Qarabağa “İsgəndər - M” raketi gəlir? – Sarkisyandan növbəti BÖYÜK YALAN
Bizi izləyin

Nida.az

Qarabağa “İsgəndər - M” raketi gəlir? – Sarkisyandan növbəti BÖYÜK YALAN

Rusiyanın Ermənistana “İsgəndər” raketləri verəcəyinə dair iddialar yenidən ortaya çıxıb.

Publika.az
xəbər verir ki, Ermənistan mediası Rusiyanın 200 milyonluq krediti ayırmasına istinadən edərək, Ermənistana gizli şəkildə “İsgəndər” raketləri verəcəyi ehtimalını irəli sürüblər.

Belə ki, rəsmi Moskva və İrəvan Ermənistana 200 milyon dollar kredit ayrılmasına dair saziş imzalayıb. Məlumata görə, kredit ilk ödəniş 2018-ci ilin əvvəlinə qədər ödənilməklə 10 il müddətinə verilib. Vəsait Rusiya istehsalı olan hərbi texnikanın və silahların alınmasının maliyyələşməsinə ayrılıb. Sənədə əlavəyə əsasən, Ermənistan Rusiyadan “Smerç” reaktiv yaylım atəşi sistemləri və onun sursatlarını, “İgla-S” zenit-raket sistemləri, yerüstü radiotexniki kəşfiyyat kompleksi “Avtobaza-M”, “TOS-1A” ağır odpüskürənləri, “9M113M” idarəolunan raketləri, “RPG-26” qumbaraatanları, Draqunov snayper tüfəngi, “Tiqr” zirehli avtomobilləri, mühəndis və rabitə vasitələri alacaq.

“1in.am” saytı isə yazır ki, Ermənistanın təhlükəsizliyini qorumaq məqsədilə Rusiya adıçəkilən silahlar arasına “İsgəndər”i də əlavə edə bilər.

“Lakin əgər bu silah doğrudan da veriləcəksə, onu gizli saxlayacaqlar. Bununla bağlı xeyli iddialar olsa da, rəsmi olaraq təsdiq olunmayıb. İctimaiyyət arasında isə Rusiyanın həmin raketləri Ermənistana verəcəyinə dair gözləntilər böyükdür. Bunun reallaşması Ermənistanın hərbi arsenalının ciddi şəkildə güclənməsi deməkdir”, - deyə sayt yazıb.

Hazırkı geosiyasi situasiyada, xüsusilə Rusiya-Türkiyə gərginliyi fonunda Moskvanın Ermənistanı silahlandırması, həmçinin, onu “İsgəndər” raketi ilə təchiz etməsi kimi gözləntilər real ola bilər. Lakin adıçəkilən raketlə bağlı araşdırmalar bunun yalnız “erməni xülyası” olduğunu təsdiqləyir.

Qeyd edək ki, adıçəkilən raketlərin Ermənistana verilməsi ilə bağlı iddialar ötən ilin yayında peyda olmuşdu. Söhbət Rusiya hərbi texnikasının sonuncu naliyyətlərindən hesab olunan “İsgəndər - M” raketindən gedir. Publika.az-ın həmin dövrdə apardığı araşdırmada maraqlı faktlar ortaya çıxdı.

“İsgəndər-M” raketi 500 kilometr məsafədən hədəfə 100 faiz dəqiqliklə zərbə endirə və nüvə başlığı da daşıya biləcək gücdədir. Raketin əsas özəlliyi ondan ibarətdir ki, bu raketlər xüsusi uçuş trayektoriyasına malikdir və hələ dünyada mövcud olan heç bir raketdən müdafiə sistemi, o cümlədən İsrail və ABŞ-ın sərəncamında olan raketdən müdafiə sistemləri onu vura bilməz. Yaxın gələcəkdə də heç kimin belə raketdən müdafiə sisteminə malik olacağı gözlənilmir.

Bir neçə il bundan əvvəl Rusiya ABŞ-ın Avropada raketdən müdafiə sistemlərinin elementlərini yerləşdirmək planlarına cavab olaraq “İsgəndər-M” raketlərini Kalininqrad vilayətinə yerləşdirib. Müxtəlif təyinatlı döyüş başlıqları daşıya bilən “İsgəndər-M” raketləri kvaziballistik, yəni manevrli hərəkət trayektoriyasına malikdir. Bütün uçuş boyu raket avtomatik olaraq aerodinamik və qazodinamik sükanlar vasitəsilə idarə olunur. “Stels” texnologiyası ilə hazırlanıb və radarlara yaxalanmır. Yer səthindən cəmi 50 metr hündürlükdə uçur və bu səbəbdən onu radarlarla aşkar etmək praktiki olaraq mümkün deyil.

Rusiyanın hərbi sənayesinin son nailiyyətini nəinki Ermənistana, ümumiyyətlə hansısa ölkəyə verməsi şübhəlidir. Müdafiə naziri Sergey Şoyqu bildirir ki, 2018-ci ilə qədər Rusiyanın bütün raket briqadaları “İsgəndər - M” texnikası ilə silahlandırılacaq. Yəni Rusiyanın öz ordusu tam təchiz edilmədən bunu Ermənistana verməsi ehtimalı görünmür.

Digər tərəfdən, dünya təcrübəsinə görə, hər bir ölkə yeni istehsal etdiyi silahın müəyyən müddətə satışını qanunla qadağan edir. Bu müddət adətən 5-10 il arasındadır. Misal üçün, Rusiyanın özündə ötən il hərbi parada çıxarılan “Armata - T” tankları 2016-cı ildən ümumi silahlanmaya daxil ediləcək və bu hərbi texnikanın 2020-ci ilə qədər satışı qadağan olunub. “İsgəndər - M” raketinin satışı da hələlik nəzərdə tutulmur.

“İsgəndər - M” raketinin indiyə qədər hansısa ölkəyə satışı haqda rəsmi məlumat yoxdur. 2013-cü ildə Ermənistan Müdafiə Nazirliyi Rusiyanın Gümrüdəki hərbi bazasına bu raketlərin gətirildiyi xəbərini yaysa da, sonradan bu yalan çıxdı.

Ermənistan mediasında bu cür “xəbərlərin” ortaya çıxması isə daha çox “güc nümayişi” etmək, erməni ictimaiyyətində nüfuzdan düşən Rusiyanın reytinqini artırmaq, eləcə də, Moskvanın buyruğu ilə oturub-duran Sarkisyan rejiminin “doğru siyasət” apardığına dair fikir formalaşdırmaq məqsədi daşıyır.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm