Nida.az
Ərdoğanın səfəri: Qarabağ müharibə astanasında?.. - TƏHLİL
Türkiyə prezidentinin Azərbaycan səfəri öncəsi Dağlıq Qarabağda müharibənin başlamasına dair xeyli iddialar, ehtimallar səsləndi. Və bütün gözlər fevralın 18-də türk liderin səfərinə dikilib.
Nə baş verir, yaxud baş verəcək? Əksəriyyət səfər sonrası baş
verəcəklərlə deyil, Ərdoğanla İlham Əliyevin nələri müzakirə
edəcəyi ilə maraqlanır. Xüsusilə “Qarabağda müharibə üçün düyməyə
basılacaqmı?” sualı öz cavabını axtarır.
“Bütün yollar Romaya deyil, müharibəyə aparır”.
Hazırkı situasiyanı belə dəyərləndirmək olar və ortada olan
çağırışlar, təhdidlər, eləcə də pozulan geosiyasi tarazlıq bu
ehtimalları gücləndirir.
Təhdidlər...
Türkiyə ilə “dişə-diş, qana-qan” münasibətlər
mərhələsinə qədəm qoyan Rusiya Ermənistanda hərbi gücünü artırır.
Moskva bu ölkənin Hava Hücumundan Müdafiə Sistemini artıq öz
çiyinlərinə alıb. Suriya hava məkanına nəzarəti tamamilə ələ
keçirən Kremlin Ermənistanda da analoji gediş etməsi təsadüf
deyildi. Söhbət Suriya hava məkanına girişini bağladığı Türkiyənin
Cənubi Qafqaza mümkün girişini əngəlləməkdən gedir. Bu, Rusiyanın
faktiki müharibə təhlükəsinə qarşı önləyici tədbiri kimi qəbul
edilə bilər. Belə görünür ki, Rusiya hələ bir neçə ay öncə
“Türkiyə Rusiyaya qarşı Qarabağdan ikinci cəbhə
açır” xəbərlərinin rus KİV-lərində yer aldığı dövrdən
hansısa planlar qurur.
Lakin ruslar ermənilərə dəstəyi bununla yekunlaşdırmadı. Əlavə hərbi texnikanın yerləşdirməsindən tutmuş, helikopter partiyalarının verilməsinə qədər bir sıra hərbi-taktiki yola əl atdılar.
Bu, hər şeydən öncə Moskvanın Qarabağda müharibənin ola biləcəyi
ehtimalını gündəliyinə salması demək idi. Ermənistan mediasında
müharibə qorxularının sərgilənməsi də baş verənlərlə paralellik
daşıyır. Lakin bu hər şeydən öncə həm də torpaqları işğal olunan
Azərbaycana da təhdiddir. Çünki Rusiyanın tələsik şəkildə
Ermənistanda hərbi-texniki möhkəmlənməsi bölgədə güc balansının
dəyişməsi və təhlükənin real müstəviyə keçməsi deməkdir. Digər
tərəfdən, Gürcüstanın qaz bazarında Azərbaycana rəqib olmaq
cəhdlərinə əl atması, Gürcüstan-Ermənistan marşrutu ilə İrana qaz
kəməri çəkməsi kimi gedişlər də Rusiyanın Azərbaycanın regional
maraqlarına toxunduğunu göstərir. Belə olan halda Bakının
əks-manevrlər etməkdən başqa yolu qalmır.
Əks manevrlər...
Və bu manevrlər həm də Moskvanın Bakıya verə biləcəyi heç nəyinin
qalmamasından da irəli gəlir.
Prezident İlham Əliyevin Londonda “Suriya və regiona dəstək”
konfransında iştirakı ehtiyatlı Bakının gözlənilməz gedişi idi. Axı
indiyə qədər qlobal və regional güclər arasında ağıllı manevr edən
Bakı rəhbərliyi birdən-birə İran və Rusiya kimi ölkələri qarşısına
ala biləcək addımı nədən atsın?
Ankara-Moskva qarşıdurmasında seçim etmək məsələsi gündəmə gələndə də Bakı sona qədər balans siyasətini qorudu. Baxmayaraq ki, bütün proseslər Azərbaycanın öz mövqeyini ortaya qoymasını şərtləndirirdi. Bu, həm də rəsmi Bakının mövcud təhdidləri, çağırışları, önümüzdəki dünyanın cizgilərini görməsindən və öz milli maraqlarının müdafiəsi siyasətindən irəli gəlir.
İndiyə qədər Azərbaycan öz siyasətini Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində əsas açar olduğu və Ermənistana qarşı Moskvanın mövqeyinin dəyişdirilməsi nəticəsində ərazi bütövlüyümüzün bərpa ediləcəyi istiqamətində qururdu. Amma Rusiyanın Ermənistana dair son planlarının ortaya çıxması bir daha nümayiş etdirdi ki, Kreml münaqişənin həllində ən azından səmimi deyil. Digər tərəfdən, Rusiya Dnestryanı, Abxaziya və Cənubi Osetiya, Krım, eləcə də Donetskdə kiçik də olsa müharibə aparır. 90-cı illərdə meydana çıxan Dağlıq Qarabağ məsələsi bütün bu münaqişələr üçün presedent rolu daşıyır. Və problemin həlli bu kimi digər münaqişələr üçün “domino effekti” yarada bilər. Rusiya isə buna imkan vermək fikrində deyil.
Bunun fonunda Rusiya Yaxın Şərqdə münaqişəyə müdaxilə etməklə
“güc itirməkdədir” və belə bir situasiyada onun Azərbaycanın ərazi
bütövlüyü məsələsində hansısa addımı ata biləcək vəziyyətdə
olmadığı aydın olur.
Geosiyasi proseslərdə “təhlükəli döngələri” ağılla dəf edən Bakı
həm də “qaynayan siyasi qazanda” itirən olmaq istəmir. Lakin Rusiya
və İranın “mövqe dəyişikliyi” kimi yoza biləcəyinə əsas vermədən,
məhz “humanitar yardım” profilli layihələrdə yer almaqla incə gediş
edir.
Belə bir vəziyyətdə Qərb Dağlıq Qarabağ münaqişəsində təşəbbüsü
ələ almaq, dolayısı ilə regiona təsir imkanlarını genişləndirmək
istəyir. Qərb yaxşı anlayır ki, Cənubi Qafqaza hakim olmaq üçün
Azərbaycanı öz tərəfinə çəkməlidir. Bakı isə öz şərtlərini diktə
edir:
1. Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq
çərçivəsində həlli üçün Qərb “qolunu çırmalamalı”.
2. İndiyə qədər Ermənistana verilən ədalətsiz dəstək
dayanmalıdır.
3. Ərazi bütövlüyümüzün bərpasında mümkün müharibə
variantında Qərb Azərbaycanın yanında olmalıdır.
Son proseslər və çağırışlar Qərbin müəyyən qədər olsa da Bakının
şərtlərini qəbul etdiyini deməyə əsas verir:
- ABŞ-ın 2017-ci il dövlət büdcəsində separatçı “DQR”-ə
yardımdan imtina edildi. Halbuki, ABŞ hər il separatçı rejimə 1,5
milyon dollar vəsait ayırırdı.
- Vaşinqton Dağlıq Qarabağ icmalarının görüşlərini məqbul
sayaraq, bununla separatçı “DQR”-i dövlət kimi tanımadığını aydın
ifadə etdi. Hansı ki, Bakının etirazına baxmayaraq, qondarma “DQR”
“nümayəndələri” bir neçə dəfə Vaşinqtonda bəh-bəhlə qarşılanmışdı.
Sonuncu dəfə Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik
qondarma rejimin “XİN rəhbəri” ilə görüşmüşdü.
- Amerikalı həmsədrin bu kontekstdə “İşğal olunmuş rayonlar
Azərbaycana qaytarılmalıdır” deyə sonuncu bəyanatı da diqqət çəkir.
Bu, amerikalı həmsədrin səhvlərini “sığortalaması”, həm də
AŞPA-dakı Ermənistanın işğalçı dövlət olduğunu özündə əks etdirən
Robert Volterin qətnaməsinin qəbul olunmamasında ABŞ Dövlət
katibinin müavini Viktoriya Nulandın “fəallığı” qarşılığında
Bakının sakitləşdirməsi addımı hesab oluna bilər.
- Uorliklə yanaşı, ABŞ-ın Bakıdakı səfiri Robert Sekutanın
Xocalı soyqırımını “böyük faciə” adlandırması və “Dağlıq Qarabağ
ətrafındakı rayonlar boşaldırmalıdır” çağırışı da diqqətdən
yayınmır. Belə görünür ki, Vaşinqton Bakının ərazi bütövlüyü
məsələsində prinsipial mövqeyi qarşısında geri çəkilir. Təbii ki,
hər şeydən öncə öz maraqları bunu tələb edir.
Nəticə olmayana qədər bütün bunlar daha çox siyasi ritorika kimi görünür. Amma ritorikanın dəyişməsi belə geosiyasi proseslər fonunda təsadüfə bənzəmir. Hər-halda Dağlıq Qarabağ münaqişəsində hansısa dönüşün olacağı və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunacağına ümidlər yaranmaqdadır. Bunun məhz 20 ildir davam edən sülh danışıqları ilə həll ediləcəyi inandırıcı görünmür. Dünyanın müharibə astanasına qədəm qoyduğu, beynəlxalq oyunçuların Şərq torpaqlarında üz-üzə gəldiyi bir vaxtda onların Qarabağ məsələsi ilə bağlı eyni masaya oturacağı və danışıqlar yolu ilə problemi həll edəcəyini düşünmək sadəlövhlük olardı. Lakin beynəlxalq çağırışlar, Bakının etdiyi manevrlər hansısa prosesin getdiyinə işarə edir. Deməli, bircə yol qalır: MÜHARİBƏ.
Müharibə haqda bir aforizmdə deyildiyi kimi: “Qələbə
yalnız güclülərə yox, həm də səbirli və bacarıqlı olanlara qismət
olur”.
Bakı indiyə qədər səbir edib və o, indi qismətinə düşəni almaqda
israrlıdır. İndiki geosiyasi şərtlər Qarabağın qaytarılması üçün
heç olmadığı qədər əlverişli görünür:
- Rusiya Yaxın Şərq bataqlığında irəliləməyə cəhd göstərir.
İqtisadi çətinlik fonunda apardığı müharibə Kremlin hər keçən gün
zəifləməsinə gətirib çıxarır. Deməli, Qarabağda başlayacaq
müharibədə Rusiya Ermənistana gözlənilən qədər dəstək verə
bilməyəcək.
- Azərbaycan beynəlxalq hüququn icazə verdiyi şəkildə Qarabağda
anti-terror əməliyyatlarına başlaya bilər.
- Rusiyaya qarşı ikinci cəbhənin açılmasında maraqlı olan Qərb bu
prosesdə Bakıya dəstək verməyə məcbur olacaq.
***
İlk iki punktdakı tezisin real olduğu aydındır. Ancaq Qərbin
Azərbaycana baş verə biləcək müharibədə dəstək olacağı fikri haqlı
şübhələrə səbəb ola bilər. Xüsusilə 2008-ci ildə Rusiyanın
Gürcüstana qarşı “beş günlük” müharibəsi zamanı yaşananlar Qərbə
etibar etməyin acı nəticəsinin bariz nümunəsi idi. Bakı öz
qonşusunda baş verənləri unutmayıb. Məhz buna görə ehtiyatlı
davranır.
Lakin Qərbin ümumi maraqları bəzi məsələlərə işıq tutur.
1. Gürcüstanın Rusiya ilə gizli sövdələşmələrə
getməsi haqda məlumatlar regionda Azərbaycandan başqa etibarlı
tərəfdaşın olmadığını sübut etdi. Belə olanda Qərb Bakını öz
tərəfinə çəkmək üçün onun istədiklərini etməyə məcbur görünür.
2. Qərb onu da anlayır ki, Cənubi Qafqaza hakim
olmaq üçün Azərbaycanın dəstəyinə ehtiyacı var və bunun yolu Dağlıq
Qarabağ münaqişəsinin bu və ya digər formada ədalətli həllidir.
3. Erməni lobbisinin bir sıra Avropa
strukturlarında nüfuz sahibi olduğu bəllidir. Lakin bir məqamı
nəzərdən qaçırmaq olmaz. Qərb üçün Rusiyanın boyunduruğunda olan
İrəvan rejimi yox, Ermənistan lazımdır. Dağlıq Qarabağın işğalda
saxlanılması siyasətini də məhz bu rejim istəyir. Deməli,
Ermənistanı Moskvanın təsirindən qurtarmağın yeganə yolu İrəvan
rejiminin istəyini yox, sadə erməni xalqının istədiyini – iqtisadi
inkişafı vermək lazımdır. Bunun da yolu münaqişəni həlli və Türkiyə
ilə sərhədlərin açılmasından keçir.
4. NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi
Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Apaturayın dünən gerçəkləşən
Bakı səfəri də son proseslər fonunda diqqət çəkdi. Xüsusilə Rusiya
mediasının “NATO Azərbaycana yeni “yol xəritəsi” təklif edir”
xəbərləri təsadüfə bənzəmir. Yaxın dövrdə bir sıra yüksək vəzifəli
Avropa siyasətçilərinin Bakıya gözlənilən səfərləri də ortada
hansısa danışıqların getdiyindən xəbər verir.
Burada Türkiyənin maraqlarının daha qabarıq göründüyü də
şübhəsizdir. Əslində bütün proseslərin məhz Türkiyə vasitəsilə
həyata keçiriləcəyinə şübhə yoxdur. Qardaş ölkənin bizim
maraqlarımızı qurban verməyəcəyi baxımdan bu amil Azərbaycan üçün
də önəmlidir.
Türkiyə nə istəyir?
a) Dağlıq Qarabağda mümkün müharibənin başlaması
Azərbaycanın ərazi bütövlüyünün bərpasına zəmin yaradır və bu
Ankaranın tarixi istəyidir.
b) Münaqişənin Türkiyə tərəfindən bu və ya digər
formada həlli Ankaranın Cənubi Qafqazda təsir imkanlarını artıra
bilər və Rusiyanın regiona uzanan qolları kəsilər.
c) Ermənistanla sərhədlər açıla, bu ölkə
Türkiyənin nüfuz dairəsinə keçə, beləliklə, Ankaranın həm əli
güclənə, həm də qondarma “erməni soqırımı” iddialarına son qoyula
bilər.
Bunlar Türkiyənin daha uzaq perspektivdəki hədəfləridir. İndiki
məqamda isə Dağlıq Qarabağda müharibənin başlaması Rusiyanın Yaxın
Şərqdən diqqətinin yayınmasına və gücünün bölünməsinə səbəb ola
bilər ki, bu da Suriya məsələsində Ankaranın əlini gücləndirən
amildir. Ərdoğanın Bakı səfərinin əsas ana xəttinin bu məsələlər
olacağı ehtimalı səslənir.
Burada Türkiyə Baş naziri Əhməd Davudoğlunun Kiyevə səfəri
zamanı “Rusiya Azərbaycana da böyük təhlükədir” deməsi yada düşür.
Ehtimal etmək olar ki, Ankara və Bakı arasında Rusiya təhlükəsi ilə
bağlı ciddi müzakirələr gedir və Azərbaycan bəzi məsələlərdə fərqli
düşünür.
Bütün bu gözləntiləri və prosesləri Bakının necə
dəyərləndirəcəyini yaxın dövrdə görəcəyik. Lakin Azərbaycan
rəhbərliyinin 20 il səbir etdikdən sonra ağılsız müharibə
etməyəcəyi də şübhəsidir. Əslində Prezident İlham Əliyevin yaxın
dövrdə İrana səfəri bu mənada diqqət çəkir. Görünür, Azərbaycan
lideri regionun digər güclü ölkəsinin “ağzını yoxlamaq” istəyir.
İranın Ermənistana dəstək verdiyini düşünsək, hesab etmək olar ki,
Bakı Tehranın bu dəstəyinin qarşısı almadan müharibəyə getməyəcək.
Bu baxımdan, Ərdoğanın səfərindən sonrakı dövrdə baş verəcəkləri
diqqətlə izləmək lazımdır.
Asif Nərimanlı
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR