Həsən Ruhani: İran-Azərbaycan əlaqələrində yeni səhifə açılacaq
Bizi izləyin

Nida.az

Həsən Ruhani: İran-Azərbaycan əlaqələrində yeni səhifə açılacaq

Astara-Astara dəmir yolu xəttinin birləşdirilməsi iki ölkənin iqtisadi münasibətlərində yeni bir səhifənin açılmasına səbəb olacaq. Trend-in məlumatına görə, bunu İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Azərbaycan Prezidenti İlham Əliyevin İrana rəsmi səfəri zamanı Tehranda mətbuata bəyanatla çıxışında bildirib.

H.Ruhani qeyd edib: "Azərbaycan Respublikasının hörmətli Prezidenti, Zati-aliləri cənab İlham Əliyevi İran İslam Respublikasında bir daha salamlayıram və mənim dəvətimi qəbul edərək İrana gəldiyinə görə təşəkkürümü bildirirəm. Ötən iki il yarım ərzində bu, bizim beşinci görüşümüzdür. Bu, çox sevindirici haldır ki, bizim hər görüşümüz iki ölkə arasında münasibətlərimizin daha da inkişaf etməsinə xidmət edir. Həm də sevindirici haldır ki, bizim görüşlərimiz iki dost və qardaş ölkə olan İran ilə Azərbaycanın, onların xalqlarının mənafeyinə xidmət edir".

İranın dövlət başçısı bildirib: "Biz, həmçinin Azərbaycan Respublikasının möhtərəm Prezidentinin səfərinin bu həftə ərzində İran üçün çox mühüm iki hadisə ilə əlamətdar olduğu bir dövrə təsadüf etməsini də xoşhallıqla vurğulayırıq. Məlum olduğu kimi, bu həftə ərzində İran İslam Respublikasında həm İslam Şurası Məclisinə, həm də Xubriqan Məclisinə seçkilər keçiriləcəkdir. Bu seçkilər İran xalqının iradəsinin göstəricisi olacaqdır. Bu seçkilər İranda azadlığın, istiqlalın və xalqın iradəsinin bariz nümunəsi olacaqdır. Həmçinin sevindirici haldır ki, Azərbaycan Prezidentinin səfəri hər iki dövlət və xalq üçün mühüm olan Novruz bayramı ərəfəsinə təsadüf edir. Novruz bayramını qeyd edən ölkələrin xalqlarını oxşar tarix, mədəniyyət və sivilizasiya birləşdirir. Həmçinin sevindirici haldır ki, bu səfər İrana qarşı nüvə sanksiyalarının aradan qaldırılması və bu barədə razılaşmanın icra olunmasına başlanmasından sonraya təsadüf edir. Bu da iki ölkə arasında münasibətlərin daha geniş spektrdə inkişaf etməsinə səbəb olacaqdır. İki ölkə arasında müştərək iqtisadi komissiyanın son iki ildəki fəaliyyəti bizi çox sevindirir. Onların gərgin əməyinin nəticəsidir ki, bu gün iki ölkə arasında on bir sənəd imzalanır. Bu sənədlərin imzalanması ölkələrimiz arasında münasibətlərin daha da dərinləşməsinə xidmət edir".

H.Ruhani vurğulayıb: "Biz bu gün keçirdiyimiz həm təkbətək, həm də geniş tərkibdə görüşlərdə ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və digər sahələrə aid məsələləri bir daha nəzərdən keçirdik. Həmin görüşlərdə iki ölkə arasında tranzit daşımaları, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində əməkdaşlıq sahəsində fikir mübadiləsi apardıq. Eyni zamanda, biz 2016-cı ilin sonunadək Astara-Astara dəmir yolu xəttinin birləşdirilməsi barədə razılığa gəldik ki, bu da iki ölkənin iqtisadi münasibətlərində yeni bir səhifənin açılmasına səbəb olacaqdır. Biz ölkələrimiz arasında energetika və neft-qaz sahələrində əməkdaşlıqla bağlı geniş fikir mübadiləsi apardıq. Biz Xəzər dənizinin enerji ehtiyatlarından birgə istifadə barədə fikir mübadiləsi etdik. Biz, həmçinin iki ölkə arasında bank və sığorta sahəsində əməkdaşlıq məsələlərini nəzərdən keçirdik. Eyni zamanda, Araz, Ənzəli və Maku azad iqtisadi-ticarət zonalarında birgə fəaliyyət ilə bağlı fikir mübadiləsi apardıq. Biz iki ölkə arasında siyasi, iqtisadi münasibətlərin inkişafı ilə yanaşı, xalqlarımızın gediş-gəlişinin asanlaşdırılması, ölkələrimizin elmi mərkəzləri arasında əməkdaşlığın genişləndirilməsi, o cümlədən mədəniyyət sahəsində əlaqələrin daha da dərinləşdirilməsi məsələlərini müzakirə etdik. Biz xalqlarımızın gediş-gəlişinin asanlaşdırılması istiqamətində fikir mübadiləsi çərçivəsində, o cümlədən dəniz nəqliyyatı ilə də get-gəlin artırılması barədə ətraflı söhbət etdik.

Biz, eyni zamanda, dini və məzhəb sahəsində əməkdaşlıq barədə ətraflı danışdıq. Hazırda dünyada və regionda baş qaldırmış islamofobiyaya qarşı birgə əməkdaşlıq haqqında fikirlərimizi paylaşdıq, o cümlədən bu sahədə birgə fəaliyyət planı qurmağı razılaşdırdıq. İslam dininin rəhman və bağışlayan bir din olduğunu, ondan qorxmaq lazım olmadığını birlikdə bəyan etmək barədə düşüncələrimizi paylaşdıq".

Prezident deyib: "Regionda baş verən məlum hadisələr və terrorizm təhlükəsi ilə bağlı iki ölkənin təhlükəsizlik və kəşfiyyat sahəsində bir-biri ilə əməkdaşlıq etməsi, informasiya mübadiləsi aparması barədə razılığa gəldik. Regionda baş verən məlum hadisələr, eyni zamanda Suriya məsələsi ilə bağlı ortaq fikirləri paylaşdıq, o cümlədən aidiyyəti qurumların bu məsələlər ilə əlaqədar mütəmadi olaraq məsləhətləşmələr keçirmələrinə dair ortaq razılığa gəldik. Biz, o cümlədən belə bir ortaq fikrə gəldik ki, regiondakı məsələlərin həllinin yeganə yolu siyasi yoldur. Bu məsələlərin hərbi yolla həllinin perspektivi yoxdur. Biz bugünkü görüşlərdə ikitərəfli münasibətlərlə yanaşı, iki ölkənin üçtərəfli formatda əməkdaşlıq məsələlərini də müzakirə etdik. Bu formatlara daxildir: İran-Türkmənistan-Azərbaycan, İran-Azərbaycan-Rusiya, İran-Azərbaycan-Gürcüstan və İran-Azərbaycan-Türkiyə.

Cənab Prezident İlham Əliyevə və onu müşayiət edən nümayəndə heyətinə bir daha İrana “xoş gəldiniz” deyirəm".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm