Siyavuş Novruzov: "Fikirlərimi təhrif ediblər"
Bizi izləyin

Nida.az

Siyavuş Novruzov: "Fikirlərimi təhrif ediblər"

Müsahibədə mənim dediyim fikirləri təhrif ediblər, yanlış yazıblar. Mən 60-70 yaşdan yuxarı adamların partiyaya gəlmək istəyinə məhdudiyyət qoyulduğunu deməmişəm. Demişəm ki, partiyada gənclər çoxluq təşkil edir. Eyni zamanda, 50-60 yaşa qədər orqanlarda işləyən, hərbidə xidmət edən şəxslər xidmətdən tərxis olunduqdan sonra partiyaya gəlmək istəyəndə onlarla aparılan müsahibədə indi müraciət etmələrinin səbəbi də soruşulur. Amma əlbəttə ki, partiyaya üzv olmalarına məhdudiyyət qoyulmur.

Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib.

S.Novruzov qeyd edib ki, o, müsahibəsində YAP-ın inkişafından danışıb: “YAP ötən il də böyük inkişafa nail olub. Ən böyük göstəricisi də Milli Məclisə keçirilən seçkilərdir, 71 yerə mandat qazanmışıq. İdarə Heyətinin iclası keçirilib və partiyanın işi yüksək qiymətləndirilib. Hesabat nəticəsində məlum olub ki, partiyaya gənclərin axını var. Ötən il partiyaya qəbul olunanların 75 faizi gənclərdir. Yerdə qalanı isə digər yaş qrupuna aid olanlardır. Bəzi adamlar 50-60 yaşında və daha sonra üzvlük üçün müraciət edirlər və məlum olur ki, onların əksəriyyəti bu yaşa qədər hüquq-mühafizə orqanlarında, hərbidə xidmət ediblər. Həmin dövrdə də onların partiya üzvü olmaları qanunla qadağandır. Ona görə də izah edirlər ki, xidmətlərini başa vurduqdan sonra partiyaya üzv olurlar. Bu, əsla yaşlı nəslə qadağa qoyulması deyil, əksinə, onların YAP-a diqqətinin göstəricisidir".

S.Novruzov onu da qeyd edib ki, bəzən hüquq-mühafizə orqanlarında xidmətə başlayanlar da partiyadan xaric olunmaq üçün müraciət edirlər: "Onlar gənclərdir və bu, təbiidir. Çünki hüquq-mühafizə orqanı əməkdaşının partiya üzvü olmasını qanun qadağan edir".

S.Novruzov bildirib ki, qanunun tələblərinə uyğun olaraq istənilən yaş mərhələsində vətəndaşlar partiyaya üzv qəbul olunurlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm