• USD 1,7000 0,00% EUR 1,8744 0,00%
    • GBP 2,1898 0,00% RUB 0,0266 0,00%

Ankara necə “həbs” edilir? - PYD-ABD-Rusiya-Suriya ittifaqının Türkiyə PLANI

  • Nida.az
  • 24 Fevral 2016 14:11
  • 2 457 Baxış
Ankara necə “həbs” edilir? - PYD-ABD-Rusiya-Suriya ittifaqının Türkiyə PLANI

Xəbər verildiyi kimi, Rusiya və ABŞ fevralın 22-də Suriyada atəşkəs barədə razılığa gəlib. Razılığa əsasən Suriyada döyüş əməliyyatları fevralın 27-dən dayandırılmalıdır. Amma İŞİD və “Ən-Nüsra” Cəbhəsi qruplaşmalarına qarşı əməliyyatlar davam etdiriləcək.

Dünən Suriya prezidenti Bəşər Əsəd tərəfindən də qəbul olunan atəşkəsin məqsədi nədir?

Publika.az xəbər verir ki, bu suala cavab verməyə çalışan türkiyəli yazar Taha Dağlı Suriyada ABŞ, Rusiya və Suriyanın PYD terror təşkilatı ilə ittifaq yaratdığını bildirib.

“Gizlətmirlər, əksinə, rəsmi olaraq elan edirlər. ABŞ Rusiya, Suriya və PYD terror təşkilatı ilə ittifaq qurub. Suriyada müharibə 5 ildir davam edir. Beş ildən sonra Amerika ilə Rusiyanı eyni çətir altında hansı məqsədlər bir araya gətirdi? Bu ittifaqın Suriyada 2 təməl hədəfi var. Birincisi, Türkiyənin cənub sərhədi boyunca Şimali İraqdan Aralıq dənizinə çıxan dəhlizdir. Bu dəhliz neft və təbii qazın ixracı marşrutudur. İkinci isə bölgədəki neft və təbii qaz ehtiyatlarıdır”, - o qeyd edib.

PYD-nın nəzarətində olan Suriyanın şimalında hazırda gündəlik 153 min barel neft çıxarıldığını bildirən Taha Dağlı təxminən 240 trilyon kubmetr təbii qaz ehtiyatının olduğunu vurğulayıb: “2008-ci ildə Suriyanın şimalında və xüsusilə də Haseke bölgəsinin ətrafında yeni təbii qaz ehtiyatları tapılıb. Dəməşq ilə çoxillik əlaqələri olan Rusiya təbii qaz ehtiyatlarının tapılmasından sonra Suriyaya enerji sərmayələri qoydu. Bu gün İŞİD-dən neft alan Corc Hasvani və şahmatçı olaraq tanınan İlyumjinov (Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlyumjinov – red.) 2008-ci ildə Moskva və Dəməşq arasında enerji razılaşmalarının imzalanması ilə bölgəyə göndərildi. Ruslar bu razılaşmalarla Suriyadakı enerji ehtiyatlarının tam sahibi mövqeyinə gəldi”.

Taha Dağlı qeyd edir ki, PYD-ABD-Rusiya-Suriya ittifaqı başda Haseke olmaqla Rojava və Cəzirə kantonlarındakı neft və təbii qaz ehtiyatlarını bölüşdürməyə başlayıb. O, buna mane ola biləcək yeganə gücün Türkiyə olduğunu və Türkiyəyə edilən hücumların kökündə də məhz bu amilin dayandığını bildirib.

Hazırda Türkiyə ilə sərhəddə yerləşən Şimali Suriyanın tamamilə kürdlərin əlinə keçməsi və “kürd dəhlizi”nin tamamlanması təhlükəsi var. Belə ki, İraq kürd muxtariyyətinin nəzarətində olan Şimali İraq sərhədindən Suriyanın Kobani vilayətinə qədər olan ərazilər kürdlərin nəzarətindədir. Kürdlər həmçinin Suriyanın şərqində yerləşən Afrin kontonuna nəzarət edir. Kobanidən Afrin kontonuna qədər olan ərazilərin böyük qismi İŞİD-in, kiçik bir zolağı isə mülayim Suriya müxalifətinin əlindədir. Hələbin Azez vilayətini əhatə edən bu ərazilər Türkiyə ilə sərhəddir. Türkiyəni burada Öncüpınar sərhəd-keçid məntəqəsi ayırır.

Rəsmi Ankaranın açıqladığı “qırmızı xətt”lərdə PYD-nin Fərat çayını keçməməsi əsas müddəadır. İddialara görə, Ankara Vaşinqtona da xəbərdarlıq edib ki, kürd qüvvələr Fərat çayının Qərbinə keçəcəyi təqdirdə Türkiyə ordusu dərhal hərbi müdaxilə edəcək.

Lakin indiki halda görünən odur ki, Ankaranın xəbərdarlığı okeanın o tayında diqqətə alınmır. ABŞ rəsmi şəkildə bəyan edib ki, PYD İŞİD-lə mübarizədə Vaşinqtonun əsas müttəfiqlərindən biridir. ABŞ İŞİD-ə qarşı mübarizədə PYD-ni (Türkiyə tərəfindən terror təşkilatı kimi qəbul edilir) silahdıracağını deməkdən də çəkinmir. Və ehtimal etmək olar ki, ABŞ Türkiyə-Suriya sərhədindəki strateji məntəqələrdən biri hesab olunan Cerablusun İŞİD-in əlindən alınaraq kürdlərin əlinə keçməsinə yardım edəcək və beləliklə “kürd dəhlizi”nin tamamlanması üçün növbəti addım atacaq.

Əlavə edək ki, ABŞ-ın “kürd dəhlizi” planı indiyə qədər bu bölgə üçün qurulan bütün ssenarilərin onurğa sütunu hesab oluna bilər. Son məqsəd Türkiyə ilə ərəb dünyası arasında birbaşa əlaqənin yox edilməsi və yuxarıda da deyildiyi kimi bölgənin enerji ehtiyatlarının “kürd dəhlizi” ilə dünya bazarına çıxarılmasıdır. Türkiyənin isə hazırkı dönəmdə bu plana müqaviməti olduqca azdır.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR