İran səfəri: İlham Əliyev Sarkisyanı “ofsayda” saldı - TƏHLİL
Bizi izləyin

Nida.az

İran səfəri: İlham Əliyev Sarkisyanı “ofsayda” saldı - TƏHLİL

Prezident İlham Əliyevin İrana gözlənilən səfəri reallaşdı və iki dövlət 11 sənəd imzalamaqla əməkdaşlığı daha da möhkəmləndirdi. Azərbaycan və İranı bir çox tarixi amillər birləşdirir. Bu baxımdan, ikitərəfli münasibətlərin daha geniş mərhələyə daşınması zərurəti təbiidir. Digər tərəfdən, son geosiyasi situasiya, həmçinin, regionda cərəyan edən proseslər fonunda Azərbaycan liderinin Tehrana getməsi və bu ölkə rəhbərliyi ilə birbaşa təmas qurması vacib idi.


Azərbaycan lideri Sarkisyanı necə qabaqladı?


Sanksiyaların ləğvindən sonra bütün region dövlətlərinin, həmçinin, regionda maraqlı olan güclərin İran bazarında paya sahib olmaq rəqabəti başlayıb. Azərbaycan və Ermənistan arasında da bu rəqabət açıq hiss olunur. Prezident İlham Əliyev Tehrana səfər etməklə Ermənistan prezidenti Serj Sarkisyanı bu məsələdə qabaqladı. Çünki Sarkisyan İranla iqtisadi əməkdaşlıq məsələlərini öz hökumət üzvləri ilə müzakirə etdiyi vaxtda, Azərbaycan lideri hazır əməkdaşlıq planı ilə artıq Tehranda idi. Bunu erməni politoloqları da açıq etiraf edirlər.

İranla iqtisadi əməkdaşlıq Azərbaycana bir çox aspektdən xeyirlidir:

1. İran qonşu dövlətdir və ikitərəfli ticarət əlaqələrin genişlənməsi üçün böyük miqdarda məbləğə ehtiyac yoxdur. Hər iki ölkədə ciddi iqtisadi islahatların aparılması, biznes mühitinin yaxşılaşdırılması qarşılıqlı sərmayə qoyuluşu üçün yeni imkanlar yaradır.
Dövlət başçısının səfəri zamanı imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında gömrük məsələlərində qarşılıqlı inzibati yardım haqqında Saziş” də əslində buna xidmət edir. Bu, Azərbaycan və İran sahibkarlarının öz məhsullarını gömrükdən asan şəkildə keçirməsinə, qarşılıqlı ticarət dövriyyəsinin artmasına səbəb olacaq amildir.

2. Azərbaycan sahibkarlarının qonşu ölkədə yeni bazara çıxışı ölkədə qeyri-neft sektorunun inkişafına xüsusi töhfə verəcəyi gözləniləndir. Xüsusilə problem yaşayan Rusiya bazarına çıxış imkanlarının məhdudlaşması fonunda İran bazarı “ikinci nəfəs” deməkdir.


3. Sanksiyalarsız İranla əməkdaşlıq Azərbaycanda turizmin inkişafını da artıracaq. İran turistlərinin Azərbaycana gəlməsini şərtləndirən amillər sırasına ölkəmizin turizm potensialı ilə yanaşı, tarixi və dini yaxınlıq da daxildir. Digər tərəfdən, bir çox dini qadağanın olduğu İranda insanların bir qədər rahat istirahət etməsi üçün qonşu Azərbaycandan yaxşı məkan ola bilməz.

4. İran Azərbaycan üçün həm də yeni əmək bazarıdır. Belə ki, sanksiyalar aradan qalxandan sonra İranın sürətli inkişafı proqnozlaşdırılır. Bu da yeni əmək qüvvəsinə ehtiyac yaranması deməkdir. Bu günə qədər azərbaycanlıların bir qismi üçün Rusiya əmək bazarı rolunu oynayırdısa, indi İran onu əvəzləyə bilər.

5. İranla Azərbaycan arasında maliyyə, bank, sığorta, turizm, əczaçılıq və digər sektorlarda əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı şərait vardır. Dövlət başçısının İranda imzaladığı sənədlər də bu istiqamətdə inkişafı təmin edəcək.


6. İranla yaxınlaşma Azərbaycanın neft-qaz sektoru üçün də yeni imkanlar açır. Hazırda SOCAR bir çox ölkəyə investisiya yatırır. Milli investisiyamızın dəyərləndirilməsi üçün İranın neft-qaz bazarı yeni imkanlar açır. Bununla yanaşı, SOCAR uzun illər təcrid olunmuş şəraitdə yaşayan İrana öz təcrübəsini də “sata bilər”.

7. İranla Azərbaycan arasında neft-qaz sektorunda əməkdaşlıq inkişaf etdiriləcək. Səfər zamanı Xəzər dənizində yerləşən neft-qaz yataqlarının birgə işlənilməsi məsələsinin müzakirə olunması, bu sahədə əməkdaşlığın gücləndirilməsi üçün danışıqların aparılması da bunu deməyə əsas verir.


İqtisadi əməkdaşlıq Azərbaycana siyasi baxımdan da divident gətirə bilər.

a) İrana qarşı sanksiyaların ləğvindən sonra tarix boyu regional güc olmağa can atan Tehranın Bakıya da müəyyən təzyiqlər edəcəyi ehtimalı mövcuddur. Xüsusilə Türkiyənin regiona təsir imkanlarının genişlənməsi fonunda İranın bu gedişi edəcəyi ehtimalı böyüyür. Azərbaycan liderinin səfəri ilə artacaq iqtisadi əməkdaşlıq bu kimi xoşagəlməz siyasi situasiyaları da aradan qaldıra bilər.

b) İranla isti münasibətlərin yaradılması Azərbaycanın balans siyasətinə yeni imkanlar tanıyır. İran Bakı üçün ilk növbədə Rusiyaya qarşı alternativ gücdür. Doğrudur, bu gün Tehran və Moskvanın maraqları bir çox məsələdə üst-üstə düşür, lakin bu yaxınlığın müvəqqəti olduğu da bəllidir.
Digər tərəfdən, Səudiyyə Ərəbistanı ilə yaxşı münasibətlərə malik olan Azərbaycan İranla da eyni məsafəli əlaqələri saxlamaqla öz xarici siyasətini aparmaq niyyətindədir.


Təbii qaz faktoru və tranzit müharibəsi

Prezident İlham Əliyevin Tehran səfərinin arxasında yaxın və uzaq perspektivlərə hesablanmış addımlar bununla yekunlaşmır. Azərbaycan lideri bu səfəri ilə Ermənistanı “ofsaytda” saxlamaq gedişi də etdi. Yuxarıda qeyd etdiyimiz kimi İrəvan rejimi düşünərkən, rəsmi Bakının İranla iqtisadi əməkdaşlıq üçün real addımlar atması prosesin ilk mərhələsidir.

Sonrakı mərhələdə təbii qaz amili ön plana çıxır. Sanksiyalar aradan qalxandan sonra İran qazının Avropaya çıxarılması üçün “tranzit rəqabəti” başlayıb. Lakin Prezident İlham Əliyevin gündəmində qaz rəqabəti ilə bağlı yaxın və uzaq perspektiv olduğunu deyə bilərik.


Yaxın perspektiv

Azərbaycanın ən çətin vaxtlarında təbii qazla təchiz etdiyi Gürcüstan Rusiya ilə yanaşı, İrandan da əlavə qaz almağı düşünür. Azərbaycan rəsmilərinin, hətta Prezident İlham Əliyevin Tiflisə səfər etməsinə baxmayaraq, gürcülərin danışıqları davam etdirməsi bu məsələdə razılığın əldə olunmadığını göstərdi. Görünür, Bakı Tiflisin öz qaydaları ilə oynamaq yolunu seçib. Yəni onun qaz almaq istədiyi İranla danışıqlar aparır və İran qazı Azərbaycandan keçərək Gürcüstana çatdırılır. Bu, həm tranzit haqqının əldə olunması, həm də Gürcüstan üzərində təsiredici qüvvəyə sahib olmaq deməkdir. Ermənistanın da Gürcüstana tranzit xətti olmaq istəməsi Bakını bu məsələdə təxirəsalınmaz addım atmağa vadar edir. Dövlət başçısının Tehranda bu məsələni müzakirə etdiyini hesab etmək olar.


Uzaq perspektiv

İran qazının Avropaya çıxarılması məsələsi Azərbaycan üçün uzaq perspektiv olsa da mühüm məqamlardan biridir. Dünyada təbii qaz ehtiyatlarına görə ilk sıralarda olan İran öz ehtiyatlarını Avropaya çıxarmaqda israrlıdır. Rusiya qazından tamamilə imtina etməyi düşünən Avropanın da İran qazına ehtiyacı var. İndiki məqamda Suriyada Rusiya ilə eyni cəbhədən çıxış edən İranın yaxın dövrdə Moskvaya alternativ olacağı gözlənilən deyil. Amma müəyyən müddətdən sonra İran qazının Avropaya çıxarılması aktuallaşacaq.

Tehran rəsmiləri öz qazının Fars körfəzindən çıxarmaq niyyətində olduğunu bəyan edib, lakin Azərbaycanın müəllifi olduğu TANAP-TAP layihələrinə qoşulmağı da istisna etməyib. İndi Bakı Tehranı onun üçün də əlverişli olan marşruta salmaq istəyir. Lakin regionda toqquşan Ankara-Tehran maraqları bunun gerçəkləşməsini bir qədər sual altına qoyur. Məhz bu aspektdən çıxış edən Ermənistan İran qazı üçün ən yaxşı marşrut olduğunu iddia etməkdədir. Doğrudur, İran qazının Ermənistan üzərindən Avropaya çıxarılmasını əngəlləyən bir çox obyektiv səbəblər var. Bunu yaxşı anlayan İrəvan rəsmiləri iki il öncə ortaya atdıqları bu iddianın arxasınca getmədilər. Amma son günlər ermənilər “köhnə məsələni” yenidən qaldırıb. Buna səbəb Gürcüstanın Rusiya ilə yaxınlaşmaq üçün atdığı addımlardır. Ermənilər hesab edirlər ki, İran qazı Ermənistan üzərindən Gürcüstana çıxır, oradan həm gürcülər “ehtiyacları” olduğu qazı alır, həm də Qara dəniz üzərindən Avropaya çıxarılır. İlk baxışdan, cəlbedici görünən bu versiyanı araşdıranda onun mümkünsüzlüyünü əsaslandıran ciddi amillər ortaya çıxır:

- Rusiya öz nəzarətində olan Ermənistan torpaqlarından ona qarşı istifadə edilməsinə imkan verməz.

- Avropa indiyə qədər dəstəklədiyi Cənub Qaz Dəhlizi layihəsinə qarşı bu həmləni istehlakçı olaraq qəbul etməz.

- İranın mövcud qaz kəmərini deyil, əlavə vəsait xərcləyərək, Ermənistana kəmər çəkməsi və öz təbii resurslarını Qara dənizin təhlükəli sularının taleyinə buraxması inandırıcı deyil.


Deməli, İranın bir müddətdən sonra Avropaya çıxarmağı nəzərdə tutduğu təbii qazını TANAP-TAP kəmərinə vuracağı ehtimalı böyükdür. Tehran rəsmilərinin təbii qazı Fars körfəzi ilə daşımaq niyyətlərinin gerçəkləşməsi də çətin görünür.

“National İranian Gas” şirkətinin rəhbəri Əli Rza Kameli ötən ay mətbuata açıqlamasında bildirmişdi ki, variantlardan biri “İran LNG” terminalının tikintisidir: “2012-ci ildə İrana qarşı sanksiyaların sərtləşdirilməsinə qədər terminalın tikintisi 40 faiz başa çatdırılmışdı. Digər variant Fars körfəzinin dibi ilə Omana qədər boru kəmərinin tikilməsidir. Hansı ki, bu ölkə Avropaya yanacağın çatdırılması infrastrukturuna malikdir. Oman iki il ərzində boru kəmərinin tikintisinə razılaşır”.

İranda bu variantı dəstəkləyənlər olsa da, onun perspektivləri sual altındadır.

Birincisi variant: mayeləşdirilmiş qazın çatdırılması üçün lazım olan terminalların tikintisi olduqca bahalıdır. Hətta İran bu terminalı inşa etsə belə, qazı tankerlə daşıdığı Avropa ölkəsinin də bu terminalı olmalıdır.


İkincisi variant: Bu versiya inandırıcı görünə bilər. Belə ki, fars körfəzinin dibi ilə Omana kəmər çəkilir və bu ölkənin mövcud infrastrukturu ilə Avropaya çıxarılır. Amma burada Səudiyyə Ərəbistan faktorunu unutmaq olmaz. Ər-Riyad İranın onun sərhədləri yaxınlındakı ölkə ilə bu qədər yaxın əlaqələr qurmasına, qazını onun vasitəsilə Avropa bazarına çıxarmasına icazə verəcəkmi? İran-Səudiyyə qarşıdurmasının indiki mərhələsində bu sadəcə mümkünsüz görünür. Həmçinin, ərəb ölkələrinin Ər-Riyadın təsiri altında olduğunu düşünsək, Omanın da buna cəsarət edəcəyi real deyil.

Bu baxımdan, İran üçün ən sərfəli və təhlükəsiz marşrut Cənub Qaz Dəhlizi layihəsinə qoşulmaqdır. Rəsmi Bakının İranla hazırki yaxınlaşmasının arxasındakı mühüm məqamlardan biri də budur.

İranı Azərbaycana sıx tellərlə bağlayacaq bu layihə Dağlıq Qarabağ münaqişəsində də Bakının əlini gücləndirə bilər. Əslində Azərbaycan liderinin Tehran səfərində bu məsələnin müzakirə çıxarıldığı ehtimalı böyükdür. Çünki Tehranın bu və ya digər şəkildə Ermənistanla yaxınlığı danılmaz faktdır. Ermənilərin müxtəlif “xəyallar” qurması da buradan qaynaqlanır. Bakı Tehranı məhz bu siyasətdən çəkindirməyə çalışır ki, ikitərəfli iqtisadi və həyati amil daşıyan bir sıra məsələlərdə əməkdaşlıq bunun reallaşmasına səbəb ola bilər. Prezident İlham Əliyevin Tehranda Dağlıq Qarabağ münaqişəsindən danışarkən, “Bu münaqişənin kökündə dini ayrı-seçkilik də dayanır” deməsi Tehrana bu yöndə açıq mesaj idi.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm