Prezident İlham Əliyev qəbul keçirdi
Bizi izləyin

Nida.az

Prezident İlham Əliyev qəbul keçirdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da İndoneziya parlamenti Nümayəndələr Palatasının sədr müavini Fahri Hamzahın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı Azərbaycan-İndoneziya ikitərəfli əlaqələrinin yüksək səviyyəsindən məmnunluğunu bildirdi, ölkələrimiz arasında qarşılıqlı anlaşmanın və dəstəyin olduğunu vurğuladı. Prezident İlham Əliyev Azərbaycanın İndoneziya ilə əlaqələri siyasi, iqtisadi, sərmayə qoyuluşu, mədəniyyət, turizm, təhsil, o cümlədən parlamentlərarası əməkdaşlıq və digər sahələrdə daha da inkişaf etdirməkdə maraqlı olduğunu bildirdi. Ölkələrimiz arasında əməkdaşlığın daha güclü formatının yaradılmasının zəruriliyini qeyd edən dövlətimizin başçısı İndoneziya parlamenti Nümayəndələr Palatası üzvlərinin Azərbaycana səfərinin uğurlu olacağına və əlaqələrimizin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyacağına ümidvar olduğunu dedi.

İndoneziya parlamenti Nümayəndələr Palatasının sədr müavini Fahri Hamzah təmsil etdiyi qurumun Azərbaycan parlamenti ilə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu dedi. Artıq Bakıda Azərbaycan-İndoneziya parlamentlərarası dostluq qrupunun yaradıldığını vurğulayan qonaq belə bir qurumun Cakartada da yaradılacağını dedi. Fahri Hamzah parlamentlərarası dostluq qruplarının fəaliyyətinin ölkələrimizin əməkdaşlıq əlaqələrinin genişləndirilməsi işinə xidmət edəcəyini bildirdi.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Fransa Senatının Yuxarı Reyn Departamentindən olan senatoru, Fransa-Qafqaz dostluq qrupunun üzvü, sabiq nazir Jan-Mari Bokelin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı Fransa parlamenti üzvlərinin ölkəmizə səfərlərinin ənənəvi xarakter daşıdığını vurğulayaraq nümayəndə heyətinin hər dəfə yeni tərkibdə Azərbaycana səfər etmələrini müsbət hal kimi dəyərləndirdi və səfərin Azərbaycanla yaxından tanış olmaq üçün yaxşı fürsət yaradacağını bildirdi. Fransa parlamenti üzvlərinin Azərbaycana mütəmadi səfərlərinin əhəmiyyətinə toxunan Prezident İlham Əliyev bu cür səfərlərin ölkələrimiz arasında dostluğun daha da gücləndirilməsi baxımından rolunu qeyd etdi. Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsində siyasi və iqtisadi əlaqələrlə yanaşı, parlamentlərarası əməkdaşlığın da mühüm əhəmiyyət daşıdığını dedi.

Jan-Mari Bokel Fransa parlamenti üzvlərinin ölkəmizə ənənəvi səfərlərinin əhəmiyyətini qeyd etdi. O, nümayəndə heyəti üzvlərinin Azərbaycanın dostları olduğunu bildirdi. Xocalı soyqırımının ildönümü ərəfəsində ölkəmizə səfər etdiklərini vurğulayan fransalı qonaq xalqımızın üzləşdiyi bu ağır fəlakətlə bağlı kədərini ifadə etdi.

Görüşdə dövlət başçıları arasında xüsusi münasibətlərin olduğu qeyd edildi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti və həlli yollarından danışıldı, münaqişənin sülh və danışıqlar yolu ilə beynəlxalq hüquq çərçivəsində nizama salınmasının vacibliyi vurğulandı, Azərbaycanın Avropa strukturları ilə əməkdaşlığı məsələləri ətrafında fikir mübadiləsi aparıldı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm