Ömür Çelikdönmez: “Ankara terroru ilə Azərbaycana da mesaj verdilər”
Bizi izləyin

Nida.az

Ömür Çelikdönmez: “Ankara terroru ilə Azərbaycana da mesaj verdilər”

“Fevralın 17-də törədilən Ankara terroru Türkiyə ilə yanaşı, qardaş Azərbaycanı da yaxından maraqlandıran məsələdir. Xüsusilə 2014-cü ildən başlayaraq Rusiyanın bölgədəki donanma və hərbi gücünü artırması, regionda siyasi tarazlığın pozulması və enerji təhlükəsizliyi məsələsinin aktuallaşması baxımından bu terror aktı diqqətlə izlənilməlidir”.


Bu barədə Publika.az-a açıqlamasında türkiyəli politoloq Ömür Çelikdönmez deyib.


Onun sözlərinə görə, Şərq və Qərb, Şimal və Cənub arasında keçid bölgəsi olan Cənubi Qafqaz Avrasiyanın əhəmiyyətli enerji və tranzit koridorudur: “Türkiyə bu regionda təhlükəsiz koridor yaratmaq üçün həmişə çalışıb. Türkiyəyə qarşı təhdidlər, eyni zamanda, bu bölgəyə də təhdiddir. Həmçinin, bölgədə həll olunmamış Dağlıq Qarabağ, Cənubi Osetiya və Abxaziya kimi xroniki böhranların olması regional ixtilafları gücləndirir, həm də Avrasiyanın təhlükəsizliyinə təhlükə olaraq qalır. Cənubi Qafqazın təhlükəsizliyi, müstəqilliyi və rifahı Türkiyə üçün xüsusi önəm daşıyır. Ankara regionda ölkələrinin iştirakı ilə geniş əməkdaşlığın qurulmasını istəyir. Buna görə də həmin ölkələrin müstəqilliyini, ərazi bütövlüyünü və iqtisadi inkişafını dəstəkləyir. Bu da regionda marağı olan Rusiya və İran kimi gücləri narahat edir”.


Ö. Çelikdönmez qeyd edir ki, Türkiyənin Cənubi Qafqazda nüfuzunun güclənməsinə qarşı Rusiya Suriya məsələsindən çıxış edərək, Türkiyəni kənarda saxlamaq siyasəti yürüdür.


“Rusiya diplomatiyası və gizli kəşfiyyat xidmətlərinin bu siyasətdə kürd kartını oynadığı məlumdur. Bu kontekstdə Şimali İraq Kürd Muxtariyyətinin təzyiq etdiyi PKK-nın Qəndildəki mərkəzini Ermənistana köçürmək istəyi diqqət çəkir. Bu məsələdə Rusiya da dəstək verir. Çünki Moskva PKK-nın gücündən istifadə edərək, Ermənistanın regionda əsas güc olmasına çalışır. Artıq məlumdur ki, erməni diasporu PKK ilə təmaslar qurub və terrorçular əvvəlcə Avropaya gedəcək, daha sonra Ermənistana gələcəklər. Onları da Azərbaycan sərhədində və Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında yerləşdirəcəklər. Konkret desək, işğal altındakı Laçın rayonunda yerləşəcəklər. Burada PKK-nın Ermənistana daşınması ilə bölgədə qeyri-sabitliyin yaranmasının paralellik daşıdığı diqqətdən yayınmamalıdır. Digər tərəfdən, Ermənistan üzərindən Türkiyəyə hücum edən PKK-ya qarşı Ankaranın keçirəcəyi əməliyyatlar başqa ölkəyə qarşı hücum etmək kimi qiymətləndiriləcək”, - deyə politoloq bildirib.


Ö. Çelikdönmez bildirir ki, Suriyada Türkiyə ilə üz-üzə gələn Rusiya Ermənistan üzərindən Ankaranın müttəfiqi Azərbaycanı sıxışdırmağa çalışır və Ermənistanı sürətlə silahlandırır.


Politoloq Ankara terrorunun Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın Azərbaycan səfərinin təxirə salınmasına səbəb olmasına diqqət çəkərək, bildirib ki, terrorun arxasındakı qüvvələr türk liderin Bakı səfərinin baş tutmamasında da maraqlı ola bilərdi: “Burada enerji amilinə diqqət çəkmək lazımdır. Hesab etmək olar ki, Rusiya Türkiyəni Suriyadan vurmaqla 45 milyard dollarlıq Cənubi Qafqaz Təbii Qaz kəməri ilə “Şahdəniz-2” yatağındakı qazın Türkiyə və Avropaya daşınmasının əngəlləmək istəyir. Çünki bu layihənin gerçəkləşməsi ilə Rusiya böyük bir bazar itirəcək”.


Onun sözlərinə görə, proseslərin analizi Ankara terrorunun Azərbaycan üçün da təhlükəli mesajlar olduğunu deməyə əsas verir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm