İlham Əliyev Gəncədədir - YENİLƏNİR/FOTOLAR
Bizi izləyin

Nida.az

İlham Əliyev Gəncədədir - YENİLƏNİR/FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 17-də Gəncə Dövlət Filarmoniyasının binasında tikinti işlərinin gedişi ilə tanış olub.

Dövlətimizin başçısı 2012-ci il yanvarın 21-də Gəncədə olarkən Dövlət Filarmoniyası binasının təməlini qoymuşdu.

Məlumat verildi ki, burada 1200 tamaşaçı yeri olan konsert zalı, açıq havada yay kinoteatrı, rəsm qalereyası, urban mərkəzi, baxış qülləsi yaradılacaq. Binada iaşə obyektləri, həmçinin yeraltı qaraj və yardımçı xidməti otaqlar fəaliyyət göstərəcək. Binanın fasadında Azərbaycanın musiqi korifeylərinin heykəlləri qoyulacaq.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 17-də Gəncəyə səfəri çərçivəsində 35/6 kV-luq “Nizami” yarımstansiyasının açılışında iştirak edib.

“Azərişıq” ASC yaradıldıqdan sonra regionlardakı elektrik şəbəkələrinin mövcud vəziyyətinin qısa müddətdə hərtərəfli təhlili aparılaraq, ölkənin sosial-iqtisadi inkişaf strategiyasına və müxtəlif vaxtlarda qəbul edilmiş Dövlət proqramlarına uyğun olaraq, istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli elektrik enerjisi ilə təchiz edilməsi üçün bütün regionları əhatə edən dörd hissədən ibarət “İnkişaf və Yenidənqurma Proqramı” hazırlanaraq icrası uğurla həyata keçirilir. Hazırda bütün şəhərlərdə, rayon mərkəzlərində, qəsəbə və kəndlərdə yararsız, istismar müddəti başa çatmış transformatorların yenilənməsi, müasir tipli avadanlıqla təchiz edilməsi prosesi gedir. İlkin olaraq, ölkə üzrə komplekt transformator məntəqələri quraşdırılır ki, onlar da həm görünüşünə, həm də texniki göstəricilərinə görə əvvəlkilərdən tamamilə fərqlənir. Gəncədə 35/6 kV-luq “Nizami” yarımstansiyasının inşası da son illərdə ölkəmizin regionlarının elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərin davamlı olduğunu nümayiş etdirir.

Məlumat verildi ki, Gəncənin böyük bir hissəsinin elektrik təchizatının yaxşılaşdırılması, eləcə də ərazidə elektrik enerjisinə artan tələbatın ödənilməsi, 35 kV-luq elektrik şəbəkələri ilə əlaqələndirilməsi məqsədilə 35/6 kV-luq “Üzgüçülük” yarımstansiyanın yerində müasir tipli tam qapalı 35/6 kV-luq 2x10 MVA gücündə yeni “Nizami” yarımstansiyası tikilib. Yarımstansiyanın tikintisinə 2015-ci ilin aprelində başlanılıb. Yeni yarımstansiya 6 mindən çox abonentin elektrik enerjisi ilə təminatını daha da yaxşılaşdıracaq. Ümumi sahəsi 1700 kvadratmetr olan yarımstansiyada 35/6 kilovoltluq 10 MVA gücündə iki transformator və 35/6 kilovoltluq Almaniya istehsalı olan avadanlıq quraşdırılıb.

Burada həm də Gəncə Şəhər Elektrik Şəbəkəsinin inzibati binası yerləşir. Binanın foyesində ulu öndər Heydər Əliyevin büstü qoyulub, Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən guşə yaradılıb. Yarımstansiyada və inzibati binada 80-ə yaxın işçi çalışacaq.

Prezident İlham Əliyev yarımstansiyanı işə saldı.

Qeyd olundu ki, yeni yarımstansiya şəhərin mərkəzi hissəsində mövcud elektrik yüklərinin, eləcə də perspektivdə on il ərzində yaranacaq yüklərin qarşılanmasını təmin edəcək. Yeni yarımstansiya şəhərin ən mühüm obyektlərini və 2300-dən çox olan əhali sektorunu elektrik enerjisi ilə təmin edəcək. Yarımstansiyanın tikintisi və Gəncə şəhərində 3 ədəd 110 kV-luq “Az.KTA”, “Gəncə-1” və “Bağmanlar” yarımstansiyalararası 35 kV-luq elektrik şəbəkələri vasitəsilə əlaqələndirilməsi 35 kV-luq dairəvi elektrik təchizat sxeminin yaradılmasına səbəb olub. Bu da öz növbəsində şəhərin mərkəzi hissəsinin elektrik təchizatının dayanıqlılığını və etibarlılığını təmin edəcək. Yarımstansiya müasir standartlara cavab verən avadanlıq, eleqaz və vakuum tipli açarlarla təchiz edilməsi ilə yanaşı, məsafədən idarə olunan SCADA dispetçer sisteminə qoşulub. Yarımstansiyada xaricdə və yerli müəssisələrdə istehsal olunan elektrik avadanlığı, müasir elektron tipli rele mühafizəsi və avtomatika sistemi, respublikada istehsal olunmuş güc transformatorları quraşdırılıb. Burada şəbəkə işçiləri və növbətçi heyət üçün müvafiq otaqlar inşa edilib, yanğına qarşı xəbərdarlıq sistemi, yanğından mühafizə hovuzları yaradılıb. Gəncənin qədim şəhərsalma ənənəsinə uyğun olaraq tikilən yarımstansiyanın birinci mərtəbəsi kərpicdən olmaqla xüsusi memarlıq üslubunda inşa edilib. İnşaat işləri zamanı 900 metr uzunluğunda asfalt yol salınıb, ətraf abadlaşdırılıb, yaşıllıq zolaqları yaradılıb.

Diqqətə çatdırıldı ki, regionda gedən yenidənqurma işlərinə uyğun olaraq, müvafiq şəbəkədə çalışan kadrların təkmilləşdirilməsi, onların ixtisasının artırılması və yenidən hazırlanması üzrə fəaliyyəti təmin etmək məqsədilə Gəncədə yeni tikilmiş “Nizami” yarımstansiyasında “Azərişıq” ASC-nin Qərb Regional Tədris Mərkəzi yaradılıb. Mərkəzdə 6/0,4 kV-luq paylayıcı sistem, rele mühafizəsi və avtomatika, əməyin mühafizəsi və təhlükəsizlik texnikası, uçota nəzarət sayğaclarının test və idarəetmə sistemləri, kabel armaturlarının quraşdırılması, istismarı və təmiri, elektrik avadanlığının sınağı və diaqnostikası, digər təcrübə bölmələri var. Tədris Mərkəzi elektroenergetikanın 20-dən artıq müxtəlif ixtisas sahələrini əhatə edən yeni dərs vəsaitləri, eləcə də şəbəkəyə tətbiq olunan müasir avadanlığın xarakteristikası və iş prinsipi üzrə metodik praktikumlarla təmin olunub. Yeni yaradılan Tədris Mərkəzindən qərb regionu ilə yanaşı, şimal-qərb və Mərkəzi Aran regionlarının əməkdaşları da yararlana biləcəklər.

***

Fevralın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gəncəçay çayı boyunca yaradılan park-bulvar kompleksi ilə tanış olub.

Ölkəmizin bütün bölgələrində müasir səviyyədə ictimai yerlər, bulvar, park və xiyabanlar yaradılması işləri sürətlə davam etdirilir. Bu proses Gəncədə də geniş vüsət alıb. Bu sahədə görülən işlər sakinlərin rahatlığı, onların asudə vaxtlarının daha səmərəli təşkili məqsədi daşımaqla yanaşı, qədimliyini qoruyaraq müasirləşən Gəncənin gözəlliyinə əlavə çalarlar qatır. Gəncəçay çayı boyunca yeni yaradılan bulvar kompleksində geniş abadlıq-quruculuq işləri aparılıb, yaşıllıq zolaqları salınıb, oturacaqlar qoyulub. Burada quraşdırılan fəvvarələr ərazinin gözəlliyini daha da artırır. Görülən bu işlər sakinlərin və şəhərə gələn qonaqların rahatlığı üçün müasir istirahət guşələrinin yaradılması istiqamətində reallaşdırılan layihələrin bir hissəsidir. Yeni park, istirahət məkanı və guşələrin yaradılması, əhaliyə xidmət göstərən müasir infrastrukturun qurulması həm də Gəncənin daha da gözəlləşməsi işinin davamlı xarakter almasından və ümumilikdə şəhərin sosial-iqtisadi inkişafından xəbər verir.

Dövlətimizin başçısına məlumat verildi ki, bulvar kompleksinin uzunluğu 1,2 kilometrdir. İnşasına 2014-cü ildə başlanılan və ümumi sahəsi 34 hektar olan bu kompleksdə istirahət üçün hərtərəfli şərait yaradılıb, geniş işıqlandırma işləri görülüb, 15 fəvvarə və müxtəlif kompozisiyalı 10 heykəl quraşdırılıb. Çayın məcrasının hər iki tərəfində betondan ümumi uzunluğu 2,4 kilometr olan istinad divarı tikilib. Bulvarda Bayraq Meydanı, “Əli və Nino” kompleksi, Mətbuat evi, Kitab evi, Uşaq Əyləncə və Ticarət Mərkəzi, altımərtəbəli və yeddimərtəbəli üç yaşayış binası, üç kafe, restoran və kinoteatr, açıq havada attraksionlar və digər sosial obyektlər inşa edilib. Burada 1,7 kilometr uzunluğunda velosiped yolu və iki velosiped dayanacağı inşa edilib, böyük monitor quraşdırılıb.

Bulvarın yuxarı hissəsindən keçən Azərbaycan Bayrağı küçəsi abadlaşdırılıb, 1,5 hektar ərazidə avtomobillər üçün dayanacaq inşa edilib. Bulvara yaxın ərazidə yerləşən üç yaşayış binası əsaslı təmir olunub. Bundan əlavə, bulvar kompleksində kanalizasiya, yağış suları ötürücüsü və içməli su təchizatı sistemi əsaslı şəkildə yenidən qurulub.

Belə bir istirahət mərkəzinin yaradılması sosial layihə olmaqla yanaşı, həm də dünyanın əksər ölkələrində hökm sürən iqtisadi böhran zamanı Azərbaycanda həyata keçirilən sosial siyasətin uğurla davam etməsindən xəbər verir.

***

Fevralın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Gəncə - 2016-cı il Avropa Gənclər paytaxtı” parkında yaradılan şəraitlə tanış olub.

Məlumat verildi ki, parkın inşasına 2015-ci ildə başlanılıb. Tikinti işləri ilin sonunda başa çatdırılıb. Ümumi sahəsi 1,8 hektar olan parkda geniş tikinti-quruculuq və abadlıq işləri aparılıb, yaşıllıq zolaqları salınıb. Parkın mərkəzində hündürlüyü 5 metr olan “Gəncliyin qanadları” abidəsi ucaldılıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 17-də “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin fəaliyyəti ilə tanış olub.

Məlumat verildi ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan zavod 2004-cü ilin dekabrından fəaliyyətə başlayıb. 2007-ci ilin martınadək müəssisədə OKA, UAZ, ÇAN-QAN markalı avtomobillərın yığımı həyata keçirilib. 2007-ci ilin martından etibarən Belarusun Minsk avtomobil və traktor zavodları ilə bağlanmış müqaviləyə əsasən Gəncə avtomobil zavodunda yeni yığım xətləri quraşdırılıb, müxtəlif markalı traktor və MAZ avtomobillərinin istehsalına başlanılıb. 2016-cı il yanvarın 1-dək müəssisədə 8 modeldə 6294 traktor, 134 xüsusi təyinatlı traktor yığılaraq təhvil verilib. Bu texnikalardan 5737-i dövlət sifarişi əsasında “Aqrolizinq” ASC-yə, qalan 497-i isə fermerlərə və iş adamlarına satılıb. Həmin müddətədək 8 modeldə, müxtəlif modifikasiyalarda 2578 MAZ avtomobili yığılaraq istifadəyə verilib.

Bildirildi ki, “Addım-addım yeni uğurlara doğru irəli” devizi ilə çalışan “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi dövlətimizin başçısının diqqət və qayğısını daim hiss edir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev müəssisənin işini müsbət qiymətləndirib, 2014-cü ildə Azərbaycanda maşınqayırma sənayesinin inkişafında xidmətlərinə görə birliyin bir sıra əməkdaşlarını yüksək orden, medal və fəxri adlarla təltif edib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 17-də “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin balansında olan 240 yerlik körpələr evi-uşaq bağçasının əsaslı təmirdən sonra açılışında iştirak edib.

Uşaqların təlim-tərbiyəsinin təşkili, onların sağlamlığının qorunması həyata keçirilən dövlət siyasətində əsas yerlərdən birini tutur. Bu istiqamətdə görülən mühüm tədbirlər sırasında mövcud körpələr evləri və uşaq bağçalarının əsaslı təmiri, yenilərinin inşası xüsusi yer tutur. Bununla bağlı görülən genişmiqyaslı işlər ölkənin gələcəyi olan uşaqlara diqqət və qayğıdan irəli gəlir. Gəncədəki 240 yerlik körpələr evi-uşaq bağçasının əsaslı təmiri bu diqqətin daha bir nümunəsidir.

Binada uşaqların gələcəyin sağlam vətəndaşı kimi yetişmələri üçün hərtərəfli imkanlar var. Burada qruplar yaradılarkən müasir təlim-tərbiyə qaydaları rəhbər tutulub. Balacaların intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması diqqət mərkəzində saxlanılır.

Azərbaycan Prezidenti körpələr evi-uşaq bağçasının binasının rəmzi açılışını bildirən lenti kəsdi.

Dövlətimizin başçısına məlumat verildi ki, körpələr evi-uşaq bağçası 1989-cu ildə inşa edilib. Əsaslı təmir işlərinə 2014-cü ilin avqustunda başlanılıb. Binanın ümumi sahəsi 13 min, tikintialtı sahəsi isə 2 min kvadratmetrdən artıqdır. Bağçanın ərazisi hasarlanıb, yaşıllıq zolağı yaradılıb, uşaqların istirahətini mənalı təşkil etmək üçün yay çardaqları, əyləncə və oyun avadanlığı quraşdırılıb. Bina üçün su anbarı, qazanxana tikilib.

Bağçanın idman zalı, üzgüçülük hovuzu müasir səviyyədə təmir olunub. Burada qrup, yataq və soyunub-geyinmə, şahmat və tibb otaqları, oyun zalı, metodik kabinet təşkil olunub.

Diqqətə çatdırıldı ki, bağçada 9 qrupda hazırda 164 körpə var. Onlardan 64-ü “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyində çalışan işçilərin övladıdır. Körpələr evi-uşaq bağçasında ingilis dilini və şahmatı dərindən öyrənmək məqsədilə əlavə dərslər tədris olunur. Bağçada tərbiyə alan uşaqların daşınması xüsusi avtobusla mühafizəçilərin nəzarəti altında həyata keçirilir. Körpələr evi-uşaq bağçasında hazırda 19 nəfər çalışır ki, onlardan doqquzu peşəkar tərbiyəçi, üçü ingilis dili, musiqi, rəsm fənlərləri üzrə müəllim, ikisi şahmat müəllimi, biri isə tibb bacısıdır.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 17-də Gəncədə Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbin binasının açılışında iştirak edib.

Azərbaycanda həyata keçirilən dövlət siyasətində təhsil sahəsinə xüsusi diqqət göstərilir. Mövcud məktəb binalarının yüksək səviyyədə yenidən qurulması, müasir təhsil ocaqlarının inşası bu sahəyə göstərilən dövlət qayğısının daha bir təzahürüdür. Gəncə şəhərində 39 nömrəli tam orta məktəbin əsaslı təmiri və yeni tədris korpusunun tikintisi bu qəbildən olan layihələrdəndir.

Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyevə məktəbin əsaslı təmiri və yeni tədris korpusunun tikintisi barədə məlumat verildi. Bildirildi ki, bu məktəb 1962-ci ildə istifadəyə verilib və ilk dövrlərdə 39 nömrəli beynəlmiləl orta məktəb adlanıb. 1978-ci ildə görkəmli ədəbiyyatşünas alim və yazıçı Mir Cəlal Paşayevin vəfatından sonra onun adını əbədiləşdirmək üçün pedaqoji kollektivin xahişinə əsasən məktəbə Mir Cəlal Paşayevin adı verilib. Bu təhsil ocağı nəinki Gəncənin, ümumilikdə Azərbaycanın ən nüfuzlu məktəblərindən biridir. Məktəbin müəllim kollektivi arasında “Tərəqqi” medalına, “Əməkdar müəllim”, “Qabaqcıl təhsil işçisi”, “İlin ən yaxşı müəllimi” fəxri adlarına layiq görülmüş pedaqoqlar var. Hər il məzunların əksəriyyəti yüksək balla ölkəmizin və dünyanın nüfuzlu ali təhsil ocaqlarına qəbul olur, Prezident təqaüdünə layiq görülür.

Prezident İlham Əliyevin 2010-cu ildə imzaladığı Sərəncama əsasən bu məktəb 2009-2010-cu dərs ilində keçirilən “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olub. Hazırda məktəbdə 2138 şagird təhsil alır.

Qeyd olundu ki, məktəbin 930 şagird yerlik mövcud binası Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir edilib. Təhsil müəssisəsinin ümumi ərazisi 12 min kvadratmetrdir. Ətrafda yaşıllıq zolağı yaradılıb, 3,2 min kvadratmetr sahə asfaltlanıb.

Dördmərtəbəli binanın foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və fəaliyyətini əks etdirən fotolardan ibarət guşələr yaradılıb. Burada, eyni zamanda, smart sinif, informatika, psixoloq otaqları, inzibati bölmə, fizika, kimya, biologiya kabinetləri də zəruri ləvazimatla təchiz edilib.

Bildirildi ki, məktəbin 1200 şagird yerlik yeni korpusu şəhər icra hakimiyyətinin sifarişi ilə dövlət büdcəsi vəsaiti hesabına tikilib. Binanın tikintialtı sahəsi 3654 kvadratmetrdir. Yeni korpus üçün transformator yarımstansiyası quraşdırılıb, su və kanalizasiya şəbəkəsi yaradılıb, su və yanğın hovuzları inşa edilib, müasir qazanxana quraşdırılıb. Həyətyanı sahədə açıq idman meydançası yaradılıb, qurğular quraşdırılıb.

Binada sinif otaqları, üç emalatxana, qapalı idman zalları, zəngin kitabxana, kimya, fizika kabinetləri və laboratoriyaları, tibb otağı, yeməkxana, müəllimlər otağı, hərbi kabinet, arxiv, 150 yerlik akt zalı, dərnək kabinetləri var.

Bu tədris ocağında yaradılan şərait bir daha sübut edir ki, ölkəmizdə təhsilə yüksək diqqət və qayğı göstərilir, bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülür. Təqdirəlayiq haldır ki, bu layihələr Azərbaycanın hər bir şəhərini, rayonunu, qəsəbəsini əhatə edib. Belə müasir məktəblərin yaradılması həm də ölkəmizin gələcəyinə qoyulan sərmayə kimi böyük əhəmiyyət daşıyır.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gəncədə Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasında aparılan əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.

Azərbaycanda səhiyyənin inkişafı sosial siyasətin başlıca istiqamətlərindən biridir. Bu sahənin keyfiyyət və kəmiyyət göstəriciləri ilə zənginləşməsində Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət əsas rol oynayır. Səhiyyə ilə bağlı mühüm Dövlət proqramlarının hazırlanaraq həyata keçirilməsi əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunmasında müstəsna əhəmiyyətə malikdir. Azərbaycan vətəndaşlarının ən yüksək səviyyədə tibbi xidmətlərlə əhatə olunması üçün səhiyyə müəssisələrinin təmiri və bərpası, yeni tibb ocaqlarının tikintisi və onların ən müasir avadanlıqla təminatı, vətəndaşların müalicəsi, uşaqların bütün növ tibbi xidmətlərlə yüksək səviyyədə əhatə olunması səhiyyə sahəsində aparılan islahatların əsasını təşkil edir.

Bu gün əminliklə demək olar ki, ölkəmizin hər yerində əhalinin tibbi xidmətlərlə lazımınca təmin olunması üçün bütün növ müayinə və müalicəni, əməliyyatları uğurla həyata keçirməyə imkan verən yeni müəssisələr yaradılıb. Ölkəmizin digər bölgələrində olduğu kimi, Gəncədəki Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasının əsaslı təmiri səhiyyə sahəsində görülən tədbirlərin bir hissəsidir. Bu xəstəxananın yenidənqurmadan sonra istifadəyə verilməsi sakinlərin yüksək səviyyəli səhiyyə xidmətindən istifadəsinə geniş imkanlar yaradır.

Məlumat verildi ki, ərazisi 3,2 hektar olan xəstəxanada əsaslı təmir və yenidənqurma işlərinə 2012-ci ildə başlanılıb. 245 çarpayılıq xəstəxana binası beşmərtəbəlidir. Burada cərrahiyyə, travmatologiya, urologiya, terapiya, hemodializ, nevrologiya, ginekologiya, dəri–zöhrəvi şöbələri fəaliyyət göstərəcək. Bundan başqa, tibb müəssisəsində rentgen, fizioterapiya, laboratoriya, ultrasəs müayinə, EKO bölmə və kabinetləri də yaradılıb. Xəstəxanada nüvə maqnit rezonans tomoqrafiya, rəqəmsal rentgen cihazı, çoxkəsikli kompyuter tomoqrafiyası, immunoferment analizatoru, biokimyəvi analizator və tibbin ən son nəaliyyətləri olan digər avadanlıq və cihazlarlar var. Burada quraşdırılan avadanlıq hesabına ən dəqiq laborator analizlər aparmaq, diaqnoz qoymaq mümkündür.

Tibb ocağında müalicə işini də ən yüksək səviyyədə həyata keçirmək üçün hərtərəfli imkan var. Buradakı avadanlıq dünyanın aparıcı ölkələrinin nüfuzlu tibb cihazları istehsalı ilə məşğul olan şirkətlərinin məhsullarıdır. Xəstəxanada 370 tibb işçisi çalışır ki, onların 56-sı həkimdir. Tibb müəssisəsinin xidmətindən nəinki şəhər, eləcə də ətraf rayonların əhalisi istifadə edə biləcək.

Bütün bunlar onu göstərir ki, müasir Azərbaycanı modern texnologiyaların tətbiq olunduğu məkana çevirmək məqsədini qarşıya qoyan Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində səhiyyə müəssisələri ən müasir tələblərə cavab verir. Yaradılan bu şərait ilk növbədə Azərbaycan əhalisinin sağlamlığını qorumaq kimi mühüm missiyanın yerinə yetirilməsinə xidmət edir.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 17-də Gəncədə “İmamzadə” dini kompleksində aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.

VIII əsrə aid tarixi memarlıq abidəsi - xalq arasında “Göy günbəz”, “Göy məscid”, yaxud “Göy İmam” kimi tanınan “İmamzadə” kompleksi Gəncə şəhərinin və bütövlükdə ölkəmizin ən dəyərli memarlıq abidələrindən biri hesab edilir. Bu kompleksin ən qiymətli abidəsi türbədir. Burada beşinci imam Məhəmməd Baqirin oğlu İbrahim dəfn olunub.

Memarlıq quruluşuna görə türbənin XIV əsrin sonu – XV əsrin əvvəllərində, ətrafındakı kompleksin isə XVII əsrdə tikildiyi ehtimal edilir. Türbə sonralar ziyarətgaha çevrilib və onun ətrafında müxtəlif binalar inşa edilib. Orta əsr Azərbaycan memarlığının dəyərli nümunələrindən olan “İmamzadə” piri Şərqin qədim karvan-ticarət yolunun üzərində yerləşib. “İmamzadə” əsrlərdən bəri Azərbaycanın müxtəlif bölgələrindən, eləcə də başqa ölkələrdən gələn müsəlmanların ziyarətgahı olub.

Müxtəlif vaxtlarda dağıntılara məruz qalan “İmamzadə” kompleksi XIX əsrdə bərpa edilib. Bu dini abidə Gəncənin qədimliyini sübut etməklə yanaşı, şəhərin İslam aləmindəki yerini və nüfuzunu da göstərir. Kompleks Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşir və orta əsr Azərbaycan memarlığının qiymətli abidələrindən hesab edilir. Ölkənin dini–tarixi abidələrinin tamamilə yenidən qurulmasına və gələcək nəsillərə çatdırılmasına həssaslıqla yanaşan Prezident İlham Əliyev bu kompleksin də təmiri və bərpasına xüsusi diqqət göstərib. İnsanların inam və inanc yeri kimi üz tutduğu bu məbəd məhz dövlətimizin başçısının sərəncam və göstərişləri sayəsində belə gözəl görkəm alıb.

Azərbaycan Prezidenti İlham Əliyev əvvəlcə respublika ictimaiyyətinin nümayəndələri və din xadimləri ilə görüşdü.

Mərasim müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başladı.

Dövlətimizin başçısı mərasimdə nitq söylədi.

Sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə çıxış etdi.

Şeyxülislam Allahşühür Paşazadə dövlətimizin başçısına “Qurani-Kərim” hədiyyə etdi.

Daha sonra Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Azərbaycan Katolik Kilsəsinin rəhbəri Vladimir Fekete və Gəncə Dövlət Universitetinin dekanı Mübariz Yusifov çıxış etdilər.

Mübariz Yusifov “Gəncə İmamzadə ziyarətgahı” kitabını Azərbaycan Prezidentinə təqdim etdi.

Mərasimdən sonra dövlətimizin başçısı “İmamzadə” kompleksində yaradılan şəraitlə tanış oldu.

Prezident İlham Əliyevə “İmamzadə” dini kompleksinin təmiri, bərpası və ətrafında aparılan abadlaşdırma işləri barədə məlumat verildi. Bildirildi ki, burada yenidənqurma və abadlıq işlərinə 2010-cu ilin mayında başlanılıb. “İmamzadə” kompleksinə daxil olarkən ilkin tikili 17 metrlik Baştağ - portaldır. Bu portalın ümumi uzunluğu 24, eni 7,5, hündürlüyü isə 17 metrdir. Keçid darvazanın hər iki tərəfində mişar daşından yardımçı otaqlar tikilib. Kompleksin abadlaşdırılan ərazisi 10 hektardır ki, onun da 5,8 hektarı ziyarətgahın mövcud sahəsidir. Ümumilikdə 6 hektar sahə hasara alınıb və kərpiclə üzlənib.

Kompleksdə ümumi sahəsi 2 min kvadratmetrdən çox üçmərtəbəli əsas bina inşa olunub. Buraya qadın və kişilər üçün dəstəmazxanalar, anbar, inzibati və texniki otaqlar, mehmanxana daxildir. Kompleksdə qadın və kişilər üçün ayrı-ayrılıqda iki namaz zalı var. Binada xəttatlıq və kaşı materialları ilə üzləmə işləri yüksək sənətkarlıqla yerinə yetirilib. Ziyarətçilərin ixtiyarına dini kitabxana, konfrans zalı, muzey də verilib.

Dövlətimizin başçısı beşinci imam Məhəmməd Baqirin oğlu İbrahimin məzarının yerləşdiyi türbədə oldu.

Qafqaz Müsəlmanları İdarəsi sədrinin qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasov dinimizə göstərdiyi qayğıya, bu dəyərli sənət əsərini Gəncəyə hədiyyə etdiyinə görə dövlətimizin başçısına şəhər sakinləri və dindarlar adından dərin minnətdarlığını bildirdi.

Kompleksin ziyarətgah binası da müasir səviyyədə qurulub. Ziyarətgahda qədimliyi saxlamaq şərtilə hündürlüyü 45 metr olan iki minarə, iki namaz zalı və ziyarət zalı tikilib. Ziyartəgahın ümumi hündürlüyü 28 metr, tikinti sahəsi isə 842 kvadratmetrdir.

“İmamzadə” kompeksində ümumi sahəsi 220 kvadratmetr olan qurbangah binası da inşa edilib. Ziyarətgahın 1000 nəfərlik zal və mətbəxdən ibarət ehsanxanası da var. Mərasim zalının ümumi sahəsi 1300 kvadratmetrdir.

Kompleksdə dini ayinlər üçün Hüseyniyyə və Zeynəbiyyə ibadət zalları var. Günbəzlərin interyeri yağlı boya ilə nəbati naxışlarla işlənib, eksteryeri isə kərpiclə dekorativ şəkildə örtülüb.

Məlumat verildi ki, yenidənqurma işləri zamanı kompleksin ərazisinin abadlaşdırılmasına da xüsusi diqqət yetirilib, 10 min kvadratmetr sahə asfaltlanıb, səkilərə bəzək daşları döşənib, müasir işıqlandırma sistemi quraşdırılıb. Burada 40 min kvadratmetrə yaxın sahədə yaşıllıq zolağı yaradılıb, 7 min kvadratmetr sahəyə döşəmə daşları döşənib, min avtomobil yerlik iki dayanacaq tikilib.

Kompleksin belə cazibədar görkəm almasına stimul verən əsas amil Prezident İlham Əliyevin görülən işlərə böyük diqqət göstərməsi olub. Təsadüfi deyil ki, dövlətimizin başçısı təmir-bərpa prosesi dövründə üç dəfə bu kompleksə gələrək işlərin yüksək səviyyədə yerinə yetirilməsi üçün tapşırıq və tövsiyələrini verib. Prezident İlham Əliyev “İmamzadə” kompleksinin milli memarlıq ənənələrimizə uyğun şəkildə bərpası və ətrafında abadlaşdırma işlərinin aparılması məqsədilə müxtəlif illərdə dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan kifayət qədər vəsaitin ayrılması barədə sərəncamlar imzalayıb. Layihəni icra edən “Gəncəkörpütikinti-2” Səhmdar Cəmiyyəti ziyarətgahda təmir bərpa və tikinti işlərini apararkən qədim memarlıq üslubunu saxlamağa xüsusi diqqət yetirib.

Sonda “İmamzadə” dini kompleksində ehsan verildi.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 17-də Gəncə şəhərinə səfərə gəlib.

Dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev ərazidə aparılan yenidənqurma işləri barədə Prezident İlham Əliyevə məlumat verdi.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 17-də Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetinin tələbə yataqxanasının açılışında iştirak edib.

Ölkəmizdə qeyri-neft sektorunun prioritet sahələrindən biri də kənd təsərrüfatıdır. Bu sahədə peşəkar kadrların hazırlanmasında, uğurlu layihələrin həyata keçirilməsində Azərbaycan Dövlət Aqrar Universiteti mühüm yer tutur. İndiyədək bu ali təhsil ocağı Azərbaycan, eləcə də dünya aqrar elmi üçün yüzlərlə alim və mütəxəssis yetişdirib. Bu ali təhsil ocağı həm də ölkəmizin kənd təsərrüfatının daha da inkişaf etdirilməsində elmi tədqiqatların mühüm mərkəzi hesab olunur. Azərbaycan dövləti də bu ali təhsil ocağının professor, müəllim və tələbə heyətinə daim diqqətlə yanaşıb, onların elmi fəaliyyətlə səmərəli məşğul olmalarına, yüksək səviyyədə təhsil almalarına və sosial məsələlərinin həllinə həssaslıqla yanaşır. Azərbaycan Dövlət Aqrar Universitetinin tələbə yataqxanasının inşası bu istiqamətdə görülən işlərin tərkib hissəsidir. Yüksək zövqlə və keyfiyyətlə tikilmiş bina tələbələrin sosial məsələlərinin həlli baxımından mühüm əhəmiyyətə malikdir. Burada təhsil müddətində tələbələrin yaşaması və dərsdən sonra istirahətləri üçün bütün imkanlar var. Bu ali təhsil ocağının tələbələri də onlara göstərilən etimadı doğrultmağa çalışırlar. Onlar istər respublika, istərsə də dünya əhəmiyyətli bilik yarışmalarında ölkəmizi və təhsil aldıqları universiteti layiqincə təmsil edirlər.

Prezident İlham Əliyev Azərbaycan Dövlət Aqrar Universitetinin tələbə yataqxanasının rəmzi açılışını bildirən lenti kəsdi.

Kompleks dörd korpusu yeddimərtəbəli, bir korpusu isə altımərtəbəli binalardan ibarətdir. Əsas korpusun foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdikləri qayğını, həmçinin Gəncəyə səfərlərini əks etdirən fotolardan ibarət guşə yaradılıb.

Binada qeydiyyat şöbəsi, zəngin kitabxana, stomatoloji kabinet, müayinə otağı, fotoatelye fəaliyyət göstərir. Binalarda akt və fitnes zalları, ticarət, iaşə və məişət xidməti obyektləri də var. Yataqxanadakı 257 otağın 251-i ikinəfərlik, altısı isə üçnəfərlikdir. Bütün mərtəbələrdə istirahət guşəsi və mətbəx var. Dam örtüyünün 2000 kvadratmetr sahəsi yataqxanada yaşayanların gəzintisi üçün nəzərdə tutulub. Yataqxananın elektrik enerjisi ilə təminatı üçün 1000 kilovoltluq güc transformatoru, isti və soyuq su ilə təminatı üçün qazanxana quraşdırılıb, su və yanğın hovuzları inşa edilib.

Yataqxana istiqamətində Ozan və İsmət Qayıbov küçələrində abadlıq-quruculuq işləri aparılıb, asfalt salınıb və işıqlanma ilə təchiz edilib. Yolboyu hasarlar Gəncəyə xas memarlıq üslubunda kərpiclə üzlənib.

Kompleksdə yaradılan şərait müxtəlif şəhər və rayonlardan olan tələbələrə özlərini evdəki kimi hiss etməyə imkan verəcək.

***

Fevralın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gəncədə hərbi qulluqçular üçün inşa edilən şəhərciyin açılışında iştirak edib.

Azərbaycanda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan nizami ordu quruculuğu siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. İndi Azərbaycan Silahlı Qüvvələri dünyanın ən peşəkar və güclü ordularından birinə çevrilib. Milli Ordumuzun şəxsi heyətinin həyat şəraitinin yaxşılaşdırılması da diqqət mərkəzində saxlanılır, bu istiqamətdə çox mühüm və ardıcıl tədbirlər həyata keçirilir. Bu sahədə daha bir mühüm addım atılıb. Gəncə şəhərində hərbi qulluqçular üçün şəhərcik inşa olunub. Bütün lazımi şəraitlə təchiz edilmiş belə müasir şəhərciyin salınması hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlməklə yanaşı, ordumuzun qüdrətinin artmasına da mühüm təsir göstərir.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi.

Dövlətimizin başçısına məlumat verildi ki, yaşayış kompleksi 14 çoxmənzilli binadan ibarətdir. Kompleks şəhərin Yeni Gəncə yaşayış massivində 2-ci mikrorayonda yaradılıb. Doqquzmərtəbəli binalardan ibarət kompleksdə ümumilikdə 696 mənzil var. Onların 48-i birotaqlı, 224-ü ikiotaqlı, 312-si üçotaqlı, 112-si isə dördotaqlıdır. Mənzillər su, işıq, qaz və “kombi” istilik sistemi ilə təmin olunub. Kompleksin ərazisində yaşıllaşdırma və abadlıq işləri ilə yanaşı, sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün hərtərəfli şərait yaradılıb. Uşaq əyləncə və idman meydançası salınıb. Yaşayış kompleksinə gedən “28 May” prospekti yenidən qurulub, işıq dirəkləri təzələnib.

Prezident İlham Əliyev mənzillərdə yaradılmış şəraitlə tanış oldu.

Dövlətimizin başçısı hərbçilərin ailə üzvləri ilə görüşdü.

Hərbçilər onlar üçün yaradılan şəraitdən razılıqlarını bildirdilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm