sanksiyalardan azad olan İranın Avropa bazarına qaz çıxarmaq istəklərinin gündəmə gəlməsi də Bakının Cənub Qaz Dəhlizi layihəsinin əhəmiyyətini Avropanın diqqətinə bir daha çatdırmasını şərtləndirdi. Azərbaycan lideri bu situasiyada iştirak etdiyi platformadan istifadə edərək lazımi məqamlara toxundu.

“...Təhlükəsizlik istəyirsinizə, işğalı dayandırın”

Və ən maraqlı məqam Prezident İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinə dair səsləndirdiyi fikirlər idi. Hansı ki, ötən il məhz həmin platformada tarixə keçən sözləri söyləmişdi.


Ermənistan təxribatçı mahiyyətini Münhen platformasında da nümayiş etdirdi. Belə ki, bu ölkənin Xarici İşlər Nazirliyinin nümayəndəsi Azərbaycan liderinə spekulyativ sual ünvanladı və cavabını aldı. Bu, həm də beynəlxalq ictimaiyyətə göndərilən mesaj idi.

“Ermənistanı nəinki biz, o cümlədən, dünyanın ən böyük beynəlxalq qurumu olan BMT Təhlükəsizlik Şurası da ittiham edir. Bu qurum Ermənistan qoşunlarının dərhal və qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılmasına dair 4 qətnamə qəbul edib. Biz erməni xalqını deyil, Ermənistan hökumətini Xocalıda soyqırımı törətməkdə ittiham edirik. Günahsız insanlar yalnız azərbaycanlı olduqları üçün erməni bandaları tərəfindən qətlə yetirilib. Bu soyqırımı dünyanın 10-dan çox ölkəsi tərəfindən qəbul olunub. Biz Ermənistanı bir milyondan çox insanı qaçqın və məcburi köçkünə çevirməkdə günahlandırırıq. Onlar öz torpaqlarında qaçqına çevriliblər. 40 mini Dağlıq Qarabağdan, 750 mini Azərbaycanın digər işğal olunmuş ərazilərindən, 200 min azərbaycanlı isə Ermənistanda etnik təmizləməyə məruz qalaraq, qaçqın və məcburi köçkün olub. Bütün bunlar işğalın, sizin qonşu ölkəyə qarşı siyasətinizin nəticəsidir. İşğal dayandırılmalıdır. Regionda təhlükəsizlik istəyirsinizsə, işğalı dayandırın”, - deyə Prezident İlham Əliyev bir il sonra ermənilərə doğru yolu göstərdi, həmçinin, beynəlxalq cəmiyyətə regionda təhlükəsizliyin təmin olunması şərtləri ilə bağlı mesaj verdi.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm