I Türkoloji Qurultayın 90 illik yubileyi keçiriləcək
Bizi izləyin

Nida.az

I Türkoloji Qurultayın 90 illik yubileyi keçiriləcək

Azərbaycan Prezidenti İlham Əliyev Birinci Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

2016-cı ildə Bakı şəhərində Birinci Türkoloji Qurultayın keçirilməsinin 90 illiyi tamam olur. Türkoloji Qurultay türk xalqlarının mədəni inteqrasiyasında yeni mərhələnin təməlini qoymuş diqqətəlayiq hadisələrdəndir. Qurultayda əsaslı müzakirə obyektinə çevrilmiş problemlərlə bağlı böyük perspektiv əhəmiyyətə malik qərarlar qəbul edilmiş, latın qrafikalı yeni əlifbaya keçidin elmi-metodik prinsipləri işlənib hazırlanmışdır. Həmin əlifbanın ilk kütləvi tətbiqinə türkdilli respublikalardan məhz Azərbaycanda başlanılması hələ XIX əsrdən etibarən burada mütərəqqi ziyalıların əlifba islahatı uğrunda fəal şəkildə apardıqları mübarizənin nəticəsi idi. Lakin sovet idarə üsulu çox keçmədi ki, bütün bunların ardıcıl gerçəkləşdirilməsinin qarşısını müxtəlif vasitələrlə aldı.

XX yüzilliyin sonlarına doğru Azərbaycan Respublikasının öz dövlət müstəqilliyini bərpa etməsi ilə Azərbaycan dilinin rəsmi dövlət dili statusu qəti surətdə təsbit edildi və Türkoloji Qurultay tərəfindən vaxtilə irəli sürülmüş tövsiyələrin müasir şəraitdə uğurla həyata keçirilməsi üçün əlverişli zəmin yarandı. Bir əsr boyunca üçüncü dəfə dəyişdirilməyə məruz qaldıqdan sonra latın qrafikalı yeni əlifbaya keçildi və ölkənin ictimai-siyasi həyatının, xalqın yazı mədəniyyəti tarixinin taleyüklü məsələlərinin həlli istiqamətində mühüm addımlar atıldı.

Qurultaydan bəri ötən dövr türkologiyaya dair araşdırmalar sahəsində yeni konsepsiyaların formalaşdırılması, Azərbaycanın türkoloji araşdırmaların nüfuzlu mərkəzlərindən biri kimi tanınması və türk xalqlarının mədəni-mənəvi birliyinin nəzəri-elmi bünövrəsinin yaradılması ilə əlamətdardır. Qazanılan nailiyyətlər eyni zamanda Qurultayın təşkili işinə töhfələr vermiş totalitar rejim qurbanı görkəmli alimlərin xatirəsinə ehtiramın ifadəsidir.

Sərəncamda qeyd olunur ki, türk xalqlarının, o cümlədən Azərbaycan xalqının mədəni həyatında müstəsna rol oynadığını nəzərə alaraq, Birinci Türkoloji Qurultayın 90 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Milli Elmlər Akademiyası Təhsil Nazirliyi və Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə Birinci Türkoloji Qurultayın 90 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm