Nazir: “Ermənistan-Azərbaycan münaqişəsi regional əməkdaşlığa ən böyük təhlükədir”
Bizi izləyin

Nida.az

Nazir: “Ermənistan-Azərbaycan münaqişəsi regional əməkdaşlığa ən böyük təhlükədir”

Bu gün Tiflisdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Gürcüstan və Türkiyə xarici işlər nazirləri ilə birgə 5-ci üçtərəfli görüşü keçirilib.

Publika.az-ın məlumatına görə, görüş zamanı çıxış edən Məmmədyarov bugünkü üçtərəfli görüşdə iştirak etməkdən məmnunluq duyduğunu bildirib.

Türkiyə və Gürcüstandan olan həmkarlarını və dost nümayəndə heyətlərini salamlayan nazir səmimi qonaqpərvərliyə görə Gürcüstan hökumətinə təşəkkürünü çatdırıb.

Daha sonra deyib ki, yüksək səviyyəli ikitərəfli və üçtərəfli münasibətlər, bu formatda keçirilən müntəzəm görüşlər ölkələrimiz arasında strateji əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli rol oynayır: “Bu cür görüşlər müxtəlif sahələrdə əməkdaşlığımızın vəziyyətinin gözdən keçirilməsinə imkan yaradır. Bu baxımdan 2013-2015-ci illəri əhatə edən Üçtərəfli Sahəvi Əməkdaşlıq Fəaliyyət Planı üçün nəzərdə tutulan üçtərəfli layihələri xüsusi qeyd etmək istərdim.

Ölkələrimizin coğrafi yerləşməsi rəqabətli tranzit imkanlarından faydalanmaq üçün əlverişli imkanlar yaradır. Ona görə də hesab edirik ki, bizim coğrafi məkanda nəqliyyat infrastrukturu, ələlxüsus kommunikasiya xətlərinin qarşılıqlı bağlılığı və infrastrukturun inkişafı əsas əməkdaşlıq sahələrindən biri olmalıdır”.

E.Məmmədyarov qeyd edib ki, Azərbaycan hər zaman Xəzərin enerji ehtiyatlarının Qərb bazarlarına çıxarılması üçün öz tranzit imkanlarını təklif edib: “Bakı-Tiflis-Qars (BTC) layihəsinin uğurla həyata keçirilməsindən sonra biz regionda bir sıra əhəmiyyətli layihələrin təşəbbüskarı olmuşuq. Azərbaycan Cənub Qaz Dəhlizinin əsas xətləri olan Trans Anadolu Kəməri – TANAP, Bakı-Tbilisi-Qars dəmir yolu və yeni Bakı Beynəlxalq Ticarət Limanı layihələrinin həyata keçirilməsi vasitəsilə Avrasiyanın ən əhəmiyyətli regionlarını birləşdirir. Bakı-Tbilisi-Qars dəmir yolu və yeni Bakı Beynəlxalq Ticarət Limanı Şərq-Qərb Dəhlizinin əsas seqmenti olacaq”.

Dağlıq Qarabağ münaqişəsinin regionda gedən inkişaf prosesinə mane olduğunu diqqətə çatdıran E.Məmmədyarov qeyd edib ki, regionda sülhə və inkişafa maneələr hələ də qalmaqdadır: “Dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmətin təmin edilməsinə, eləcə də regionda sülhün və stabilliyin qorunması üçün təcavüzkar siyasətdən imtina edilməsinə ehtiyac vardır. Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsində uğursuzluq regionda sülh və təhlükəsizliyə, o cümlədən, regional əməkdaşlığa ən böyük təhlükədir. Özünün işğalçı siyasətinə görə Ermənistan bütün regional layihələrdən kənarda qalıb.

Nitqimin sonunda qarşılıqlı səylərimizin müxtəlif sahələrdə ölkələrimizin inkişafına töhfə verəcəyinə ümidvar olduğumuzu ifadə etmək istərdim”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm