“Moskva artıq Bakını itirib” – Yuri Rayxeldən Kremlə xəbərdarlıq
Bizi izləyin

Nida.az

“Moskva artıq Bakını itirib” – Yuri Rayxeldən Kremlə xəbərdarlıq

“Suriyada vəziyyət kəskinləşdikcə Moskva, Tehran və Ankara diqqətini tez-tez Cənubi Qafqaza, xüsusilə Azərbaycana yönəldir”.


Publika.az xəbər verir ki, bu barədə beynəlxalq münasibətlər üzrə tədqiqatçı jurnalist Yuri Rayxel qələmə aldığı məqaləsində yazır.


Müəllif qeyd edir ki, Cənubi Qafqaz coğrafi baxımdan Yaxın Şərqin arxa müstəvisi hesab oluna bilər: “Bura Avropa və bir sıra digər dövlətlər üçün əhəmiyyətli enerji resurslarının təminatçısı kimi Azərbaycanın önəmini də əlavə etmək mümkündür. Bu baxımdan, Suriya münaqişəsində iştirak edən güclərin hər biri Bakını öz tərəfinə çəkməyə çalışır. Amma Bakı bərabər uzaqlıq məntiqini izləyir. O, nə Səudiyyə Ərəbistanının qurduğu koalisiyaya, nə də Rusiya və Tehranın yanına gedir. Lakin Moskva və Ankaranın kəskin münasibəti Bakını çətin vəziyyətə saldı. Rusiya Şimaldan və dənizdən qonşu kimi, həmçinin, Qarabağ münaqişəsində Ermənistanın sponsoru kimi əhəmiyyətlidir. İqtisadi sferada da Rusiya Azərbaycan üçün vacib bazardır. Bundan başqa, Rusiyada xeyli azərbaycanlının yaşaması da nəzərdən qaçmamalıdır. Türkiyəyə gəlincə, milli və dil olaraq bu ölkə Azərbaycanın qardaşı səviyyəsindədir. Həmçinin, strateji tərəfdaşıdır. Mümkün Qarabağ müharibəsində Azərbaycanın ilk dəstəkçisi, təbii ki, Türkiyə olacaq”.


Y. Rayxel qeyd edir ki, Bakı Rusiya və İran koalisiyasına qoşulmayacaq: “Çünki bu hər şeydən öncə Türkiyə ilə nifaqa girməsi, eləcə də ictimai rəyə qarşı çıxmaq deməkdir. Digər tərəfdən, Qərb də Bakının bu siyasi gedişini anlaşılmaz qəbul edəcək. Nəhayət, öz qazını və neftini Avropaya satan Azərbaycandan bu gedişi gözləmək də sadəlövhlük olar”.


Məqalədə deyilir ki, hazırkı situasiyada Bakının orta xətdə dayanması çətindir.


“Prezident İlham Əliyevin Londonda Suriya ilə bağlı konfransda iştirakı Qərbin ondan seçim etməsini istəməsi kimi qiymətləndirilə bilər. Ərdoğanın Azərbaycana səfəri də bu kontekstdə diqqət çəkir. Bakı həmçinin bir məqamı da diqqətdən qaçırmır ki, Rusiya Qarabağ məsələsində onun maraqlarını ifadə etmir. Rusiyanın Gürcüstan və Ermənistan vasitəsilə İrana qaz kəməri tikmək istəyi də bundan xəbər verir. Moskva hazırda Qarabağ münaqişəsini ölü nöqtədən tərpətməyə hazır deyil. Çünki Suriya münaqişəsinə girən Rusiya öz diplomatik manevrlərini məhdudlaşdırır. Belə olanda Moskva Bakı üçün cazibədar təkliflər verə bilmir. Bakıda mümkün siyasi döngənin təhlükələrini əla dərk edirlər. Buna görə də digər əhəmiyyətli qonşu olan İranla maraqlanırlar. Yaxın gələcəkdə İlham Əliyevin Tehrana səfəri gözlənilir”, - deyə məqalədə bildirilir.

Müəllif qeyd edir ki, yaxın perspektivdə Bakının Türkiyə və Qərblə daha sıx əməkdaşlığı müşahidə olunacaq: “Həqiqətən də, Rusiyanın Azərbaycanı itirməsi haqda deyilənlər doğrudur. Belə demək mümkünsə, Moskva artıq Bakını itirib”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm