“Ermənilərə vətəndaşlıq verməklə onları .." - Təklif
Bizi izləyin

Nida.az

“Ermənilərə vətəndaşlıq verməklə onları .." - Təklif

“Ermənilərə vətəndaşlıq verməklə onları İrəvana qarşı qaldırmalıyıq”

Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü Zahid Oruc Dağlıq Qarabağ ermənilərinə Azərbaycan vətəndaşlığı verilməsi haqda təklif irəli sürüb. Publika.Az -a müsahibəsində təklifinin səbəblərindən danışıb.

- Dağlıq Qarabağ ermənilərinə Azərbaycan vətəndaşlığı verilməsi təklifiniz nəyə əsasən irəli sürürsünüz?

-
Zaman-zaman Qarabağ münaqişəsinin həllinə cəmiyyətdən, siyasi dairələrdən fərqli baxışlar gəlməkdədir. Bu da başa düşüləndir. Çünki müharibə kateqoriyasında düşünəndə itkilər, dağıntılar, ərazilərin ələ keçirilməsi və düşmənçilik müstəvisində hansısa təmasların, dialoqların olmaması gərəkir. Lakin biz həm də nəzərə almalıyıq ki, siyasət donuq statistik sahə deyil, özünəməxsus dinamikaya malikdir. Bu da beyinlərin, təfəkkürlərin, məsələlərə baxışların dəyişdirilməsi və təzələnməsi deməkdir. Uzun zamandır mənim Qarabağ proseslərinə baxışım həm də ondan ibarətdir ki, biz ABŞ, yaxud Rusiya kimi hərəkət edə bilərik. Məsələn, ABŞ-ın Əfqanıstana koalisiya yaradıb gəlməsi kimi, yaxud da Rusiyanın Çeçenistanda kadırovları taparaq rəhbərliyə gətirməsi, sonradan onun vasitəsilə, yəni bir çeçenin digər çeçenə qarşı qoyulması ilə problemin həllinə çalışması kimi edə bilərik. Bu gün Əhməd Kadırovun yerinə hər-hansı bir Pyotr da çeçen rəhbəri ola bilərdi. Lakin Putin bunu etmir. O, milli respublikalara fərqli nəzəriyyə ilə yanaşır. Göründüyü kimi zamanında uğurla Şaymıyevi, yaxud başqa şəxsləri Tatarıstana, Udmurtiyaya, Çuvaşiyaya, Adıgeyə, Qaraçay- Çərkəzə rəhbər təyin edib, lakin onların da əksəriyyəti Rusiya maraqlarının yüksək səviyyədə saxlamaqla ölkənin vahidliyini təmin edirlər. Düşünürəm ki, biz burada yeni baxışlarımızı ortaya qoymalıyıq.

- Yəni bu baxımdan, Azərbaycan Dağlıq Qarabağ ermənilərinə vətəndaşlıq hüququ tanımalıdır?

-
Bu gün Dağlıq Qarabağın erməni əhalisi Ermənistan pasportu ilə xarici məkanlara çıxır. Biz buna etiraz edirik ki, yanlışdır. Çünki ora Azərbaycan ərazisidir, o əhali də keçmişdə vahid bir ölkənin, Azərbaycan Sovet Sosialist Respublikasının vətəndaşları olublar. Sadəcə, Ermənistanın avantürasına uyaraq separatimzə gediblər, lakin ayrılıqda hərəkət etməyiblər. Xüsusi olaraq da onların xarici himayədarları olub. Lakin biz hazırkı siyasi məsələlərdə bunları bölüşmürük və nəticə etibarilə onlar ın bu gün hansı cinayəti, hansı anti-konstitusion hərəkəti həyata keçirməyindən asılı olmayaraq bizim vətəndaşlarımız olaraq qalır.

Vacib amildir ki, hər-hansı bir erməni ölkəmizin konstitusiyanı tanıyaraq vətəndaşlıq hüququnu əldə etmək istəyəcəksə və bu qanunlara hörmətlə yanaşmağa çalışacaqsa, onun Azərbaycan pasportunu daşıması, bu ölkənin üzərindən viza alaraq hansısa xarici məkanlara getməsini biz stimullaşdırmalıyıq. Mən Qarabağ ermənilərinin Azərbaycan vətəndaşlığını alması hüquqlarının bərpasının tərəfindəyəm.

- Bu həm də birmənalı qarşılanmaya da bilər.

- Bu, qəti şəkildə ərazilərimizin işğalını unutmaq, şəhidlərimizin ruhuna hörmətsizlik göstərmək anlamına gəlməməlidir. Əksinə ermənilərin içində uzun müddət xunta rejiminin aləti olan, sadə əhali kimi siyasi avantüristlərin mövqeyini bölüşməyən, həddindən artıq millətçi faşist baxışlarına malik düşmən tərəfinin siyasətindən kənarda olan insanların öz tərəfimizə cəlb olunmasına imkan tanımalıyıq. İddia etmirəm ki, onları dəstəkləyərək Qarabağın rəhbərliyinə qədər aparıb çıxarda bilərik. Hər-halda bunu da təfəkkürlərdə, layihələrdə saxlamaq lazımdır.

Amma biz bu qapını açıq saxlamalıyıq. Çünki əgər istəyiriksə donuq vəziyyət dəyişsin və bunun hərbi addımlarla reallaşdırılması mümkün deyilsə, ondan başqa vasitələr işə düşməlidir. Onlardan biri də bundan ibarətdir. Ermənilərin bir-biri ilə üz-üzə qoyulması bizim xeyrimizədir. Lakin bu fikirlərin mənim tərəfimdən səslənməsi heç bir halda Azərbaycan maraqlarını əngəlləyən siyasət kimi təqdim edilməməlidir. Əksinə bu, ermənilərlə bağlı məsələdə bizim mövqeyimizi qınayanların arqumentlərini əlindən almaq baxımından da çox mühüm olardı.

- Daha açıq desək, ordakı erməniləri rəsmi İrəvana qarşı qaldırıb bundan istifadə etmək lazımdır?

- İnformasiya məkanı genişdir. Bunu bəri başdan açmaq doğru olmaz. Bu, bizim irəli sürdüyümüz ideyanı bəri başdan əngəlləyə bilər. Proseslər nəticə etibarilə buna aparacaqsa, yaxşı olardı. Yəni biz Dağlıq Qarabağdakı ermənilərə vətəndaşlıq verməklə onları Ermənistana qarşı qaldırmalı və bundan istifadə etməliyik, yaxud edə bilərik. Amma dediyim kimi bunu indidən ortaya qoymaq da ziyanımıza olar.

- Bu reallaşa bilərmi sizcə?

- Bəzən Azərbaycan və Ermənistandan kənarda üz-üzə gələn hər iki ölkənin təmsilçiləri deyirlər ki, kənar amillər olmasa bu problemi çözmək mümkündür. Biz müəyyən bir tarixdə qonşu olaraq yaşamışıq. Nə bütövlükdə erməniləri burdan köçürüb qurtarmaq mümkün olacaq, nə də Azərbaycan xalqı illər keçsə də itkiləri ilə barışmayacaq. Digər tərəfdən Ukrayna hadisələri sübut etdi ki, özümüzə çox da tənqidi yanaşmamalıyaq.
Biz onu da nəzərə almalıyıq ki, bu təşəbbüs, təklif əslində mahiyyətcə ondan ibarətdir ki, biz Konstitusiyamızı tanıyan, Azərbaycan qanunları ilə yaşamaq istəyən, bizim dövlətimizin imkanlarından yararlanmaq istəyən ermənilərə bir qapı tanıyırıq. Bunu xarici aləmə təqdim edirik. Bizim hər bir ermənini öldürmək məqsədini qarşıya qoyan, qana susamış Azərbaycan xalqı obrazını da tamamilə sındırırıq. Məsələnin mahiyyəti budur. Hesab edirəm ki, bu kifayət qədər əsaslandırılmış mövqedir. Qətiyyən cəmiyyətə populist bir ideya çıxartmaq niyyətində deyiləm. Bu məsələnin müəyyən tərəfdarları da var. Lakin cəmiyyət, içi mən qarışıq daha çox ermənilərin işğalı, törətdikləri soyqırımılar mövqeyindən çıxış edir və haqlı düşmənçilik arqumentləri üzərində dayanır. Amma mənim dediyim məsələ Qarabağın işğalının üzərindən keçməklə qardaşlıq, əmin-amanlıq, sülh, dostluq təklifi deyil. Bu formada başa düşmək yanlışdır. Kim belə təqdim edərsə, onun millətçiliyini saxta sayacam. Mən millətimi, vətənimi heç kimdən az sevmirəm. Bu sadəcə olaraq Qarabağ məsələsinə fərqli baxışdır. Dünyada konfliktlərin situasiyasında belə addımlar atılır. Biz də kənarda qalmalı deyilik.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm